2750 illik tarixi olan Səmərqəndə dünyanın ən qədim şəhərlərindəndir. Makedoniyalı İskəndər və İsmayıl Samani, Çingiz xan və Əmir Teymurun taleləri bu şəhərlə bağlıdır. Hindistan, İran və Çin arasında yerləşən Səmərqənd Əmir Teymurun dövründə dünyanın ən böyük paytaxtlarından biri olub.
Böyük Teymurun dünyanın hər tərəfindən, o cümlədən Azərbaycandan gətirdiyi sənətkarlar, heykəltəraşlar, xəttatlar Səmərqəndi açıq səma altında muzeyə çeviriblər. Qur-Əmir, Uluğbəy mədrəsəsi, Bibi Xanım mavzoleyi, Registan meydanı, Aksaray mavzoleyi, İmam əl-Buxari memorial kompleksi, Həzrət-Xızır məscidi, Şahi-Zində, Ruxabad mavzoleyi.... saymaqla bitməz.
Qədim Səmərqəndin çoxsaylı mavzoleyləri arasında Xoca Daniyarın məqbərəsi xüsusilə fərqlənir. Bu, müsəlmanların Xoca Daniyar, xristianların Daniil, yəhudilərin isə Daniel adlandırdığı məqbərədir. Daniyar peyğəmbərin nəşi burada dəfn edilib. Dünyada müsəlmanları, xristianları və yəhudiləri bir məkanda birləşdirən tək-tək ziyarətgahlardandır. Xristianlıqda Daniil “Müqəddəs Peyğəmbər” sayılır. İudaizmdə də Daniel peyğəmbər kimi qəbul edilir. Bibliya kitablarından birinin Danielin yazdığı iddia olunur. Bu ziyarətgaha Amerika, Avropa, İsrail, Rusiya və müsəlman ölkələrindən çoxlu zəvvarlar gəlir.
Daniyar peyğəmbər bizim eradan əvvəl 603-cü ildə Müqəddəs torpaqda anadan olub. İvritdən tərcümədə onun adı “Hakim Allah” və ya “Allah mənim hakimimdir” mənasını verir. Daniyar Davud şah və Süleyman peyğəmbərin nəslindən gəlir. Qüds Navuxodonosorun qoşunları tərəfindən işğal edildiyi zaman Daniyar da digərləri ilə birlikdə Vavilona aparılır. Bu şəhərdə o, məktəbə gedir, müxtəlif elmləri, o cümlədən astronomiyanı və yuxuyozmalarını öyrənir. Məktəbi uğurla bitirdikdən sonra onu şahın xidmətinə verirlər. Məhz sarayda Daniyarın yuxuyozma istedadı üzə çıxır. Dəfələrlə Navuxodonosorun yuxularını doğru yozduğu üçün şah onu özünə məsləhətçi götürür. Daniyarın öncəgörmələrinə görə, Vavilon dağılır, o özü isə mövqeyini qoruyub saxlayır, bir müddət Kir və Daranın məsləhətçisi olur. Lakin onun paxıllığını çəkən saray əyanları Daniyara böhtan atırlar və şah onu şirlər olan zindana salır.
Müqəddəs Daniyarın duaları və Allahın rəhmi sayəsində zindandakı şirlər ona toxunmur, sakitcə ətrafında gəzirlər. Bunu görən Dara öz əməlindən peşman olur, Daniyarı azad edir, ona qara yaxanları isə zindana salır.
Kirin hakimiyyəti zamanı Daniyar onu əsirləkdəki yəhudiləri azad etməyə razı salır. Həmin dövrdə Daniyar öncəgörmə barədə 14 hissədən ibarət kitab yazır. İxtiyar çağında Daniyar Suza (müasir İran ərazisində şəhər) gedir və orada da vəfat edir.
Daniyar peyğəmbərin nəşinin Səmərqəndə gətirilməsi ilə bağlı hekayətlər və əfsanələr çoxdur. Onların ən məşhuru Əmir Teymurun adı ilə bağlıdır.
Yürüşlərinin birində Əmir Teymur Kiçik Asiyaya gedir və Suz şəhərini mühasirəyə alır, lakin şəhəri məğlub edə bilmir, bu, böyük sərkərdəni çox təəccübləndirir. Belə ki, Əmir Teymur hücum etdiyi bütün şəhər və dövlətləri işğal edir, öz imperiyasına qatırdı. O zaman ağsaqqalalr ona deyir ki, Suzu Daniyar peyğəmbərin ruhu qoruyur. Bu zaman böyük sərkərdədə Səmərqəndə sülh və sabitlik gəlməsi üçün Xoca Daniyarın nəşinin bir hissəsini Səmərqənddə dəfn etmək ideyası yaranır. Əmir Teymur Suzun hökmdarına xəbər göndərir ki, Daniyarın sağ əlini ona versə, şəhəri tərk edib gedəcək. Razılığa gəlirlər. Bundan xəbər tutan Suz ruhaniləri Xoca Daniyarın nəşinin bir hissəsinin Səmərqəndə aparılmasına razı olmurlar. Onlar bildirirlər ki, Səmərqəndə gedib Daniyarın sağ əlini yenidən öz yerinə qaytaracaqlar.
Əmir Teymurun ordusu və Daniyarın sağ əlinin yükləndiyi at Səmərqənd yaxınlığında, Siab çayının sahilində qəflətən durur, sonra at ayağı ilə yerə vurur və oradan suyu müalicəvi olan bulaq axmağa başlayır.
Əmir Teymur göstəriş verir, bulağın yaxınlığında, təpənin üstündə 18 metr uzunluğunda qəbir qazılır, Xoca Daniyarın sağ əli dəfn olunur. Daniyarın sağ əlinin qəbrin hansı tərəfində dəfn edildiyini isə bir adam bilirmiş, o da tezliklə vəfat edir. Qəbrin üstündə böyük məqbərə tikilir, yaxınlıqda məscid inşa edilir. Bu məkan elə o vaxtdan ziyarətgaha çevrilir.
Digər bir versiyaya görə, bu məzarda Tabba peyğəmbər yatır. Bu haqda Səmərqənd şeyxi Xoca Abdu-Darun belə yazır: “Allahın peyğəmbəri Ceyhun (Amudərya) çayını kecib Səmərqəndə gəldi. Çox mahir falabaxan idi. Şəhər əhalisinin böyük hörmətini qazanmışdı.Ərəbcə onu Tabba naibi (Tabba peyğəmbər) çağırırdılar. O. Səmərqənddə yaşadı və burada da vəfat etdi”.
Daha bir əfsanəyə görə isə mavzoleydə Kusama ibn Abbasın tərəfdaşı Xoca Daniyal dəfn edilib. Bu haqda tarixçi Abu-Tahir Xoca özünün “Samariya” kitabında məlumat verir. O yazır ki, Xoca Daniyal Kusama ibn Abbasla birgə İslamı yaymaq məqsədilə Səmərqəndə gəlmişdi.
Müxtəlif versiyalara baxmayaraq, bu abidə dünyada Xoca Daniyar Mavzoleyi kimi tanınan, ildə minlərlə zəvvarın gəlib şəfa dilədiyi müqəddəs bir məkandır.
2001-ci ildə Səmərqənd və bu qədim şəhərin tarixi memarlıq abidələri, həmçinin Xoca Daniyar Mavzoleyi və kompleksi “Səmərqənd –mədəniyyətlərin yol ayrıcı” adı ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qulu Kəngərli,
“Xalq qəzeti”
Səmərqənd