Ölkəmiz süni intellekt ideyalarına əsaslanan yeni sosio-texnoloji inkişaf mərhələsinə keçid ərəfəsindədir

post-img

(əvvəli qəzetin 2023-cü il 17 may nömrəsində)

– Rasim müəllim, qeyd etdiniz ki, süni intellekt texnologiyalarının təsiri ilə bütün dünyada, həmçinin ölkəmiz­də tamamilə yeni xüsusiyyətlərə malik əmək bazarı formalaşır. Bu da, əlbəttə ki, müasir biliklərə malik yüksəkixti­saslı kadrların hazırlanmasını zəruri edir. Ölkəmizdə bu istiqamətdə hansı işlər görülür? 

– Ölkəmizdə müasir dövrün çağırış­larına adekvat yeni nəslin formalaşması üçün texnoloji biliklərə, bu biliklərin əsas­larını təşkil edən riyaziyyat, fizika, kimya və digər elmlərə böyük ehtiyac yaranır. Başqa sözlə, rəqəmsal transformasi­yalar ölkə təhsilinin də qarşısında yeni vəzifələr qoyur, müvafiq dövlət orqanları vətəndaşların İKT sahəsində minimum biliklərə malik olması, texnoloji və infor­masiya mədəniyyətinin formalaşması is­tiqamətində tədbirlər həyata keçirirlər. 

Məlum olduğu kimi, ölkəmizdə Elm və Təhsil Nazirliyi tərəfindən STEAM (Science, Technology, Engineering, Art and Math – red.) layihəsi həyata keçirilir. Bu layihə elm, texnologiya, mühəndis­lik, yaradıcılıq məharəti və riyazi bilikləri özündə əks etdirən modern təhsil kon­sepsiyasıdır. Layihənin əsas məqsədi şagirdlərdə texnoloji biliklərə həvəs ya­ratmaq, onların innovativ texnologiya­lardan istifadə qabiliyyətini yüksəltmək və gələcəkdə dəqiq elmlər sahəsində ali təhsil almaları üçün imkanlar təqdim etməkdir. Ölkənin ümumtəhsil məktəblə­rində müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər STEAM layihəsi çərçivə­sində müxtəlif tədbirlər həyata keçirirlər. 

Elm və Təhsil Nazirliyi bu istiqamət­də, həmçinin “Sabahın alimləri” kimi çox qabaqcıl, böyük əhəmiyyətə malik res­publika müsabiqəsi təşkil edir. Ölkəmizdə ali məktəb tələbələri və orta təhsil müəs­sisələrinin şagirdləri yerli və beynəlxalq səviyyəli sərgilərdə, yarışlarda iştirak edirlər. 

Misal olaraq qeyd edim ki, ötən ilin may ayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında ölkəmiz tərəfindən təqdim olunan ekspo­natlar və layihələrin əksəriyyəti süni intel­lekt texnologiyalarına əsaslanırdı. 

Bu gün ölkənin ali təhsil sistemində də süni intellekt sahəsində kadr hazırlı­ğına xüsusi diqqət yetirilir, yeni ixtisaslar açılır. Eyni zamanda, Azərbaycanın ən istedadlı şagird və tələbələrinin “Gənc­lərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli universi­tetlərində İKT və süni intellekt sahəsində oxumaları üçün şərait yaradılır. Hesab edirəm ki, bütün bu addımlar, dünyada gedən rəqəmsal transformasiya proses­lərinə uyğun olaraq yeni nəsil kadrların hazırlanması yaxın zamanlarda öz bəh­rəsini verəcəkdir. 

Əminliklə demək olar ki, süni intellekt texnologiyaları, kompüter elmləri, onunla əlaqəli olan proqram mühəndisliyi, kom­püter mühəndisliyi və digər İKT profilli ix­tisaslar ölkəmizdə sürətlə populyarlaşır. Sevindirici haldır ki, xüsusən, son illərdə əksər valideynlər gələcəkdə övladlarının kompüter elmləri istiqamətində təhsil al­maları üçün səy göstərirlər. 

