O, “Ey həyat, sən nə qəribəsən” – deyərək, bizi ömür boyu qeyri-adiliklərin seyrinə daldırdı, “Kaş, millətdə ruh yaşasın!” - deyərək əbədiyyətə səslədi və “Özünü qoru, xalqım” öyüdü ilə 70 yaşında haqq dünyasına qovuşdu. Bu gün unudulmaz Xalq şairimizi ürəklərimizdə həm həqiqət, həm əfsanə adlandırdığı məhəbbət yaşadır.
Düz 90 il əvvəlin bu günündə bəşəriyyətə Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi nəhəng qələm sahibləri bəxş edən Xızı rayonunun Upa kəndində anadan olmuş Cabir Novruz da sələfləri kimi əbədiyaşar sənətkarlardandır.
Teleekrandan onun alovlu çıxışlarını çox izləmişdim, amma özünü ilk dəfə 1974-cü ildə Sumqayıt Tibb Məktəbində fəaliyyət göstərən “Qaranquş” qızlar klubunun növbəti tədbirində gördüm. Şəhər qəzeti üçün reportaj hazırlamalı olduğum həmin görüşdə Cabir Novruz və onunla sıx yaradıcılıq əməkdaşlığı edən bəstəkar Oqtay Kazımi gələcək tibb bacılarının qonağı idi. Tədbir elə gözəl keçdi ki, ab-havasının şirinliyində dəqiqələrin, saatların necə əridiyindən xəbərimiz olmadı. Reportajımı da ürəklə yazdım.
Az qala yarım əsr əvvəl olmuş həmin yaddaqalan görüşdən sonra Cabir Novruzun ürəyə yatan, həzin ovqatlı, bir qədər də bədii pafoslu yaradıcılığını daha böyük diqqətlə izlədim. Övladları Mirzə və Müşfiqlə yaxın ünsiyyətim oldu. Oğulları da dünyalarını vaxtsız dəyişəndə bir dost kimi hədsiz pərişanlıq duyğuları keçirdim.
Cabir Novruz “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Ardınca “Ulduz”, “Azərbaycan” ədəbi-bədii jurnallarının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi olub.
Onun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Şeirləri yüksək bəşəri-mənəvi dəyərləri təcəssüm etdirdiyi üçün köhnəlmir. Dağ çayı kimi gur dalğalı poeziyası, rəvan dili ruh oxşayır. Sözlərinə bəstələnmiş mahnılar həmişə rəğbət qazanaraq, dillərin zümzüməsinə çevrilib.
Vətənpərvərlik və mübarizlik ruhu Cabir Novruzun yaradıcılığında ana xətt olub. Onun başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlıdır. Əsərləri müxtəlif xalqların dillərinə tərcümə edilib. Özünün etdiyi bədii tərcümələr sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının qiymətli nümunələri ilə sevə-sevə tanış olub.
...Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində Cabir Novruzun “Məni taparsınız şeirlərimdə” adlı xatirə gecəsi keçirildi. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar onun yaradıcılığından, ədəbi qəzet və jurnallarda fəaliyyətindən söz açdı. Dedi ki, şairin yaradıcılığı bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirdi ki, Cabir Novruz gəncliyindən bəşəri hiss və duyğuları özündə ehtiva edən lirik şeirləri ilə şöhrət qazanıb. Onun poeziyası oxucunu düşündürür, həyata düzgün baxış formalaşdırır.
Şairin sağlığında lentə alınan kadrlarda öz ifasında şeirlərindən nümunələr təqdim olundu. Mərhum aktyor, Xalq artisti Əliabbas Qədirovun qiraətində “Cavanlığım” şeirinin lent yazısı alqışlarla qarşılandı. Gecə boyu musiqi nömrələri qanad açıb xoş duyğular yaratdı. “Qanun” nəşriyyatında yenicə çapdan çıxmış “Cabir Novruz. Seçmə şeirlər” kitabı əl-əl gəzdi.
Oğlu Müşfiq sağlığında “Cabir Novruz Fondu”nu yaşadır, maraqlı tədbirlər keçirirdi. İndi isə bu missiyanı həmkarım, AYB üzvü Günay Novruz davam etdirir. Onun dedikləri:
– Cabir Novruzla atam əmiuşağı idilər. Bir gün atam mənim yazdığım dəftərləri məndən xəbərsiz Cabir əmiyə göstərmişdi. O da yazılarla tanış olub, deyibmiş ki, “Bu qız siyasətçi-politoloq yox, hazır yazıçıdır”. İndi mən onun adını daşıyan fondu yaşatmağımla qürur duyuram.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

