Bəri başdan deyim ki, Azər Turanın çox yazısını oxumuşam. Həmişə də məmnun olmuşam. Çünki onun toxunduğu istənilən məsələ milli təəssübkeşlik, ədəbi düşüncə tariximizin araşdırılması, nələrinsə dəqiqləşdirilməsi baxımından mütləq tədqiqi məzmun kəsb edir. Azər müəllimin son iki yazısı məndə, xüsusən, daha böyük qürur hissi yaratdı.
Söhbət “Ədəbiyyat qəzeti”nin bu il yanvarın 14-də çıxan nömrəsində verilmiş “Böyük alman alimi Hans Peter Şmidenin Heydər Əliyev uğrunda mücadiləsi” və həmin qəzetin 4 mart tarixli sayında işıq üzü görmüş “Ötən yazıya sözardı: Əhməd Şmidenin itirilən haqqını bərpa edə biləcəyikmi?” məqalələrindən gedir.
Birinci yazı məni ona görə məmnun etmişdi ki, Azər müəllim alman əsilli bu alimin ulu öndər Heydər Əliyevin müdrikliyinə və siyasi fəaliyyətinə verdiyi mükəmməl qiymətin azərbaycanlı oxuculara o qədər də məlum olmayan qatlarından söz açırdı. Bu məzmunlu yazılarla müasir oxucunu heyrətləndirmək elə də asan məsələ deyil. Çünki son iyirmi ildə belə yazılar çox olub. Üstəlik, bu qəbildən olan materiallar konkret və dəqiq tədqiqatlar tələb edir. Müəllif birinci yazıda istəyinə nail olmuş və ölkəmizdə davam edən “Heydər Əliyev İli”nə özünəməxsus töhfə vermişdir.
Oxuculara martın 4-də təqdim edilən yazıdakı ziyalı mövqeyini, vətəndaş narahatlığını, milli təəssübkeşlik hisslərini isə birmənalı şəkildə alqışladım. Mən bu sətirləri oxuyanda Əhməd Şmide haqqında rəhmətlik Bəxtiyar Vahabzadənin dediklərini də, Bakıda “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində səsləndirilən çıxışları da xatırladım. İndi necə ola bilər ki, Bakı Dövlət Universitetinin tarixindən Əhməd Şmide kimi alman əsilli, İslamı qəbul etmiş türk mədəniyyəti təbliğatçısına verilmiş Fəxri doktorluq adı çıxarılmış, silinmiş olsun?
Yazını oxudum və “Xalq qəzeti” redaksiyası adından Bakı Dövlət Universitetinin əl çatan altı telefon nömrəsinə zənglər etdim. Bir nömrədən dedilər ki, bizim universitetdə Əhməd Şmide adlı müəllim işləməyib. O biri zəngimə cavab verən xanım dedi ki, o barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat ala bilərsiniz. Üçüncü nömrədən dedilər ki, dəqiq məlumatı Azərbaycanın Almaniyadakı səfirliyindən öyrənə bilərsiniz. Dördüncü nömrəyə dörd dəfə zəng etsəm də, dəstəyi götürən olmadı. Belə olanda mən qələmə müraciət etmək qərarına gəldim. Ancaq baş redaktorumuz bir az da səbirli olmağı, yenə də zəng etməyi məqsədəuyğun saydı və ... universitetə özü də zəng elədi. Öyrəndiyimiz nəticə barədə yuxarıda anons etdiyimiz üç məqamdan söz açacağıq.
Birinci məqam: Əhməd Şmide müsəlmançılığı ötən əsrin əvvəllərində Çanaqqalada döyüşmüş atasından – alman zabitindən öyrənmişdir. İkinci məqam: Ulu öndər Heydər Əliyev dünyasını dəyişəndə Əhməd Şmide Bakıya göndərdiyi başsağlığı məktubunda ümummilli liderimizi “Dörd min illik türk dövlətçilik tarixində ölməz lider” adlandırırdı. Biz isə Heydər Əliyevi daim son iki əsrin böyük siyasətçisi kimi təqdim etmişik. Üçüncü məqam: Bakı Dövlət Universitetinin saytındakı Fəxri doktorlar sırasına mərhum Əhməd Şmidenin də adı və fotosu əlavə edilib. Bu münasibətlə Azər Turanı ürəkdən təbrik edirəm. Onun səyləri nəticəsiz qalmadı.
