Azərbaycan–Türkiyə futbol əlaqələrində yeni mərhələ

post-img

İki fikir ola bilməz: Azərbaycan– Türkiyə futbol əlaqələrində yeni mərhələ başlamışdır və bu, hər iki qardaş ölkədə dünyada 1 nömrəli idman növü olduğunu çoxdan təsdiq etmiş futbolun daha da inkişafına öz töhfələrini verəcək, münasibətlərin zənginləşməsində mühüm rol oynayacaqdır. İki dost ölkə təmsilçilərinin istər Azərbaycanda, istərsə də Türkiyədə keçirdikləri və keçirəcəkləri yoldaşlıq görüşlərinin, birgə tədbirlərin sayı artdıqca təcrübə də, uğurlar da çoxalacaq.

Bu il martın 26-da Bakı Olimpiya Sta­dionunun tamaşaçılarla dolu tribunaları qarşısında Azərbaycan Premyer Liqası və Türkiyə Superliqasının liderləri – Ağ­damın "Qarabağ" və İstanbulun "Qalata­saray" komandaları arasında keçirilmiş xeyriyyə matçının (1:2) necə parlaq id­man bayramına çevrildiyi xatirələrdə hələ təzədir. Beynəlxalq Futbol Federasiyası­nın azərbaycanlı hakimi Əliyar Ağayevin idarə etdiyi görüşdən əldə olunan vəsa­itin qardaş ölkədə baş vermiş zəlzələ­dən əziyyət çəkənlərə yardım fonduna yönəldilməsi futbolun xeyirxahlığa xidmət edən idman növü olduğunun, çətin gün­lərdə möhkəm birliyin, sarsılmaz həmrəy­liyin növbəti təsdiqi idi.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa stadionun tribunasın­dan oyunun gedişini izləmələri qardaşlıq görüşünə dövlətimiz tərəfindən böyük əhəmiyyət verildiyini bir daha sübut edir­di. Nəticədə, Azərbaycan və Türkiyə milli bayraqlarının əsl dostluq nümunəsi kimi bütün 90 dəqiqə ərzində al-əlvan tribuna­larda tamaşaçıların əllərində yanaşı dal­ğalanması ilə müşayiət edilən və möh­təşəm bayram tamaşasına çevrilən oyun iki qardaş ölkənin futbol əlaqələrində yeni mərhələyə start verdi.

Bu mərhələnin ilk və çox mühüm ad­dımı, "Qarabağ" – "Qalatasaray" görüşü dost-rəqiblərin baş məşqçiləri Qurban Qurbanov və Okan Buruk münasibət­lərində də zəruri məqamdır. Gələcək əlaqələrdə onlar bir-birindən çox şey öy­rənə bilərlər.

Həmin oyundan heç iki ay keçməmiş, mayın 13-də isə futbol tariximizdə növ­bəti əlamətdar hadisəyə sevindik. İstan­bulun digər nəhəng klubu, 1903-cü ildə yaradılmış və artıq bir əsrlikdən də çox tarixə malik "Beşiktaş"ın Bakıya səfəri, hələ çox gənc, yenicə adını futbol alə­minə tanıtdırmağa başlamış 2017-ci il "təvəllüdlü", yəni, cəmi 6 yaşlı "Sabah" ilə görüşü Azərbaycan–Turkiyə futbol əlaqələrinin yeni mərhələsində ikinci cid­di təşəbbüs idi.

Yüksək məşqçilik bacarığı heç kimdə şəkk-şübhə doğurmayan Şenol Günəşin və onun futbolçularının paytaxtımızda böyük sevgi və coşqu ilə qarşılanması, azarkeşlərin hələ Bakı Hava Limanında qonaqlara böyük rəğbətlərini gül-çiçəklə, alqış sədaları ilə bildirmələri, oyunu işıq­landırmaq üçün Türkiyədən xeyli jurnalis­tin gəlməsi də çox şeydən xəbər verirdi. Ən başlıcası isə, təkrar edək ki, əlaqələ­rimizin yaxşı gələcək vəd edən yeni mər­hələsində ikinci addımın ilk cəhdə dəstək olması çox vacib məqamdır. Yaxın keç­mişdə "Xəzər Lənkəran"ın, "Qarabağ"ın, eləcə də, "Beşiktaş"ın baş məşqçisi olmuş türkiyəli təcrübəli mütəxəssis Rasim Karanın matçdan əvvəl bizim azərisport-a verdiyi müsahibədə belə oyunların adi hal alması barədə fikri də iki qardaş ölkə futbolu arasında möhkəm və daimi əlaqələrin vacibliyini təsdiq edir.

Güman etmək olar ki, bu oyunla hər iki klubun rəhbərliyi, xüsusən də artıq əmin olduğumuz kimi, yüksək iddialarla yaşayan "Sabah"ın istedadlı gənc baş məşqçisi Murad Musayevlə onun "Be­şiktaş"dakı zəngin təcrübəli həmkarı Şe­nol Günəş arasında da hər iki mütəxəs­sis üçün çox gərəkli ola biləcək yaxşı əlaqələr yaranmışdır.

Tofiq Bəhramov adına Respublika Stadionunda azarkeşlərə birdən-birə 6 qol sevinci, 2 penalti həyəcanı, ilk beş dəqiqədə eyni qapıya 2 erkən qol heyrəti yaşadan və "dinc" nəticə ilə (3:3) başa çatan "Sabah" – "Beşiktaş" qarşılaşması göstərdi ki, belə oyunlarda qazanılan cüzi təcrübə belə, gələcəkdə hər iki klubun xeyrinə olar. Həmin görüşlərin keçirilmə­sinə səbəb olan əlaqələrin Azərbaycan­da da, Türkiyədə də milli çempionatların inkişafına əlavə təkan verəcəyi şübhəsiz­dir.

Azərbaycan və Türkiyənin futbol ko­mandaları arasında beynəlxalq yoldaşlıq görüşlərinin qədim tarixi var. Statistika təsdiq edir ki, hələ 63 il əvvəl, 1960-cı il iyulun 11-də "Neftçi" Bakıda "Qalatasa­ray"ı qəbul etmiş və azarkeşlər həmin axşam dörd qolun şahidi olmuşlar. İstan­bul klubunun 3:1 hesabı ilə qalib gəldiyi görüşdə bakılılardan yeganə qolun müəl­lifinin Kamil Eynullayev olduğu da tarixin "yadındadır". 

Sonralar da hərdən belə oyunlar ke­çirilmişdir. Ancaq əlaqələrin təzəcə start götürmüş yeni mərhələsi xüsusi məna daşıyır və onun təsir gücü daha aydın hiss olunacaq. Yaxın gələcəkdə "Qala­tasaray" və "Beşiktaş"dan sonra Türkiyə klub futbolunun digər nəhəngləri "Fənər­baxça"nı, "Trabzonspor"u, habelə başqa təmsilçilərini də ölkəmizdə görə bilərik. Eləcə də Azərbaycan komandalarının yoldaşlıq görüşləri üçün Türkiyəyə daha tez-tez səfərə çıxa biləcəkləri ehtimalı gündən-günə artır. Bu isə o deməkdir ki, iki qardaş ölkənin futbol əlaqələrinin yeni mərhələsi tərəflər üçün daha faydalı ola­caq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman