Müəmmalı məktub
Sirr sonda açılacaq
O sənət dahisinin ömründə təəccüblü hesab edəcəyi hadisələr çox az olmuşdu. Bəlkə, heç təəccüblənməmişdi desək, – yanılmarıq. Üzərində "Fransanın böyük gülüş ustasına" sözləri yazılmış məktubu da soyuq tərzdə qarşılamışdı. Baxmayaraq ki, məktubun ünvanına çatması adi məsələ deyildi. Çünki zərfdə əks ünvan göstərilməmişdi. Məktubda nədən söz açılırdı, bunu yazının sonunda biləcəksiniz. Amma zərfin kimə ünvanlandığını bəribaşdan deməliyik. Bu, dünya kinosunun əfsanəsi, böyük gülüş ustası Lui Jerman David de Fünes de Qalarça və ya qısaca Lui de Fünesdir. Lui de Fünes ötən əsrin 70-ci illərində komediya kinemotoqrafının getdikcə daha çox sosial-siyasi satiraya doğru yuvarlandığı bir məqamda meydanda tək idi və nəyin bahasına olursa-olsun, mövqeyini qorumağı bacarmışdı. Bu onun qeyri-adiliyindən, təkrarsız və bənzərsizliyindən irəli gəlirdi.
Uşaqlıq, pulemyot atəşi və "evinə get, arıq!"
Lui de Fünes 1914-cü il iyulun 31-də Paris yaxınlığındakı Kurbevuada anadan olmuşdu. Atası portuqal əsilli Karlos 1924-cü ildə həyat xoşbəxtliyini Venesuelada axtarmağa yollandı. Həmin vaxt on yaşı olan Luini isə Kolemyedəki internat məktəbinə verdilər. Sonralar o, həbsxana kimi qələmə verdiyi bu yerdə, necə qorxulu şəkildə donduğunu illərlə xatırlayacaq, heç vaxt və heç kim tərəfindən baş çəkilməyən uşaq olduğunu yada salacaqdı. Həmin vaxt balaca de Fünes üçün vəziyyətdən çıxış yolu yumor idi.
1925-ci ildə Lui de Fünes ilk dəfə internat-kollecin həvəskarları tərəfindən səhnələşdirilmiş "Kralın hinduşkası" əsərində rol aldı. O, IV Henrixin ordusundakı alayın komandirinin oğlunu canlandırırdı. Balaca Fyu-fyu (Lui internat məktəbində artıq belə adlandırılmağa başlanmışdı – red.) böyük muşketlə səhnəyə çıxanda zalı bitmək-tükənmək bilməyən gülüş sədaları bürümüşdü.
Ötən əsrin 30-cu illəri artıq aktyora çevrilməkdə olan gəncin həyatında ağır tənəffüslərlə yadda qaldı. Atası, sanki, ölmək üçün doğma Malaqaya (İspaniyaya) yollandı və 1934-cü il mayın 19-da dünyasını dəyişdi. Lui ailədə ortancıl olan qardaşı Şarlla daha çox vaxt keçirirdi. Onlar velosipedlə, demək olar, Fransanın yarısını gəzmişdilər. Şarl de Fünes 1939-cu ilin payızında pulemyot atəşindən atılan gülləyə tuş gələrək həlak oldu.
1940-cı ildə Luini orduya çağırdılar və o, Mayidəki hərbi düşərgəyə gəldi. "Qəribə müharibə"nin (İngiltərə və Fransa nasist Almaniyasına qarşı müharibə elan etsələr də, hərbi əməliyyatlara girmədilər. Bu hadisə tarixə "qəribə müharibə" adı ilə daxil oldu – red.) qızğın vaxtında sıravi de Fünes teatr tamaşaya qoymaq ideyasını irəli sürdü və onun təklifi müsbət qarşılandı.
Günün birində hər şey bitdi. Fransız ordusu təslim oldu. Qəribə səhnə yaşandı: döyüşdən qalib ayrılmış nəhəng, bığlı alman zabiti kirin-pasın içərisində yerdə donub qalmış və yazıq görkəm almış Luini gözdən keçirdi və arxasına təpik vuraraq "evinə get, arıq!" dedi.
