Dünən AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 115 illik yubileyinə həsr edilmiş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.
Elmi məclisdən əvvəl Mir Cəlalın əsərlərini əks etdirən kitab sərgisi ilə tanışlıq olub. Sərgi Azərbaycan Milli Kitab-xanası tərəfindən təşkil edilib.
Elmi sessiyanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bildirib ki, unudulmaz ədibimiz Mir Cəlalı fərqləndirən başlıca cəhət onun universal, çoxcəhətli fəaliyyətə malik olmasıdır. O, yazıçı, ədəbiyyatşünas, publisist, pedaqoq kimi məşğul olduğu bütün sahələrin peşəkarı olub. Mir Cəlalın yaşadığı dövrü ideallaşdırmadan, sərt kommunist rejiminin ideologiyasını təbliğ etmədən yalnız obyektiv gerçəkliyi, insanın real həyatını, obyektiv gerçəkliyi meydana qoyduğunu deyən AMEA prezidenti ədibin bu dəst-xətinin roman, povest, satirik-yumoristik əsərlərində də müşahidə olunduğunu söyləyib..
İsa Həbibbəyli alimin “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası ilə şairin poetikasına dair nadir bir əsəri meydana qoyduğunu deyib, Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” mövzusunda mükəmməl doktorluq işi ilə Azərbaycanda ədəbi məktəblərin tarixinə nəzər yetirdiyini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, Mir Cəlal həm də görkəmli pedaqoqdur və onun “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri bu gün də ali məktəblərdə tədris olunur.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktorları, dosent Aslan Salmansoy “Səməd Vurğun və Mir Cəlal”, professor Asif Rüstəmli “Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”, filologiya elmləri doktoru İsmayıl Kazımov “Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Füzuli sənətkarlığı” və “Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, Dilarə Adilova “Mir Cəlal hekayələrində müasirlik” və Fidan Rzayeva “Mir Cəlal yaradıcılığı səhnədə” mövzularında məruzələrlə çıxış ediblər.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə elmlər doktoru Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxışlarda indiyədək məlum olmayan məsələlərə toxunulduğunu, belə təd-qiqatların davam etdirilməsinin gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracağını bildirib.
Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları və əməkdaşları iştirak ediblər.
“Xalq qəzeti”