Hələ ötən əsrin 20-ci illərindən Azərbaycanda xarici dillərin tədrisi önəmli hesab edilmiş, Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər kafedrası və onun əsasında fakültə yaradılmışdır. Daha sonra isə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. Bəli, həmin tarixdən artıq 75 il keçir. Dövlətimiz, o cümlədən, dünyanın bir çox ölkələrinə kifayət qədər potensiallı kadr hazırlayan Azərbaycan Dillər Universitetinin indi 75 yaşı var və bu təhsil ocağı hazırda dünyanın müasir standartları ilə ayaqlaşmağa çalışaraq, qapılarını tələbələrinin üzünə geniş açır.
Mədəni ruhu, pozitiv atmosferi ilə seçilən bu universitet qədim ənənələri qorumaqla yanaşı, Şərq mədəniyyətini və Qərb təfəkkürünü özündə cəmləşdirir. Əbəs yerə ADU-nu Şərqlə Qərbin qovşağında olan bir təhsil ocağı adlandırmadıq. Burada aparıcı dünya ölkələrinin – Almaniya, Fransa, İtaliya, İspaniya, Koreya, Amerika, Yaponiya, İndoneziya, Avstriya və s. ölkələrin mərkəzləri fəaliyyət göstərir. Tələbələr müvafiq ixtisaslar üzrə seçdiyi ölkəni yalnız nəzəri biliklər əsasında deyil, həm də aidiyyatı olan mərkəzlərdə o ölkənin mühitini, ənənələrini və ab-havasını duyaraq, həmin ölkələrin səfirləri və nümayəndələri ilə tez-tez görüşərək təhsil alırlar.
Fərəhlə vurğulamaq lazımdır ki, son dövrlər ADU-nun multikultural əlaqələri akademik Kamal Abdullayevin sayəsində daha da genişlənmişdir. Burada Serbiya, Macarıstan, Pakistan, Yunanıstan kimi ölkələrin mərkəzləri də fəaliyyət göstərməyə başlamışdır. Yeni yaradılmış mərkəzlərdən Erməni Araşdırmalar Mərkəzinin isə rolu 44 günlük Vətən savaşında daha çox önəm kəsb etmişdir. Bundan başqa, 2018-ci ildən bəri Serbiyada, İndoneziyada, Rusiyada, Çində və Pakistanda açılmış Azərbaycan dili mərkəzləri, əslində, yalnız ADU üçün deyil, həm də bütöv Azərbaycan üçün əhəmiyyətli addımdır. Həmin mərkəzlərdə fəaliyyət göstərən ADU mütəxəssislərinin məqsədi yalnız Azərbaycan dilinin tədrisi deyil, həmçinin Azərbaycan mədəniyyətinin, tarixinin tanınmasına, o cümlədən, ölkənin maraqlarının qorunmasına xidmət edir. 2018-ci ildə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə fəxri doktor diplomunun verilməsi üçün məhz ADU-nun seçilməsi də universitetin nüfuzunun göstəricilərindəndir. Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanın digər ali təhsil müəssisələri arasında ilk olaraq, ADU-ya publik hüquqlu şəxs statusu verilməsi də ölkə başçısının universitetə olan diqqətinin göstəricisidir.
L.Berne demişkən, alim bank xəzinədarına oxşayır, onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. Dillər Universitetinin alimləri, müəllimləri də əllərində xəzinə açarı daşıyırlar. O açarlar ki, dünyanın müxtəlif ölkələrində xəzinələri açmaq potensialına malik kadrlardır. Danılmaz faktdır ki, bu universitetin yetirmələri istər tərcüməçi, istər siyasətçi, istər tədqiqatçı kimi bir çox ölkələrdə çalışırlar. Hazırda Azərbaycanın digər təhsil ocaqlarında xarici dillər üzrə fəaliyyət göstərən kadrların da böyük əksəriyyəti ADU-nun payına düşür.