Manikenlərə paltar geyindirməkdən kinoya doğru
Müharibə illərinin Parisi çoxlarının həyatını zəhərə döndərdi, bir çoxlarını da həyatdan məhrum etdi. Amma şəhər Lui de Fünes üçün gələcəyə tramplin rolunu oynadı. O, yaxınlarının və dostlarının olmadığı doğma, doğma olduğu qədər də yad şəhərdə idi. Burada işə düzəldi – mağazada manikenlərə paltar geyindirməklə məşğul oldu. Sonra Fransa paytaxtının Madlen meydanı yaxınlığındakı "Horizont" barında pianoçu kimi fəaliyyət göstərdi. Barın müştəri heyəti isə kifayət qədər zəngin idi – burjua nümayəndələri və möhtəkirlər, fahişələr, quldurlar, polislər və təbii ki, onlar – alman zabitləri.
Beləcə kino dahisi müxtəlif istəklərə malik kütləni əyləndirmək vəzifəsinin öhdəsindən gəlirdi. Özü də sutkanın 20 saatını işləyirdi. Nəhayət, gün gəlir, Lui düşünür ki, özünü aktyor kimi sınaya bilər. Bu qərara gələrkən, həyat təcrübəsinə güvənirdi. Niyə də güvənməsin, axı azı yarım il Rene Simonun dram kursunda iştirak etmişdi. 31 yaşında, ilk dəfə olaraq, çəkiliş pavilyonunun astanasında dayanmış aktyor fəaliyyətinin ilk on ilində 80 filmdə çəkildi. Onların bəzilərində qrim və kostyumu dəyişməklə, eyni vaxtda bir neçə rol oynadı.
Müharibədən sonra Hollivud tərəfindən, belə demək mümkünsə, boğulmuş fransız kinosu ağır günlərini yaşayırdı. O vaxt imzalanmış məşhur Blyum-Birns (Fransanın baş naziri Leon Blyum və ABŞ-ın dövlət katibi Ceyms Birnsin adından götürülüb – red.) paktına əsasən, Fransa efirinin 75 faizini ABŞ-dan olan lentlər tuturdu. Bununla belə, o dövrün Fransasında, sanki, yeni çəkilmiş filmlər var idi və yerli tamaşaçılar onlara böyük həvəslə yanaşırdılar. Kino tərəqqi edirdi. Məsələn, de Fünes çəkildiyi 80 epizodu özünün mənimsəmə dövrü olaraq göstərsə də, halbuki, sonradan həmin kadrlar tarixə fransız kinokomediyasının brilyant mücrüsü kimi daxil oldu. Düz 17 il "ekranın dördüncü dərəcəli aktyoru" statusunda olan kino dühasının o zamankı qısa rolları o qədər ideal idi ki, onlar indinin özündə də yeni fəaliyyətə başlamış aktyorlar üçün təcrübə rolunu oynamaqdadır.
Lui qayğılı Parisdəki və ona yaxın əyalətlərdəki kino zallarında anşlaq yaratmağı bacarırdı. İnsanlar yenicə tanınmaqda olan aktyoru sevir, ona rəğbətlə yanaşırdılar. "Komediyanın kralı", "ulduz", "ölkənin ən yaxşı klounu" kimi qəzet başlıqlarındakı epitetlərin isə ardı-arası kəsilmirdi. De Fünes isə deyirdi ki, nə ulduz olmağı düşünüb, nə də Çarli Çaplin və ya Bester Kiton kimi böyük aktyora çevrilməyi ağlından keçirib. Yaxşı gülüş ustası olmağı arzulayıb. "Hələliksə, özümü gülüşün fəhləsi sayıram" deyən de Fünes bu fikirlərini məşhur "Fantomas"ın, "Böyük gəzinti"nin və digərlərinin meydana çıxmasından və bir andaca meqa hitə çevrilməsindən sonra səsləndirmişdi.
Azərbaycan tamaşaçısı və de Fünes
Lui de Fünes ilk dəfə Azərbaycanın da tərkibində yer aldığı keçmiş SSRİ-nin ekranlarında 1953-cü ilin avqustunda Jak Pinotonun "Onlar beş idilər" filmində göründü. Növbəti üç onillikdə Sovet İttifaqının əhalisi onun iştirakı ilə 27 kino əsərinə tamaşa etdi. Ölkənin kinofestivallarında, eləcə də fransız kino həftəliklərində aktyorun çəkildiyi daha 13 film nümayiş olundu. Bunlar görünməmiş rəqəmlər idi və sovet seyrçisinə onun qədər yaxın gəlməyi bacaran xarici aktyora daha rast gəlinmədi. De Fünesin hər rolu sevilir, böyük çoşğu ilə qarşılanırdı. Öz ampluasına sadiq sovet tənqidşünaslığı isə bildirirdi ki, Luinin komik maskası altında hər şeyə qadir fransız burjuaziyasının, yaxşı halda isə yüz faizlik orta fransızın gerçək siması dayanır.
