Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil mətbuatın təməl prinsipləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın imzası ilə Milli Məclisə təqdim olunan və bugünlərdə plenar iclasda təsdiqlənən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi media subyektlərinin vergidən azad olunması ilə bağlı müddəaları özündə ehtiva edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verərkən dedi ki, bu, medianın inkişafı yönündə atılan növbəti addımlardan biridir. Onun sözlərinə görə, ölkəmizdə medianın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir.
“Bu sənəd media subyektlərinə ən çox güzəşt tətbiq olunan vergi rejimlərindən biri kimi dəyərləndirilməlidir. Bununla da Azərbaycan media subyektlərini, bütövlükdə, vergilərdən azad edən ölkələrin sırasına yüksələcək, həmçinin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsində mühüm rol oynayacaq. Qanuna əsasən, media subyektlərinə 4 vergi növü üzrə güzəştlər tətbiq ediləcək. Qanun qüvvəyə mindikdən sonra media subyektlərinin, audiovizual media subyektləri istisna olmaqla, öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal edilmiş media məhsulları əlavə dəyər vergisindən 3 il müddətinə azad olunacaq. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir”.
V.Əhmədov onu da bildirdi ki, media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi dövlət üçün 10 milyon manata başa gələcək. Bu, dövlət büdcəsi üçün elə də böyük yük olmayacaq. Əksinə, bu, medianın inkişafı hesabına digər sahələrdən büdcəyə gələn gəlirlərin artması deməkdir. Yeni qanun, eyni zamanda, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının stimullaşdırılmasına və digər iqtisadi məsələlərdə mühüm rol oynayacaq.
Aydın QULİYEV,
siyasi ekspert
– Media subyektlərinin bir neçə vergi növündən azad edilməsi KİV-in inkişafında əhəmiyyətli bir hadisədir. Neçə illərdir ki, medianın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində qəbul edilən mütərəqqi qərarların şahidiyik. Növbəti dəyişikliyi də media islahatlarının tərkib hissəsi adlandırıram. Biz bu islahatları medianın fəaliyyətini tənzimləyən qanunvericilik müstəvisində, həm media orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlətin dəstəyinin artırılması istiqamətində, həm də jurnalistlərin sosial rifahının və güzəranının daha da yaxşılaşdırılmasında görmüşük. Bu proseslər bu gün də davam etdirilir. Çap və onlayn media orqanlarının əlavə dəyər, gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad edilməsi, ilk növbədə, maddi cəhətdən həmin media subyektləri üçün olduqca əhəmiyyətlidir. Baxmayarq ki, güzəştlər hələlik 3 il üçün nəzərdə tutulub, bu müddət ərzində vergi güzəştləri medianın gələcək inkişafı üçün əlverişli zəmin yarada bilər. Media oqranlarının, xüsusilə, öz məhsullarının satışından, dövlətin yardımlarından, reklamlardan əldə edilən gəlirlərin əhəmiyyətli hissəsini öz büdcələrində saxlaması medianın müstəqilliyini də xeyli dərəcədə möhkəmləndirəcək.
Etiraf edək ki, bu qanunun qəbul edilməsi bir qədər gözlənilməz oldu. Çünki dövlət bir tərəfdən media orqanlarına yardım edir, qrantlar ayırır, jurnalistlərin mənzil-məişət problemlərini həll edir, digər tərəfdən, mediadan vergilər tutulurdu. Bu, bir qədər məntiqsiz görünürdü. Ona görə də Prezidentin atdığı bu addım dövlətin medianın inkişafına verdiyi dəstəyin həm də məntiqi olaraq tamamlanması baxımından yüksək dəyərə malikdir. Düşünürəm ki, bu, son olmayacaq, islahatlar davam etdiriləcək və medianın müxtəlif vergi növlərindən azad edilməsi həm KİV-in, həm jurnalistlərin, həm də bütünlüklə dövlətçilik sistemimizin ayrılmaz insititutuna çevrilmiş bu sahənin gələcək inkişaf və perspektivlərinə tam uyğundur.
Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti
– Vergi güzəştləri peşəkar KİV-in inkişaf etdirilməsi yolunda vacib qərardır. Milli Məclisin media subyektlərinə verilən maddi yardımların vergilərdən azad edilməsi ilə bağlı qanuna dəyişiklikləri təsdiqləməsi KİV-ə verilən maddi yardımlarla yanaşı, həm də bu sahədə öz fəaliyyətləri ilə əldə edilən gəlirlərə, o cümlədən, reklam gəlirlərinə şamil olunacaq. Bu qərar ölkədə peşəkar KİV-in inkişafına ciddi töhfə verəcək.
Nəzərə almaq lazımdır ki, peşəkar media qurumları uzun müddətdir sosial şəbəkə ilə ədalətsiz rəqabət mühitində yaşayırlar. Reklamlar, elanlar indi daha çox sosial şəbəkələr üzərindən yayımlanır. Beynəlxalq investorlar da sərmayəni daha çox sosial medianın inkişafına yönəldirlər. Peşəkar media isə son illər bu cür investisiyalardan kənarda qalır. Beləliklə, sosial media ilə peşəkar media arasında ədalətsiz rəqabət mühiti yaranır. Bu baxımdan uzun müddətdir ki, Azərbaycanda peşəkar media subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilir. Bu təkliflər peşəkar medianın sosial media ilə ədalətsiz rəqabət mühitində dayanıqlığını və maddi imkanlarını möhkəmləndirməyə yönəlib. Bu kontekstdə Milli Məclisin son qərarını Azərbaycan dövlətinin ictimai rəyi, təklifləri nəzərə almasının göstəricisi kimi də şərh etmək mümkündür.
Peşəkar medianın maliyyə mənbələrinin inkişaf etməsi, öz növbəsində, peşəkar jurnalistika ilə məşğul olan şəxslərin sosial durumunun yaxşılaşdırılmasına, ümumilikdə media məkanının inkişafına təkan verəcək. Bu, təkcə KİV subyektləri üçün deyil, bütövlükdə, cəmiyyətimiz üçün faydalı addımdır və cəmiyyətin peşəkar, etimadlı xəbər almasını təmin etməyə hesablanıb.
Hazırladı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”