Akademiya sisteminin hər bir qurumunda başlıca hədəf təkcə elmi nailiyyətlərin qazanılması deyil, həm də onun həyata vəsiqə almasıdır. Dəqiq elmlərdən fərqli olaraq, humanitar təmayüllü sahələrdə uğurlar əsasən elmi-tarixi araşdırmalar, nəzəri təhlillər əsasında müvafiq konsepsiyaların hazırlanması, konfranslar, kitab nəşrləri ilə reallaşdırılır. Bu baxımdan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun builki çalışmaları da diqqətəlayiqdir.
90 yaşlı Ədəbiyyat İnstitutunda ilin ilk yarısında elmi və elmi-təşkilati fəaliyyətə dair hesabat müzakirə edilib və ötən müddətin müsbət tendensiyaları qeyd olunub. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görülmüş işləri dəyərləndirib və qarşıda duran vəzifələrə diqqəti cəlb edib. İnstitutun elmi katibi – filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının təqdim etdiyi hesabatda bildirilib ki, Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq institut çoxsaylı beynəlxalq və respublika səviyyəli elmi konfranslar, sessiyalar keçirib, əməkdaşlar müxtəlif tədbirlərdə məruzələr ediblər. “Heydər Əliyev İli”nə töhfə olaraq 6 kitab çap edilib.
İlin əvvəlindən 49 kitab və monoqrafiya, 46-sı xaricdə olmaqla 524 məqalə çap olunub. Türkiyənin Fırat Universiteti ilə əməkdaşlıq çərçivəsində elmi əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyət üzrə anlaşma memorandumu imzalanıb. Həmçinin institutun 14 əməkdaşı dünyanın müxtəlif ölkələrində keçirilmiş toplantı və konfranslarda iştirak edib. Bundan başqa, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı oktyabr ayında keçiriləcək “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq işləri davam etdirilir.
Hesabat dövründə institutda 6 magistrant dissertasiya işini uğurla müdafiə edib. 3 əməkdaş elmlər doktoru, 7 doktorant fəlsəfə doktoru elmi dərəcəsini, 4 alim isə dosent elmi adını alıb. Sosial şəbəkələrdə Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının elmi-tədqiqat resurslarının populyarlaşdırılması istiqamətində görülmüş işlər də təqdirəlayiqdir.
Sonra akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, professorlar Vüqar Əhməd, İmamverdi Həmidov, Tahirə Məmməd və başqaları çıxış ediblər. Həyatımızın bədii inikası, ədəbiyyatın inkişafına təsir edən ictimai-siyasi və mədəni amillər kontekstində çağdaş ədəbi proses nəzərdən keçirilib.
Ə.ƏLİYEV,
“Xalq qəzeti”