60-cı illərin sonu idi. Ulduzluq eyforiyası dövrü ömrünü başa vurmaqda idi. Lui ildə maksimum iki ekran əsərində çəkilməklə kifayətlənirdi. Sakit və aram templə işləyən aktyor az qala hər rolun üzərində əsirdi. Həmin vaxt de Fünes Roman Polanski ilə film çəkməyi arzulayırdı. Deyirdi ki, onunla birgə nə isə başqa bir şey alına bilər. Rejissor da buna qarşı deyildi. Amma aktyorun şəxsi problemləri istəyinin gerçəkləşməsinə əngəl törətdi.
Çaplinlə eyni filmdə çəkilmək və öz ölümünü oynamaq arzusu
Bunadək isə iki məşhurun – Lui de Fünesin və Çarli Çaplinin bir filmdə çəkilməsi ilə bağlı uzun söhbətlər getmişdi. Ehtimal edilirdi ki, ikincinin oğlu Sidney Çaplin atasının təklif etdiyi süjet xətti ilə müharibə əleyhinə film çəkəcək. Ekran əsərinin əsas qəhrəmanları isə adi əsgərlə, marşal olacaq. Bəzi söhbətlər də gəzirdi ki, aktyorlar kimin hansı rolu oynaması ilə bağlı qərara gəlməkdə çətinlik çəkirlər. Əslində isə Çaplin rəngli, lakonik dialoqlarla zəngin film çəkməyin tərəfdarı idi. Lui isə təkid edirdi ki, əsər ağ-qara və səssiz olsun. Bir-birilərinin fikirlərinə hörmətlə yanaşan bu şəxslərin istəklərinin gerçəkləşməsinə həm də 1975-ci ilin martında de Fünesin ard-arda iki dəfə infrakt keçirməsi maneçilik törətdi. Bu səbəbdən o, habelə həmin vaxtadək 5 filmdə birgə işlədiyi Jerar Urinin "Timsah" kinokomediyası üzərindəki çalışmalarını təxirə saldı.
Xəstəlikdən qurtulan kimi verdiyi ilk müsahibəsindəcə Lui de Fünes jurnalistləri təəccübləndirdi: "Fikirləşirəm ki, adamın öz dəfn mərasimi ilə bağlı səhnəni oynaması maraqlıdır. Adamlar ona baxıb gülməkdən dəli olsunlar. Mənə elə gəlir ki, bu, mənim ən yaxşı filmim olacaq. İstərdim ki, o biri dünyaya getməklə insanları güldürüm. Bu, əsl yumordur". Aktyorun fikrini eşidən müxbirlər elə bilmişdilər ki, Lui onları ələ salır. Amma belə deyildi. De Fünes hər mümkün komediya layihələrində bu mövzuya qayıdırdı. Həmin vaxtlar o, "Boş söhbətlər" adlı film üzərində işləyirdi. Dediyinə görə, “parlamentarilərin dərs aldıqları boş söz danışanların məktəbi”ni göstərmək niyyətindədir. "İstərdim ki, heç nə danışmayaraq nə isə danışanların məharətinə diqqət yetirim. Mən onlara rəhbər kimi yanaşacam. Hər cür axmaqlıqları danışacam. Bu, məni sonsuz alqışlarla mükafatlandıran ekran əsəri olacaq", – deyən aktyorun tənqidi işinə sərmayə yatırmaq istəyənlər təbii ki tapılmadı. Bütün ömrü boyu Fransada yaşayan və ölkəni demək olar, çox az tərk edən Lui de Fünes 27 yanvar 1983-cü ildə 69 yaşında dünyasını dəyişdi.
Sirr açıldı: “O qədər güldü ki, kino zalında keçindi”
Nəhayət, yazının əvvəlində haqqında bəhs etdiyimiz və Lui de Fünesə ünvanlanmış məktubda yazılanlara qayıdaq. Orada bildirilirdi: "Hörmətli cənab! İcazə verin, məktubumla sizin insanları şənləndirmək yönümlü müqayisəyə gəlməz istedadınıza ürəkdən minnətdarlığımı bildirim! Mənim dayım bir müddət öncə baş rolda oynadığınız filmə baxdı. O qədər güldü ki, kino zalında keçindi və mən, nəhayət, qoca xəsisdən qalan böyük mirasa sahib çıxdım. İndi bilmirəm, sizə təşəkkürümü necə çatdırım!"
R.AMİN