– Şübhəsiz, bütün bunlar ölkənin inkişafı və strateji potensialının güc­ləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Lakin süni intellekt texnologi­yalarının inkişafı ilə əlaqədar müəyyən risklərin yaranması da proqnozlaşdırı­lır və bu da cəmiyyətdə müəyyən na­rahatlıqlar doğurur. Bu haqda düşün­cələrinizi öyrənmək istərdik.

– Əlbəttə, süni intellektin və digər rəqəmsal texnologiyaların tətbiqi və in­kişafı ilə bağlı risklərin yaranmasına dair mülahizələrlə razılaşmaq olar. Çünki istə­nilən texnologiyanın meydana gəlməsi ilə onun yaratdığı risk və təhlükələr də ak­tuallaşır, onun müsbət tərəfləri ilə yana­şı, mənfi cəhətlərinə də diqqət yetirmək zərurəti yaranır. Sadəcə olaraq, müvafiq risklərin haradan qaynaqlandığını dərin­dən araşdırmaq, anlamaq və müəyyən tədbirlər görmək lazımdır. Digər tərəfdən, risklərin yaranmasının başlıca səbəblə­rindən biri bütün bu proseslərin virtual məkanda baş verməsi ilə bağlıdır. 

Xüsusilə də, Əşyaların İnterneti tex­nologiyalarına əsaslanan kritik infrast­rukturlarda bu risklər daha çoxdur. Çünki kritik infrastrukturlara kənardan müdaxilə edilməsi, onların fəaliyyətinin dayandırıl­ması və s. ilə bağlı başqa ölkələrdə bəzi mənfi təcrübələr də vardır. Bu baxımdan, müvafiq sahədə həyata keçirilən dövlət siyasəti və aparılan əsaslı islahatların Azərbaycan alimləri və texnoloqlarının qarşısında qoyduğu yeni vəzifələri rəh­bər tutaraq, ölkədə kibertəhlükəsizlik və kiberdayanıqlılıq məsələlərinə xüsusi diqqət göstərmək lazımdır. 

Ümumiyyətlə, hər növ yeni texnologi­yalarda müəyyən boşluqlar və çatışmaz­lıqlar olur. Rəqib və ya düşmən tərəf də bundan istifadə edərək, ölkəyə, müxtəlif qurumlara və vətəndaşlara ciddi ziyanlar vura bilər. Məsələ burasındadır ki, ki­bertəhlükələrin özləri də intellektuallaşır. Yəni, bütün bu intellektual texnologiya­lar, eyni zamanda, bədniyyətli insanların əlində çox güclü vasitəyə, silaha çevri­lir. Ona görə də, ölkənin bu istiqamətdə kibertəhlükəsizliyinin təmin olunması, kiberdayanıqlılığının daha da yüksəldil­məsi üçün aidiyyəti qurumlar, alimlər və mütəxəssislər intellektual potensialını səfərbər edərək kompleks işlər həyata keçirirlər. 

Məlumdur ki, süni intellekt texnologi­yaları ən mürəkkəb funksiyaları üzərinə götürür və bu funksiyaları həyata ke­çirərkən süni neyron şəbəkələri əsasın­da qurulan dərin təlim metodlarından istifadə edir. Smart texnoloji mühitdə ge­nerasiya olunan biliyin, qərarın özünün əldə olunmasının qeyri-şəffaflığı və izah oluna bilinməməsi kimi ciddi bir məqam süni intellekt sisteminin gələcəkdə özünü necə aparacağını proqnoz etməyə imkan vermir və bu səbəbdən də ciddi risklər yaranır. 

