Azərbaycanda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri

post-img

Mayın 17-də Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri – 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri fəaliyyətə başlayıb.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov sayca 16-cı olan bu sərginin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib. Nazir qeyd edib ki, müstəqil Azərbaycan dövləti­nin, eyni zamanda, Azərbaycanda aqrar sahənin inkişafı ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin aqrar siyasəti Prezidenti İlham Əliyev tərə­findən uğurla davam etdirilir. Ölkəmiz­də bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, beynəlxalq sərgilərdə kənd təsərrüfatı və qida sahəsində məhsul və xidmətlərin nü­mayiş etdirilməsi yeni işgüzar əlaqələ­rin qurulmasına və genişləndirilməsinə imkan verəcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin kiçik və orta bizneslərin (KOB) satış imkanla­rının genişləndirilməsi, məhsul və xid­mətlərinin tanıdılmasında önəmini qeyd edib. Çıxış edən digər natiqlər Bakı sərgilərinin aqrar sahənin və qida sə­nayesinin inkişafına göstərəcəyi önəmli köməyi vurğulayıblar.

Sərgilərdə, ümumilikdə, 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus Respublikası, Gürcüstan, İtaliya, Niderland Krallığı, Şri-Lanka, Rusiya Federasiyasının re­gional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qrup­lar iştirak edirlər.

Üç gün davam edəcək “Caspian Agro” sərgisi zamanı kənd təsərrüfa­tı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq. Sərginin əsas is­tiqamətlərindən birini “yaşıl kənd təsər­rüfatı” təşkil edir. Bu mövzu sərgi çərçi­vəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda da gündəmdə olacaqdır. “InterFood Azerbaijan” sərgisi isə key­fiyyətli malları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında bir­başa əlaqə yaratmaq məqsədi daşıyır.

“Caspian Agro” və “InterFood Azer­baijan” sərgilərində KOBİA dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məh­sul və xidmətlərini təqdim edirlər.

Sərgi günlərində Aqrar İnnovasiya­lar Forumu keçiriləcək. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliye­vin uğurlu aqrar siyasəti”, “Kənd təsər­rüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsər­rüfatı”, “Rəqəmsal kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək. 

Sərgilər çərçivəsində dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah – Qızıl Yüz­lük” III Milli Kulinariya Çempionatı təşkil ediləcək.

“Xalq qəzeti”

Sosial həyat