İndi isə bu məqamları əsaslandıraq. Hörmətli Azər bəy adını çəkdiyim birinci yazısındakı fakt və mülahizələrin bir çoxunu məhz Anadolu türkcəsində təqdim edib. Elə mən də həmin “ənənəni” davam etdirirəm:
Birinci məqam: İsmail Küçükakyüz ad-soyadlı türk alim 2013-cü il iyunun 9-da “Of Havadis” adlı elektron resursda verilmiş “Alman müslüman Ahmed Şimîde’nin tesbiti” (https://www.ofhavadis.com/alman-musluman-ahmed-simdenin-tesbiti-makale,707.html” adlı məqaləsində tarixçi yazar Kadir Mısıroğludan sitat gətirir:
“1965 senesinde Ramazan ayında Almanya’ya konferansa gitmiştim.. Bayram namazı sonrası Aachen şehrinde Teknik Universite bitişiğine inşa edilen Bilâl Câmi-i Şerifi’nin alt katında lokantada arapların da bulunduğu bir kısım Türk işçisiyle çay içiyor ve sohbet ediyor, tanışıyorduk.. Kimi sivaslı, kimi konyalı olduğunu söylemelerine mukabil, gayet güzel Türkçe konuşan bir diğeri:
– Ben almanım. İsmim Ahmed Schimide!.. der, hayret edip sordum:
– Ne kadar güzel türkçe konuşuyorsunuz. Siz söylememiş olsaydınız, ben sizin türkçe’yi sonradan öğrenmiş olduğunuza asla ihtimal veremezdim! – deyince bana:
– Ben, türk gibi müslümanım! – dedi.
– Bu ne demek – dedim..
– Benim babam Çanakkale’de türklerle birlikte harp etmiş bir alman subayı idi.. Babam müslümanlığı türklerden öğrendi, Orada müslüman olmuştu, ben de müslümanlığı babamdan öğrendim..
...Türklerin Müslümanlığı bu araplarınkine benzemez – dedi..
Ben hayretle sordum:
– Ne farkı varmış?
– İki farkı var – dedi ve ilave etti: Edep ve Cihad.
Âzerî türkçesi üzerine çalışmış bir edebiyat âlimi ve bugün Berlin’de mahkemelerde resmî türkçe tercümanlığı yapan Ahmed Schimide devemla:
–Türkler bu iki İslâmî esâsı araplardan daha mükemmel bir sûrette yaşayan topluluktur – dedi...
İkinci məqam: Əhməd Şmide 2003-cü ilin dekabrında Bakıya ünvanladığı məktubda yazırdı: “Ailəmin və dostlarımın böyük hamisi, qoruyucusu, Azərbaycan-türk millətinin qayğıkeş, mehriban atası, el ağsaqqalı Heydər Əliyevin dünyasını dəyişməsi məni dərindən sarsıtdı. Onun haqqında keçmiş zamanda danışmaq böyük xətadır. O, mənim üçün daim yaşayacaq, ali güvənc yerim olacaqdır. Nəhəng dövlət xadimi, türk milli tarixində silinməz izlər buraxmış Mustafa Kamal Atatürklə bir sırada dayanmış ulu, unudulmaz bir şəxsiyyət kimi Heydər Əliyev hamımızın qəlbində əbədi yaşayacaqdır. O, təkcə Azərbaycan tarixində deyil, həm də dörd min illik türk dövlətçilik tarixində ölməz lider kimi qalacaqdır.
Mən və ailəm onun arxasınca göz yaşı tökməklə bərabər, elə bir tarixi şəxsiyyətin dostluğunu qazandığımız üçün fəxr edirik. Ona Allahdan qəni-qəni rəhmət diləyir, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaş və bacılarıma başsağlığı verib, səbr arzulayıram.” Fikrimcə, “Heydər Əliyev ili”ndə xatırladılmalı əsas faktlardan biri də budur.
Üçüncü məqam: Mənim çoxsaylı zənglərimdən sonra Bakı Dövlət Universitetinin rəhbərliyindən “Xalq qəzeti”nin rəhbərliyinə zəng edərək bildirdilər ki, bu ali məktəbin saytı dəyişdirilərkən, universitetin fəxri doktoru, görkəmli türkşünas alim Əhməd Şmidenin adı fəxri doktorlar siyahısında göstərilməmişdi. İndi həm yeni saytda, həm də köhnə saytda həmin alimin ad-soyadını da, fotosunu da görə bilərsiniz.
Adı çəkilən sayta təkrarən baxdım və Əhməd Şmidenin halal haqqının bərpa edildiyinin şahidi oldum. Onun adının Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl və Litvanın sabiq Prezidenti Valdas Adamkusun adıyla yanaşı verildiyini də gördüm.
Yeri gəlmişkən, həmin saytda başqa bir məqamın da şahidi oldum. Belə ki, universitetin fəxri doktoru adına layiq görülmüş 59 görkəmli şəxsdən 27-si Türkiyəni və ya türkdilli ölkələri təmsil edir. Qürurvericidir.
Sonda bir daha xatırladaq ki, milli tariximizdə özünəməxsus yeri olan Əhməd Şmidenin adının məhz ona aid və layiq olan yerdə bərpa olunması ədalət və obyektivlik nümunəsidir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”Əməkdar jurnalist