Enerji, nəqliyyat və s. kimi digər kritik infrastrukturların yenidən qurulması, hə­yati vacib ənənəvi sistem və qurğuların yeni platformaya transformasiya olun­ması, sənayenin modernləşdirilməsi və IV Sənaye İnqilabının tələblərinə uyğun­laşdırılması, hazırda ölkə başçısı tərə­findən bir vəzifə və çağırış kimi alim və mütəxəssislərin qarşısına qoyduğu “yaşıl iqtisadiyyat”ın, “yaşıl infrastruktur”un for­malaşdırılması və s. kimi istiqamətlərdə həyata keçirilən tədbirlər təqdirəlayiq­dir. Bütün bunlar artıq kompleks olaraq, rəqəmsal dövlət platformasında texnoloji innovasiyalara əsaslanan yeni infrastruk­turların kibertəhlükəsizliyi və kiberdaya­nıqlılığının təmin olunması ilə bağlı ciddi işlərin görülməsini zəruri edir.

Əşyaların İnterneti texnologiyala­rının tətbiq olunması insanların həyat və fəaliyyətinə dair fərdi məlumatların mühafizəsi məsələsini də aktuallaşdı­rır. Beləliklə, bütün növ texnologiyaların təhlükəsizliyinin təmini, etibarlı istismar olunması və s. kimi mühüm məsələlər hər zaman gündəmdə olmalıdır. İstənilən texnoloji innovasiyadan bəhrələnməklə yanaşı, onun yaradacağı təhlükələrə qar­şı sistemli mübarizə aparmağa da hazır olmaq lazımdır.

– Süni intellekt texnologiyalarının ictimai həyatın bütün sferalarına də­rindən nüfuz etməsi cəmiyyətdə yeni ictimai münasibətlərin yaranmasına səbəb olur. Bu da ölkənin hüquq sis­teminin təkmilləşməsini, yeni müna­sibətlərin qanunla tənzimlənməsini tələb edir. Bu istiqamətdə ölkəmizdə aparılan işlərin vəziyyəti necədir?

– Əlbəttə ki, müasir çağırışlar, ölkə­miz də daxil olmaqla, bütün dövlətlərin hüquq sisteminin müasir dövrün texno­loji çağırışlarına, həmçinin süni intellekt texnologiyalarına adekvat olaraq inkişaf etdirilməsini zəruri edir.

Ölkəmizdə də müxtəlif dövrlərdə bu istiqamətdə müəyyən normativ-hüquqi sənədlər qəbul olunub. Lakin bu gün ölkəmizdə sürətlə reallığa çevrilən süni intellekt texnologiyaları ilə bağlı yeni qa­nunların qəbul edilməsinə ehtiyac vardır. Çünki insanlar öz gündəlik həyatında və əmək fəaliyyətində dronlar, robotlar və digər müxtəlif qurğular və proqram sistemlərindən istifadə edirlər. Nəzərə almaq lazımdır ki, müasir texnologiyalar cəmiyyətə, insanların sağlamlığına, əm­lakına və s. ziyan vura bilər. Ona görə də Azərbaycanda bu məsələyə diqqət daha da artırılmalı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq normativ-hüquqi baza formalaşdırılmalıdır. 

Əlavə olaraq qeyd edim ki, süni in­tellekt texnologiyaları virtual platformada qlobal xarakter daşıdığı üçün həm ölkə, həm də beynəlxalq səviyyədə ciddi prob­lemlər yarada bilər. Bu səbəbdən dünya ölkələri baş verə biləcək təhlükələrlə bir­gə mübarizə aparmalı, onların qarşısının alınmasında yaxından iştirak etməlidirlər. 

– Rasim müəllim, bu yaxınlarda sizin Fransanın Marsel şəhərində ke­çirilən “İnsan Beyni Layihəsi üzrə Sammit”də (“Human Brain Project Summit: 2023”- red) iştirakınız və səfərin nəticələri barədə verdiyiniz hesabat cəmiyyətdə böyük maraq do­ğurdu. Bu məsələ haqqında bir qədər ətraflı məlumat verməyinizi istərdik. 

