Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında”kı 22 oktyabr 2025-ci il tarixli sərəncamı eyni tarixi köklərə və ortaq milli-mənəvi dəyərlərə malik olan xalqların yeni tarixi mərhələdəki qarşılıqlı əlaqələrinin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər açır.
Birinci Türkoloji Qurultayın tarixi dərslərinin öyrənilməsi, ənənələrinin yaşadılması və yeni nəsillərə çatdırılması müasir dövr üçün aktual və əhəmiyyətlidir.
Bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, Elm və Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında geniş tədbirlər planı hazırlanıb həyata keçirilir.
Fevralın 27-28-də Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Xatırladaq ki, 100 il əvvəl də Birinci Türkoloji Qurultay 26 fevral – 6 mart 1926-cı il tarixlərində bu binada keçirilmişdir.
Vaxtilə Birinci Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya Respublikaları, Gürcüstan, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Altay Muxtar Respublikalarından, Yakutiyadan 131 nəfər görkəmli dilçi, ədəbiyyatçı, tarixçi, etnoqraf alimlər, tanınmış şair və yazıçılar iştirak etmişlər. Birinci Türkoloji Qurultayda ortaq tarix, ədəbiyyat, terminologiya, orfoqrafiya, etnoqrafiya məsələləri müzakirə olunmuş, türkologiya elminin əsasları yaradılmışdır.
Qurultay 29 fevral 1926-cı il türk xalqları üçün vahid latın əlifbasının qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir.
Keçmiş sovet rejimi Birinci Türkoloji Qurultayın iştirakçılarını sürgünə göndərmiş, ölüm cəzasına məhkum etmişdir.
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans bu məclisin türk xalqlarının elmi-mədəni inteqrasiyasına böyük töhfələr vermiş, latın qrafikasına keçid haqqında tarixi qərar çıxarmış, faciəli tale yaşamış görkəmli alimlərin, şair və yazıçıların xatirəsinə ehtiramın və onların böyük ideallarının XXI əsrdəki təntənəsinin ifadəsi olacaq.
Elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gələcək tanınmış elm adamlarının məruzələri dinləniləcəkdir.
İştirakçıların Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri nəzərdə tutulur.
XQ

