İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı özü ilə bir sıra problemlər də gətirib. Xüsusilə də informasiyanın əlçatanlığını asanlaşdıran yeni texnologiyalar virtual aləmdə təhlükəsizlik problemlərini də aktuallaşdırıb. Bu mənada heç bir ölkənin kiberhücumlardan sığortanlamadığı dövrdə media sektorunun da üzərinə müəyyən öhdəliklər düşür. Martın 10-da Mətbuat Şurasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri” mövzusunda keçirilən “dəyirmi masa”da məsələ ətrafında fikir mübadiləsi aparıldı və problemin həlli istiqamətində dövlət-media əməkdaşılığının gücləndirilməsinin zəruriliyi diqqətə çatdırıldı.
Ümumiyyətlə, kiberhücumlar kompüter sistemlərinə icazəsiz giriş əldə etmək və məlumatları oğurlamaq, dəyişdirmək və ya məhv etmək cəhdləridir. Kiberhücumun təsirləri uzun illər davam edə bilər ki, bu da bir sıra ciddi fəsadlara yol açar. Buraya nüfuzun zədələnməsi, təşkilatın fəaliyyətinin pozulması, məxfi məlumatların və ya strateji əhəmiyyət kəsb edən digər aktivlərin itirilməsi ilə bağlı amilllər aid ola bilər.
Amma, son zamanlar media subyektləri də mütəmadi olaraq kiberhücumlara məruz qalır. Son belə hücum martın əvvəlində qeydə alınmışdı. Belə ki, Müsavat TV və Səs TV haker hücumlarına məruz qalmışdı. Məlumatlara görə, bu media orqanlarının emailləri ələ keçirilmiş və bazaları silinmişdi. O zaman Mətbuat Şurası da ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələrinin də oxşar xoşagəlməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatlığını bildirmişdi. Bu baxımdan dünən Mətbuat Şurasının inzibati binasında keçirilən “dəyirmi masa” da öz aktuallığı ilə diqqət çəkirdi.
Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid belə bir görüşün keçirilməsinin əhəmiyyətindən danışdı, müzakirə olunan mövzuların “dəyirmi masa” iştirakçıları üçün faydalı olacağına əminliyini bildirdi. R.Məcid çıxışında Müsavat TV və Səs TV media subyektlərinə edilən kiberhücumları xatırlatdı və kibertəhlükəsizlik məsələlərinə diqqət ayırmağın vacibliyini bildirdi. Onun sözlərinə görə, informasiya müharibəsinin davam etdiyi bir dövrdə media nümayəndələrinin kibertəhlükəsizliklə bağlı zəruri tövsiyələrə ehtiyacları var. Eyni zamanda, R.Məcid, həmçinin vurğuladı ki, kibertəhlükəsizliklə bağlı maarifləndirmə işində media subyektləri də müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edə bilər. Qeyd etdi ki, müvafiq dövlət qurumları ilə birlikdə onlayn media subyektinin məsul şəxslərinə informasiya təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi məsələsi gündəmdədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi vəzifəsini icra edən, rəis müavini Samir Rəsulov bidirdi ki, kibertəhlükəsizlik həyatımızın bir hissəsinə çevrilmişdir və demək olar ki, hər gün müxtəlif kibertəhlükələrlə qarşılaşırıq. S.Rəsulov maraqlı statistikanı da açıqladı. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, kiberhücumların 60 faizinin uğurlu olmasında insan səhvetmə amili dayanır. Yəni, şəxsin kibertəhlükəsizlik savadı kiberhücumların qarşısının alınmasında əsas rol oynayır. S.Rəsulov çıxış yolunu kibertəhlükəsizliklə bağlı maarifləndirmə işinin mütəmadi olaraq aparılmasında gördüyünü açıqladı.
Bundan başqa, rəis müavini xüsusilə vurğuladı ki, media subyekti rəhbərləri də kibertəhlükəsizliklə bağlı maariflənməlidirlər: “İnformasiya və kibertəhlükəsizliklə bağlı ilk növbədə onlayn media subyektlərinin rəhbərləri maarifləndirilməlidir. Çünki onlar işçilərindən nəyi tələb etmək lazım olduğunu bilməlidir”. O, həmçinin ETX-nin bununla bağlı onlayn media subyektlərinə metodik dəstək göstərdiyini və maarifləndirmə işinə hazır olduğunu vurğuladı: “Bunun nəticəsində media nümayəndələri kibertəhdidlərə qarşı mübarizədə kibergigiyena qaydalarını biləcək”. S.Rəsulov bir sıra media resurslarında kibertəhlükəsizliklə bağlı zəifliklərin aşkarlandığını da dedi. Onun sözlərinə görə, hər gün müxtəlif kiberhücumlarla rastlaşırlar: “Biz monitorinq aparmışıq, bir sıra media veb resurslarında zəifliklər aşkar etmişik və dəfələrlə onlara bu barədə məlumat vermişik. Təəssüflər olsun ki, bəzi media qurumlarında hələ də vebzəifliklər mövcuddur”.
Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə çıxışında bildirdi ki, rəqəmsallaşma medianın inkişafına töhfə verməklə yanaşı, müəyyən riskləri yaradıb. Təkcə 44 günlük müharibə dövründə 2600 kiberhücum olmuşdu. Buna görə də, mediada təhlükəsizlik məsələlərinin həlli vacibdir. N.Məmmədli media subyektlərinin data serverlərinin Azərbaycana gətirilməsinin və onların etibarlı mühafizəsinin təşkilinin də əhəmiyyətli olduğunu diqqətə çatdırdı: “Rəqəmsallaşma mühiti media üçün ciddi stimuldur. Biz son zamanlar ənənəvi və yeni media anlayışı ilə yanaşı, keyfiyyətli media sözündən istifadə edirik”. N.Məmmədli media savadlılığı ilə yanaşı, rəqəmsal savadlılığın da artırılmasının və bu işin sistemli şəkildə aparılmasının əhəmiyyətli olduğunu vurğuladı.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arufoğlu dedi ki, informasiya müharibəsi davam edir: “Sahədə müharibə dayanıb, amma infosektorda müharibə gedir və bu müharibə heç bir zaman dayanmayacaq”. O, kibertəhdidlərdən yetərincə qorunmadığımızı da diqqətə çatdırdı. Bugünlərdə “TV Musavat”ın kiberhücuma məruz qaldığını xatırladan R.Arifoğlu xüsusilə vurğuladı ki, bu hücum zamanı dövlətin mənəvi və informativ dəstəyini hiss etdilər. Bununla yanaşı, o bildirdi ki, istər fərdi, istərsə də media komponentlərinə, bütövlükdə, ölkənin informasiya sektoruna kənardan zərbələr hər zaman olacaq. Buna görə də media qurumları da, dövlətin müvafiq strukturları da məsələyə daimi hücum rejimində yanaşmalıdır.
Sonda ETX-nin rəis müavini Samir Rəsulov toplantıda səsləndirilən sualları cavablandırdı.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”