– Ümumiyyətlə, süni intellekt texno­logiyalarının təkamülünə diqqət yetirsək, görərik ki, bu texnologiyalar, əsasən, in­sanın təbii intellektindən yararlanır. Süni intellekt texnologiyaları, bir tərəfdən, in­sanların təbii intellektinin davamı, uzan­tısı kimi meydana çıxır, digər tərəfdən, bu texnologiyaların yararlandığı intellekt mənbələrindən biri də bioloji aləmdir. Belə ki, alimlər əvvəlcə təbii neyronla­rın işini öyrəniblər, sonra onun əsasında süni neyron yaradıblar. Yəni, süni neyron şəbəkələri, eləcə də genetik alqoritmlər, qarışqa alqoritmi, süni immun sistemləri və s. bu gün süni intellekt texnologiyala­rının inkişafının əsas qaynaqlarıdır. Bir sözlə, süni intellekt texnologiyaları həm təbii intellektin yaratdığı elmi-nəzəri və praktiki üsullar, həm də real həyatda olan varlıqların fəaliyyət və davranışlarının öy­rənilməsi, təqlid olunması, modelləşdiril­məsi əsasında inkişaf edir. 

Hazırda dünyanın müxtəlif elm sahələri üzrə alimləri artıq beyinin özü­nün təbiəti, mahiyyəti, fəaliyyəti, struktu­ru, onun necə idarə olunması, modelləş­dirilməsi və insan düşüncəsi, təfəkkürü ilə bağlı tədqiqatlar aparırlar. 

Sammitin qarşısında duran məsələlə­ri, əsas etibarilə, iki istiqamətdə qrup­laşdırmaq olar. Birincisi, beyində olan müxtəlif xəstəliklərin araşdırılması və həmin problemlərin aradan qaldırılma­sı üçün süni intellekt texnologiyalarına əsaslanan xüsusi mikroçiplərdən, qurğu­lardan, müxtəlif sistemlərdən istifadəni nəzərdə tutur. Bu, o deməkdir ki, alim­lər ənənəvi tibbi yolla müalicəsi hələlik mümkün olmayan müxtəlif beyin xəstəlik­lərinin (parkinson, epilepsiya, alzheymer və s.) müalicəsi üçün süni intellekt tex­nologiyalarından istifadə etməyi, beyinin ayrı-ayrı funksiyalarının rəqəmsal əkizlə­rini yaratmağı düşünürlər. Alimlər artıq bu məsələ ilə bağlı tədqiqatlar aparırlar və müəyyən elmi nəticələr də əldə edirlər.

Digər bir istiqamət isə beyinin özünün funksiyalarının öyrənilməsi, dərindən təhlil edilməsi, hər hansı bir ideyanı əldə edərək onun süni intellektə transformasi­yasının həyata keçirilməsidir. Yəni, söh­bət insan beyninin funksiyalarını qismən öz üzərinə götürə biləcək yeni nəsil süni intellekt sistemlərindən gedir.

Sammitdə müzakirə olunan mövzular bu gün Azərbaycan alimlərinin də maraq dairəsindədir. Hesab edirəm ki, süni in­tellekt, neyro və koqnitiv elmlərin kəsiş­məsində multidissiplinar araşdırmaların aparılması və yüksəkixtisaslı kadrların hazırlanması məqsədəuyğundur.

– Bəs süni intellektin yaxın gələ­cək üçün perspektivləri haqqında nə deyə bilərsiniz? 

– İnternet meydana çıxan ilk zaman­larda insanlara xidmət etmək, kommuni­kasiya yaratmaq və onların informasiya tələbatını ödəmək üçün nəzərdə tutul­muşdu. Son illərdə isə artıq İnternetin yalnız insanları əhatə etmədiyinin, za­man və məkandan asılı olmayaraq, istə­nilən təyinatlı əşya və qurğuların müxtəlif sensorlar vasitəsilə İnternetə qoşulma­sının şahidi oluruq. Bu imkanlardan ya­rarlanaraq baş verən transformasiyalar kontekstində süni intellekt texnologiyaları cəmiyyətdə yeni reallıqlar yaradır.

Smart sistemlərin, qurğuların, robot­ların yaranması və insanların həyatının tərkib hissəsinə çevrilməsi nəticəsində sivilizasiyanın yeni inkişaf mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Bu səbəbdən son zamanlar V və VI sənaye inqilablarının çox da uzaqda olmadığın­dan bəhs edilir. İnternetin, “hörümçək toru”nun intellektuallaşdırılması, kollektiv süni intellektin yaranması artıq süni intel­lekt texnologiyalarının inkişafının növbəti mərhələsi kimi, bəşər tarixində ilk dəfə olaraq, yeni sosio-texnoloji cəmiyyətin əsasını formalaşdırır. Sosio-texnoloji cə­miyyətdə insanlar robotlarla, yəni birgə fəaliyyət çərçivəsində robotlarla işləyə­cək, onlarla iş yoldaşı olacaqlar ki, bu da yeni münasibətlər, yeni davranış qayda­ları tələb edir. Kollektiv təbii intellekt və kollektiv süni intellektin birgə yaşayışı, bi­ri-biri ilə ünsiyyət qurması, biri-birinə ya­rarlı olması, bəzi hallarda ziyan vurması, müəyyən təhlükələr yaratması nəticəsin­də proqnozlaşdırıla bilməyən müəyyən perspektivlər ortaya çıxa bilər. Təbii ola­raq, bununla bağlı bir sıra futuroloji fikirlər də mövcuddur.

Bildiyiniz kimi, süni intellekt insan həyatına böyük sürətlə daxil olur, cəmiy­yətin inkişafına dəstək verir. Bu zaman müxtəlif əşyalara qoşulmuş sensorlar, videokameralar və s. kimi smart qur­ğulardan böyük həcmli informasiyanın toplanması və emal edilməsi məsələləri aktuallaşır. Artıq mövcud kompüter sis­temləri, serverlər, əlaqə kanalları və s. bu informasiya partlayışının qarşısında acizdirlər. Ona görə də, bütün bu texnolo­ji mühitin özəyi olan informasiyanın emalı məsələlərinə də yeni yanaşmalar ortaya çıxır. Artıq kvant kompüterləri, kvant ser­verləri və s. kimi kvant texnologiyaları informasiya partlayışı şəraitində çıxış yollarından biri kimi qeyd olunur. Hazırda qabaqcıl ölkələrin təcrübəsi kvant texno­logiyalarının böyük strateji əhəmiyyətə malik olduğunu göstərir. Bu baxımdan, kvant texnologiyalarının təkmilləşdirilmə­si və tətbiqi inkişaf etmiş ölkələrin qarşı­sında dayanan prioritet vəzifələrdən biri hesab edilir.

Süni intellekt texnologiyaları, bio­texnologiyalar, biotibbi texnologiyalar, nanotexnologiyalar və s. kimi qabaqcıl texnologiyaların bir-biri ilə çulğalaşması cəmiyyətimiz və gələcəyimiz üçün yeni perspektivlər açır. Xüsusən, tibb sahəsin­də, insan həyatının müxtəlif sferalarında inqilabi yeniliklər proqnozlaşdırılır.

Son olaraq qeyd edim ki, hazırda texnologiyaların “ağıllanması” nəticə­sində superintellektin yaranmasının, onun gələcəkdə insanı üstələyə bilməsi ehtimalının cəmiyyətdə müəyyən müla­hizələr doğurması da təbii haldır. Lakin bu məsələdə realist, eyni zamanda, nik­bin olmaq lazımdır. Belə ki, qlobal inkişaf kontekstində dövlətin texnoloji potensia­lının gücləndirilməsi nəticəsində texnoloji suverenlik təmin olunarsa, bu kimi intel­lektual texnologiyalar bütün sahələrdə ölkənin inkişafına xidmət edər. Odur ki, artıq IV Sənaye İnqilabının vətəndaşları formalaşmalı, cəmiyyətdə texnoloji mə­dəniyyət aşılanmalı, eləcə də insanlar texnologiyaların sürətli inkişaf tempinə uyğun olaraq dayanmadan zəruri texno­loji bilikləri mənimsəməlidirlər. 

“Xalq qəzeti”



Müsahibə