“Söz” bölgə deyil, ölkə jurnalı oldu

post-img

...Xalq şairi Məmməd Araz Lənkəranda yaşayıb-yaradan Şəkər Aslanın şeirlərini təqdir edərək yazmışdı ki, sən bölgə şairi deyil, ölkə şairisən. İndi bu fikri elə Şəkər Aslanın 30 il əvvəl təsis edib yadigar qoyduğu “Söz” jurnalının da haqqında demək olar. 30 ildən bəri mütəmadi nəşr olunan, əhatə dairəsi ilə bölgə hüqudlarını çoxdan aşmış bu ədəbi-publisistik jurnal rəngarəng mövzuları ilə seçilən, sevilə-sevilə oxunan mətbu orqandır. 

Şəkər Aslandan sonra həmkarı­mız Sevda Əlibəylinin baş redaktoru olduğu "Söz" jurnalı 10 il əvvəl Prezi­dent təqaüdünə layiq görülüb. Həm­çinin "Rəsul Rza" mükafatı, "Dədə Qorqud" və "Qızıl qələm" media mü­kafatı mətbu orqanlar arasında ilk dəfə olaraq "Söz" jurnalına verilib. Müəlliflərinin sevdalı könülləri ədəbi varislik ənənələrini yaşadıb, vaxtaşarı ünlü söz adamlarından – akademik, professor, şair və yazıçılardan, lap elə ilk qələm təcrübələrini təqdim edən gənc istedadlardan bəhs edən bir-bi­rindən maraqlı, zövq oxşayan yazıları ilə “Söz”ü urvata mindiriblər. 

Xalq yazıçısı Anar, Xalq şairi Nə­riman Həsənzadə, akademik Rafael Hüseynov , Əməkdar jurnalist Əflatun Amaşov və başqaları “Söz” haqqında öz ürək sözlərini həvəslə dilə gətirib, jurnalın yaradıcı heyətinə davamlı uğurlar arzulayıblar. Uzun illər Mətbu­at Şurasının sədri olmuş Ə.Amaşov ölkəmiz müstəqillik əldə etdikdən sonra çox sayda mətbu orqanların işıq üzü gördüyünü xatırladaraq de­yib: “Həmin dövrdə Ədliyyə Nazirli­yində 500-dən çox qəzet və jurnalın qeydiyyatdan keç­məsinə baxmayaraq, təəs­süf ki, onların bəziləri 1, 5 və ya 10 il yaşadı. Obyektiv və subyektiv səbəblərdən o mətbu orqanlar nəşrlərini dayandırdılar. Ancaq o vaxt­dan bəri yol gələn bir dərgi var: “Söz” jurnalı”. Bundan sonra da davam etdirəcə­yinə əminəm”.

Şəkər Aslanın yadigarı olan “Söz”ün cəfakeş baş redaktoru Sevda Əlibəylinin dediyinə görə, unudulmaz şair jurnalın cəmi 6 sayını imzalaya bilib, bu gün o, “Söz”ün mənəvi atası sayı­lır.

Akademik, millət vəkili Rafael Hüseynovun 30 yaşlı jurnalla bağlı dedikləri: “Sö­zü”ün diqqəti ən əvvəl bir bölgəyə yönəldərək həmin istinad nöqtəsindən Azər­baycana üz tutması da çox doğru və məntiqlidir. Zamanında məşhur “Fövc ül-füsəha” məclisi Lənkəranda fəa­liyyət göstərsə də, tək Cənub bölgə­sinə üz tutmamışdı ki! Mirzə İsmayıl Qasirin, Molla Ələkbər Acizin, Mirzə İsa Xəyalinin, Hüseynqulu Şurişin və digərlərinin qələm təcrübələri bütün Azərbaycan üçün idi.

30 illik yolu boyunca “Söz” həm Lənkəranın ədəbi-mədəni həyatını la­yiqincə işıqlandırmağı, o tərəflərdəki söz həyatını salnamələşdirməyi, həm də bütöv Azərbaycanınkı olmağı ba­carıb. “Söz” bir böyüdücü şüşə kimi Lənkəran və ətrafındakı ədəbi-mədə­ni mühiti bizə daha yaxın etmək və­zifəsinin öhdəsindən layiqincə gəlib və gəlməkdədir”. 

Akademikin dediklərinə əlavə olaraq, “Söz”ün cəfakeş yazarlarını jurnalın 30 illik yubileyi münasibətilə təbrik edirik, həmkarlarımıza gərəkli fəaliyyətlərinin dördüncü onilliyində daha böyük uğurlar arzulayırıq.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət