Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam,
Meydə təşviri-hərarət, neydə təsiri-səda.
Ustad Füzulinin bu beytdə nə demək istədiyi gün kimi aşkardır. Şair heç bir təsir aktının səbəbsiz olmadığını vurğulayır, mey və ney kəlmələrindən ibarət olan daxili qafiyələr bir həqiqəti isbatlamaq üçündür: neyin avazı ona görə təsirlidir ki, eşqdən qidalanır, onu dilə gətirən eşqdir.
Milli nəfəs alətləri üzrə ifaçılıqla kifayətlənməyib bu sahədə elmi tədqiqatlar aparmış, musiqi tariximizin qatı açılmayan səhifələrini üzə çıxarmış sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə haqqında düşüncələrimi yazmaq istəyəndə Füzulinin məhz bu misraları köməyimə gəldi. Düşünürəm ki, Abbasqulu müəllimin ifaçılıq və elmi fəaliyyətində ardıcıl uğurları şərtləndirən başlıca amil məhz eşqdir – seçdiyi sənətə, məşğul olduğu işə sonsuz sevgisi onu həmişə seçilənlərdən edib. Onu fədakarcasına elmi axtarışlara sövq edən də hər zaman öyrənmək, öz sahəsinə yeniliklər qazandırmaq ehtirası olub.
Sənət məhz insana Allahdan keçən bir xassədir. Yaratmaq xassəsi. İnsan nə yaradıbsa, bəşəriyyəti xilas etməkdən ötrü yaradıb. Abbasqulu Nəcəfzadə uzun illərdir ki, nəfəs alətlərini öz nəfəsi ilə yeniləməklə məşğuldur. Nə qədər unudulmuş çalğı alətlərini bərpa edib, haqqında bilgilər verib, əyani şəkildə bu alətləri dilləndirib, onların “dilini” açıb, bu alətlərin hansı əsrlərdə, hansı şəraitdə yaranmasıyla bağlı araşdırmalar aparıb, dərsliklər yazıb. “Azərbaycan çalğı alətlərinin izahlı lüğəti” məhz onun yorulmaz, gərgin fəaliyyətinin nəticəsi olaraq meydana çıxmışdır.
Abbasqulu Nəcəfzadə elmə yeniliklər gətirən bir tədqiqatçıdır. Onun “Cəfər Cabbarlının nəğməli dünyası” monoqrafiyası böyük dramaturqun musiqi ilə bağlı yaradıcılığına ilk dəfə ayna tutur, indiyə qədərki bir sıra yanlışlıqlara aydınlıq gətirir. Bu əsər Cabbarlışünaslar üçün əvəzsiz mənbə kimi son dərəcə qiymətlidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Cəfər Cabbarlıdakı dərinliklərə, yaradıcılığın müxtəlif istiqamətlərinə gedən yolları öyrəndikcə bu böyük şəxsiyyətin yaradıcı dühası bütün parametrləriylə aydınlığa çıxır. Bu mənada Abbasqulu Nəcəfzadənin Cəfər Cabbarlı yaradıcılığının bu öyrənilməmiş sahəsinə müraciət etməsi Cabbarlışünaslıqda yeni bir səhifə açır. Ümumiyyətlə, onun elmi araşdırmaları, monoqrafiyaları humanitar elmlər üçün, xüsusilə musiqişünaslıq üçün yeni perspektivlər açır. O, muğam ifaçılığı metodologiyasında, musiqi nəzəriyyəsi sistemində müəyyən yeniliklər yaratmış alimdir.
Elə insanlar var ki, onlar daxili enerjini maddi nemətlərdən almır. Onlara güc və enerji kainatın hansısa uzaq boşluğundakı bir nöqtədən, İlahi qatdan gəlir. Bu qəbil insanlar həyatını qurban verdiyi ideyalar uğrunda ömrü boyu çarpışır, mənsub olduğu xalqın tarixində iz qoymağa çalışır. Əsl sənət adamlarının hər birinin bəxtində bu fədakarlıq var. Onlar tarixi həqiqətə ləkə düşməsinə dözmürlər, milli yaddaşın qorunması üçün idrakları, zəkaları ilə səfərbər olurlar. Abbasqulu müəllimdə bu milli təəssübkeşlik əsəb damarı kimi daim oyaqdır.
Abbasqulu Nəfəfzadəni çox-çox illərdir ki, tanıyıram. Əlbəttə, televiziya ekranlarından, elmi əsərlərindən, səhnələrdən... Yəni xalqımızın sevimli sənətkarı olaraq onu mən də böyük əksəriyyətin tanıdığı kimi – qiyabi tanıyırdım. Şəxsi tanışlığımızın qısa tarixçəsini yazsam, düşünürəm ki, oxucular üçün də maraqlı olar. Sənət dostlarımızdan biri haqqında yazı yazmışdım və mətbuatda çap olunmuşdu. Onu da qeyd edim ki, mən jurnalist peşəsindən irəli gələn maraqla muğam sənətimizin bir sıra korifeyləri haqqında ara-sıra portret yazılar yazıram. Bu da uzun illər mətbuat sahəsində mədəniyyət yazarı olmağımdan irəli gəlir. O yazı kaman ifaçısı haqqında olduğundan kamançanın tarixinə qısa bir ekskurs etmişdim və orada Nizami, Xaqani yaradıcılığından da sitatlar gətirmişdim. Aradan uzun müddət keçmişdi. Həmin yazı Abbasqulu müəllimin rastına çıxıb, yazını oxuyub və mənə sosial şəbəkə üzərindən bir neçə sual ünvanlamışdı. Əlbəttə, bir yazıçının tədqiqatçı alimin haqlı suallarını cavablandırması o qədər də asan iş deyildi. Münasibətimiz o zamandan yarandı və hətta belə bir dəyərli sənətkarın, tədqiqatçının yazıma maraq göstərməsi məni sevindirmişdi.
Bir dəfə də mənim başqa bir yazımdakı kiçik nüanslardan biriylə bağlı fikir mübadiləmiz oldu. Bu məqamları yazmaya da bilərdim, amma xatırlatmağı vacib sayıram. Ona görə ki, mən bu fikir mübadilələrində Abbasqulu müəllimin elmi həqiqətə, tarixi fakta nə qədər sadiq olduğunun, bu kimi məsələlərdə necə prinspial, güzəştsiz, obyektiv yanaşma sərgilədiyinin şahidi oldum. Hər alim elmi həqiqəti sona qədər müdafiə edə bilmir və bəzən müəyyən yanlışlıqlara da yol verir. Abbasqulu müəllim elmi həqiqətə, tarixi fakta vicdan işi kimi baxan sənətşünaslarımızdandır.
Mən onunla dostluğumdan qürur duyuram. Fərqli sahələrin adamı olsaq da, hesab edirəm ki, mən də ondan nələrisə öyrənirəm. Bir-birimizin yaradıcılığına həmişə hörmətlə, sayğıyla yanaşmışıq və onun ağayanalığı, alicənablığı, ziyalı mədəniyyəti və səmimiyyəti mənim üçün örnəkdir.
Kənan HACI