Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil ailəsi, mədəniyyət və din birləşdirir. Görkəmli Azərbaycan və özbək klassikləri – Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının əsərləri hər iki qardaş xalqın milli sərvəti sayıla bilər. “Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti” bu sahə ilə məşğul olan tədqiqatçılar üçün dəyərli vəsaitdir.
Lüğətin müəllifləri filologiya elmləri doktoru, professor Marufjan Yuldaşev (Özbəkistan), filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dilləri Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Elçin İbrahimov (Azərbaycan); filologiya üzrə fəlsəfə doktoru Zöhrə Yuldaşevadır (Özbəkistan). Daşkənddə işıq üzü görmüş lüğətdə 2322 frazeoloji vahid yer almışdır.
***
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – turançılıq ideyasının geniş miqyasda yayılması və bərqərar olması işinə xüsusi töhfələr vermiş tanınmış macar alimləri və elm korifeylərinin həyat və fəaliyyətini əks etdirən “Macar etüdləri” kitabı işıq üzü görüb. Görkəmli filoloq, professor Vilayət Quliyevin təhlil və araşdırmaları əsasında ərsəyə gətirilmiş kitab macar – türk əlaqələrinin mənəvi yaxınlığının tarixi köklərindən bəhs edən “Hun-türk qurultayı və Macarıstanda turançılıq”, “Macarları özlərinə tanıdan alim”, “Macar türkologiyasının ikinci adamı”, “Budapeştdə türk ellərinin elçisi”, “Avropa türkologiyasının son mogikanı”, “Macar nəsrinin sevilən “türk povesti” kimi maraqlı fakt və hadisələrlə zəngin fəsillər üzrə tərtib edilib. Kitabın ön sözünün müəllifi Vilayət Quliyev, redaktoru İradə Musalıdır.
***
Ötən il 70 yaşında dünyasını dəyişmiş müəllim-şair Maksim Sarıqayanın (əsl adı Şamil Cabbarovdur) “Göyçə həsrətli bir ömür” adlı kitabı çap olunub. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə “Elm və təhsil” nəşriyyatının buraxdığı kitab 760 səhifəlikdir. Saz, söz, sənət beşiyi olan Göyçə mahalında doğulmuş müəllifin şeirləri mövzu, məzmun, forma baxımından rəngarəngliyi ilə seçilir. Tarixi hadisələrə, milli-mənəvi dəyərlərə biganə qalmayan şairin vətəndaş-ziyalı mövqeyi bütün misralarından boy göstərir. 1988-ci ildə doğma Basarkeçərdən deportasiya olunmuş Maksim müəllimin ustadnamələri zəngin didaktik-tərbiyəvi ruhda yazılıb. Kitabda “Sabirsayağı” tənqidi şeirlər də çoxluq təşkil edir.
“Xalq qəzeti”



