Azərbaycan və Rusiyanın gəncləri “Kür”də görüşürlər

post-img

Mayın 17-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” öz işinə başlayıb. 

Vaxtaşırı olaraq keçirilməsi ənənəyə çevrilmiş forum Azərbaycan Respublikasının və Rusiya Federasi­yasının Dövlət Himnlərinin səsləndi­rilməsi ilə açılıb. Sonra iştirakçılara Azərbaycanın Gənclər paytaxtı seçilən Mingəçevir şəhəri haqqında məlumat verilib və ardınca çıxışlar dinlənilib. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimdə gənclər­lə yanaşı, 120 qonaq, o cümlədən 66 nəfər Rusiya Federasiyası təmsilçisi də iştirak edir. Ölkələrimizin tanınmış dövlət və ictimai xadimləri də tədbirə qatılıblar. 

Forumda Azərbaycan Respubli­kasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, elm və təh­sil nazirinin müavini Firudin Qurba­nov, Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini Konstantin Moqilyovski, Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə Regi­onlararası və mədəniyyət əlaqələri Departamentinin təmsilçisi Pavel Kuz­netsov çıxış edərək iki ölkənin qarşı­lıqlı əlaqələrdən danışıb və forumun işinə uğurlar arzulayıblar. 

Mingəçevir şəhər İcra Hakimiyyəti­nin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq tədbirin önəmini açıqla­yıb: “Gənclərlə iş Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu gün gənclərimiz ictimai həyatın bütün sahələrində kifayət qədər fəal­dırlar. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə daya­nıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev öz çıxışlarında daim gənclərin ictimai-siyasi və hu­manitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, ye­niliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir”. 

Mərasimdə bildirilib ki, ötən il döv­lətlərimizin başçıları arasında çox mühüm sənəd – Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imza­lanıb. Bu, iqtisadi və mədəni sahələr­də, həmçinin siyasi platformada yaxın­lıq üçün yeni üfüqlər və imkanlar açan çox mühüm sənəddir. Bu baxımdan məhz “Nur şəhəri”ndə belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Çünki indi­ki vaxtda gənclərin daha sıx qarşılıqlı fəaliyyət göstərmələri, işgüzar ünsiy­yətdə olmaları xüsusilə vacibdir. 

Birgə sosial-mədəni layihələrin dəstəklənmə mexanizmləri, layihələrin uğurlu variantları və başqa mövzularda təqdimatlarla zəngin olan forum öz işini mayın 19-da başa çatdıracaq. 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat