Budaq Budaqovun uzaqgörənliyi özünü tamamilə doğruldur

post-img

2003-cü ilin əvvəlləri idi. Ulu öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə yazı hazırlamaq üçün onu şəxsən tanıyan ziyalıların bəziləri ilə görüşürdüm. Növbəti həmsöhbətim akademik Budaq Budaqov idi. O, açıqlamasında Heydər Əliyevin ölkəmizə həm 1969–82-ci illərdəki rəhbərliyinin müxtəlif məqamlarını xatırlatmış, həm onun siyasi fəaliyyətinin Moskva və  Naxçıvan dövrünü yada salmış, həm də müasir müstəqil Azərbaycanın bəlalardan qurtarmasının o qədər də asan məsələ olmadığını bir neçə dəfə vurğulamışdı. 

Ancaq akademikin fikirləri arasında mənə daha maraqlı gələn ifadə belə idi: “Əminəm ki, Heydər Əliyevin 100 illik yubileyi dünya miqyasında qeyd ediləcək”. 2023-cü ilin ilk aylarından bəri dünyanın müxtəlif ölkələrindən gələn “Heydər 
Əliyev ili ABŞ-da da qeyd edildi”, “Çində Heydər Əliyev ili münasibətilə tədbir”, “Moskvada ulu öndərin 100 illiyi münasibətilə sərgi keçirilib” kimi xəbərləri oxuyanda mərhum akademikin bəsirətinə heyran qalır, ona rəhmət oxuyuram.

*** 

Budaq Budaqov böyük alim, görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, həm də xalqa, dövlətə, elmə, mədəniyyətə sadiq  vətəndaş, sadə insan idi. Yadımdadır, o, bir dəfə bizim şöbənin müdiri Telman Heydərova  geniş bir yazı göndərmişdi. Redaksiya rəhbərliyi məsləhət bilmişdi ki, həmin yazı qəzet səhifəsinin yarısı qədər saxlanılsın. Telman müəllim yazını deyilən şəkildə ixtisar etdi və akademikə zəng elədi ki, ixtisardan sonrakı variantı oxumaq istəyirsinizmi? Budaq müəllim cavab verdi ki, Telman Heydərovun ixtisar etdiyi yazını oxumağa ehtiyac yoxdur.

 Biz yazını katibliyə göndərmək istəyirdik ki, Budaq müəllim bir də zəng etdi: “Telman (onların çox yaxın dostluq münasibətləri var idi) , xahiş edirəm o yazını ver, İttifaq Mirzəbəyli də oxusun. Çünki mən onun yazılarını tez-tez oxuyuram, o da mənim yazımı heç olmazsa, bir dəfə oxusun. Hər halda iki nəfər oxusa, daha yaxşı olar”. 

Akademikin bu fikri mənim üçün böyük qiymət olsa da, ürəyimdə narahat oldum ki, Telman müəllim inciyə bilər. Amma inciməyini hiss eləmədim. Aradan xeyli keçəndən sonra akademiklə hansısa tədbirdə görüşdük və mən həmin diqqət və etimada görə minnətdarlıq etdim. Sonra soruşdum ki, siz Telman müəllimi incitməyəcəyinizi nədən bilirdiniz? Dedi: “Mən Telmanı 60-cı illərdən tanıyıram. Bir-birimizi o qədər incitmişik ki... O, dağlar oğludur. Hər sözdən inciməz”. 

***

Budaq müəllimlə bir dəfə də “Respublika” Sarayında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi münasibətilə keçirilən beynəlxalq tədbirdə   görüşmüşdük. Onun xanımı, mərhum alim  Zərifə Budaqovanın yaxın qohumlarından olan “Komsomol Yusif” Ermənistandan qovulandan sonra bizim kənddə yaşamışdı. Sonradan Yusif kişinin övladlarından qız almış, onlarla qohum olmuşduq. Budaq müəllimlə bu barədə danışırdıq. Bu məqamda az tanınan qəzetlərdən hansınınsa xanım müxbiri akademikə yaxınlaşaraq soruşdu ki, ölkənin belə  ağır vəziyyətində bu qədər xarici alimlərin Bakıya dəvət edilməsinə nə ehtiyac var idi? 

Akademik gülümsündü: “O sualın cavabını zaman verəcək. Ancaq mən başqa bir faktı sizə xatırladım. Beynəlxalq aləmdəki  siyasətçilərin bəziləri  Heydər ­Əliyevin dünyanın diqqətini Azərbaycana yönəltmək istiqamətindəki uğurlarını sevinclə, bəziləri  həsədlə, qalanları isə paxıllıqla qarşılayırlar. Elə siz də Heydər Əliyevin işlərinə qarışmayın”. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

Sosial həyat