Bütün dünyanı hazırlıqsız saran koronavirus pandemiyası zamanı tədris prosesinin pozulmaması məqsədilə ADU-da elektron kitabxana, Pdf. dərs vəsaitləri tələbələrə əlçatan olmuş, informasiya texnologiyaları, virtual məkanın idarə olunması üzrə təkmilləşdirilmə təlimləri keçirilmişdir. Bununla yanaşı, artıq universitetin elektronlaşdırılması istiqamətində əsaslı addımlar atılmış, növbəti tədris ilindən etibarən elektron jurnal, tələbə-müəllim kabineti və s. innovativ yeniliklərin tətbiqinin nəzərdə tutulmasını isə şəffaflığın artmasına xidmət edəcək nüanslardan biri kimi dəyərləndirmək olar.
Bu gün Essex və Strazburq universitetləri ilə ikili proqramlar Erasmus + və Mövlanə kimi mübadilə proqramlarını həyata keçirən ADU TURFLİ proqramı, CLS yay məktəbi, OPI təlimi və s. kimi beynəlxalq təlim və tədris layihələrində iştirak tədrisin keyfiyyətinə xidmət edir.
Sokrat deyirdi ki, təhsil bir qığılcımla atəşi yandırmaqdır, boş bir qabı doldurmaq deyil. Bu baxımdan da təhsilin səmərəliliyinin təşkili məqsədilə, universitetin potensiallı qığılcımlarını atəşə çevirmək üçün mütəxəssislərin cəlb olunduğu ixtisasartırma kursları, beynəlxalq konfranslar, Nizami layihəsi və PETRA layihəsində iştirak da son beş ildə ADU-nun inkişafı baxımından atılan önəmli addımlardandır. 2017–2018-ci illərdə şəxsən iştirak etdiyim Beynəlxalq PETRA layihəsi Azərbaycan, İspaniya, Finlandiya, Türkiyə, Macarıstan və Avstriyadan, ümumilikdə, 14 universitet ilə birlikdə Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır. Müxtəlif ölkələrin universitetlərində təşkil olunan seminarlardan ən əsası isə 2018-ci ilin iyun ayında Finlandiyada təşkil edilənlər idi. Çünki bu seminarlar hələ xəbərsiz olduğumuz, 2020-ci ildə dünyanı bürüyəcək koronavirus zamanı xüsusi önəm kəsb edəcək distant təhsilə həsr olunmuşdu. ADU-nu təmsil edən mütəxəssislər olaraq, biz, artıq 2018-ci ildə distant təhsil – elektron təhsil – elekron kitabxana – elektron laboratoriyaların yaradılması, müəllim və tələbələr üçün xüsusi bir portal olan MOODLE-nin seçilməsi, dərs materiallarının, qiymətləndirmə meyarlarının, tələbələrin iştirakının hətta müzakirəsinin bu portalda izlənməsi mexanizminin izahatı ilə tanış olmuşduq.
Bütün bu qeyd etdiklərimizin, bəlkə qeyd etməyi unutduqlarımızın fonunda ADU-da son dövrlərdə rektor, akademik Kamal Abdullayev tərəfindən aparılan islahatlar, innovativ addımlar bu gün 75 yaşını qeyd edən universitetin təbriki üçün ən gözəl hədiyyələrdir. Yeri gəlmişkən, beynəlxalq arenaya doğru irəliləmənin təsdiqi olaraq, Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq universitetimizin QS beynəlxalq reytinq cədvəlində 301-340-cı yerə layiq görülməsi münasibətilə bütün universitet kollektivini və rektor, akademik Kamal Abdullayevi ürəkdən təbrik edirik.
Yetmiş beş yaşlı ADU-nun gövdəsi ilə budaqlarını müqayisə etdikdə, onun böyük bir inkişaf yolu keçdiyini görməmək mümkün deyil. Yazın gəlişi ilə çiçəklənən tumurcuqlar kimi universitetin inkişafı və müəllim-tələbələrin rifahı üçün atılan hər bir addım və yenilik gələcəyin meyvələrindən, faydalı bəhərindən xəbər verir.
Vüsalə AĞABƏYLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
P.S. “Xalq qəzeti”nin kollektivi də Azərbaycan Dillər Universitetinin 75 yaşını təbrik edir, ADU-nun professor-müəllim heyəti və tələbələrinə uğurlar arzulayır.