AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Macar ədəbiyyatı həftəsi başlanıb. Həftənin açılışında Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, səfirin birinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Monika Felföldi iştirak etdilər. Qonaqlar sərgi salonunda MEK-in fondlarındakı kitablarla tanış oldular. MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları macar şairlərin, yazıçı və alimlərin nəşrləri, həmçinin Azərbaycan yazarlarının macar dilində olan kitablarla tanış etdilər.
Sərgidə dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin MEK-də saxlanılan şəxsi kolleksiyasına daxil olan tarix, ədəbiyyat, incəsənət, siyasət, din və sair mövzulardakı kitabları, həmçinin ulu öndərin ömür yolundan bəhs edən “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin macar dilində nəşri, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Seçilmiş əsərləri”, “Венгерская пресса об Азербайджане” (Macarıstan mətbuatı Azərbaycan haqqında) nəşri təqdim olunur. MEK-ə səfəri zamanı görkəmli alimin qızı Sesiliya Hazai tərəfindən hədiyyə olunan və G.Hazainin həyatına, yaradıcılığına həsr edilən yeni nəşrləri də burada görmək mümkündür.
Daha sonra qonaqlar MEK-lə yaxından tanış olublar. Baş direktor, professor Məmməd Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dost ölkələrdən biri də Macarıstandır. Artıq MEK-lə Macarıstanın kitabxanaları, o cümlədən ölkənin ən böyük rəqəmsal platforması olan “Arcanum” ilə məhsuldar əməkdaşlıq edilir. Kitab mübadiləsi həyata keçirilir, dəyərli alimlərimizin MEK-in fondlarındakı nəşrləri həmin platformada mütəmadi olaraq yerləşdirilir.
Sərgidə Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma “Macar ədəbiyyatı həftəsi”nin təşkilinə görə MEK rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Səfir qeyd etdi ki, ötən il Azərbaycan – Macarıstan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi qeyd olunub. Bu dövrdə iki ölkənin əlaqələri daha da inkişaf edərək müxtəlif sahələrdə öz uğurlu nəticələrini verib. Onlardan biri də mədəniyyət, təhsil, elm sahələridir. Kitabxanada macar dilində olan ədəbiyyatlardan danışan səfir onu da vurğuladı ki, belə nəşrlərin sayının artması üçün müvafiq addımlar atılacaq. Eyni zamanda, tanınmış macar yazıçı və şairlərin əsərlərinin də Azərbaycan dilinə tərcüməsinin planlaşdırıldığını diqqətə çatdırdı. Sonda qonaqlara MEK adından Azərbaycanın tarixi memarlıq abidələrindən bəhs edən dəyərli nəşrlər təqdim edildi.
Anar ƏLİ, “Xalq qəzeti”

