Bizi deyib gəlmiş dahi

post-img

Cəlil Məmmədquluzadə yeni tariximizin müdrik Molla Nəsrəddini idi

120 il bundan əvvəl - 1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” jurnalının nəşrinə başlayanda o, “Sizi deyib gəlmişəm...” demişdi. Bizi deyib çıxmışdı zamanın yolçuluğuna: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!”.

O zaman bizi deyib gəlmiş Azərbaycan yazıçısı dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin, yeni tipli ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli yazıçı Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə idi.

Cəlil Məmmədquluzadə haqqında ümummilli lider Heydər Əliyevin dəyərli fikirləri vardır: “Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı ilə, əsərləri, maarifçiliyi ilə, elə o dövrdə “Molla Nəsrəddin” jurnalı ilə və başqa fəaliyyəti ilə təkrarolunmaz şəxsiyyətdir. Ümumiyyətlə, ədəbiyyatda, elmdə tarix boyu insanların iki-üç əsrdən sonra bir-birinə bənzərliyi var. Amma Cəlil Məmmədquluzadəyə nə ondan əvvəlki, nə də ondan sonrakı dahi insanlar bənzəyiblər. Onun öz siması var. Onun öz siması da Azərbaycan xalqının inkişafı üçün dəyərli xidmətlər göstərmişdir”.

Cəlil Məmmədquluzadə 157 il əvvəl Naxçıvan şəhərində kiçik tacir Məmmədqulu bəyin ocağında dünyaya göz açıb. Nə yaxşı ki, Azərbaycan xalqının taleyində, Azərbaycan ədəbiyyatında belə bir şəxsiyyətin izi qaldı. O şəxsiyyət ki, onu Naxçıvan torpağı bəxş etdi bu vətənə. Və tarix Mirzə Cəlildən uzaqlaşdıqca o da Naxçıvana yaxınlaşdı: “Yenə millətlər içərisində məni şöhrətə mindirən mənim bu müqəddəs vətənim olacaq ki, onun adı Naxçıvandır”.

“Molla Nəsrəddin”in satira aeroplanı Kəlkəttə, İstanbul, Qroznı, Krasnovodsk, Kislovodsk, Orenburq, Aşqabad, Tehran və digər şəhərlərin, Azərbaycanda isə, demək olar ki, hər bir regionun üzərindən keçsə də yendirdiyi satira “desantları”nın sayına görə Naxçıvan bəlkə də birinci idi.

1922-1927-ci illərin “Molla Nəsrəddin” jurnalını vərəqlədikcə, Naxçıvandan və bölgələrindən yazan “Vahid”, “Mığ-mığ”, “Yetim”, “Təyyarə”, “Xəstə”, “Avara”, “Məyus”, “Məza”, “Xox”, “Heyf”, “Bacıoğlu” və digər ləqəbli imza sahiblərinin həqiqi kimliyinin aşkarlanmasında tədqiqatçılar bir sıra çətinliklərlə üzləşirlər. Şübhəsiz, yeni nəsillər üçün böyük əhəmiyyət kəsb edən o fədakar şəxslərin dəqiqləşməsi, onların ictimaiyyətə tanıdılması çox önəmlidir. Çünki bu insanlar ölkənin ən çətin anlarında öz mübariz fəaliyyətləri ilə bir məktəb, bir örnək, bir ideal yarada bilmişlər.

Onların mövzu dairəsi olduqca genişdir. İdarəetmədə süründürməçilik, dövlət malını mənimsəmə, icra orqanlarında rüşvətxorluq, rabitə, təhsil, səhiyyə, mədəniyyət sistemindəki gerilik, hələ kökü kəsilməmiş, tərəqqiyə mane olan köhnəlik qalıqları, bir sözlə, cəmiyyətdəki kəsir və nöqsanlar “Molla Nəsrəddin”in Naxçıvan müxbirlərinin tənqid hədəfləri idi.

“Molla Nəsrəddin” jurnalının 19 noyabr 1922-ci il tarixli 3-cü sayında bildirilir ki, “Naxçıvan duzdağının duzunu həkimlər Naxçıvan əhalisi üçün müzür tapıblar, çünki axır vaxtlarda naxçıvanlılar arasında əmələ gələn şeytançılıq azarını həkimlər Naxçıvan duzunda görürlər. Bu səbəbə duzdağdan çıxan duzun cəmisi vaqona dolub məlum deyil hara gedir və əhali duzsuz qalıb nə qədər yalvarırlarsa, həkimlər bir dizə qədər əhaliyə vermirlər. Naxçıvan cümhuriyyətinin vüzərası İrandan Naxçıvana duz gətirmək barəsində böyük tədbirlər tökməkdədirlər”.

Duzlaq idarəsində eksklüziv müsahibədə vurğulanıb ki, təzə ildə fəhlələrə indiki kimi edilən fəna rəftarlar ortadan götürüləcəkdir. Mədən müdirlərinin piyaniskalıq ilə deyil, iş və istehsalatı artırmaq işinə diqqət yetiriləcəkdir. Duz mədənlərini təftiş etmək məqsədilə tez-tez Bakıdan Naxçıvana gəlib çoxlu paralar alan müfəttişlərin sayı ixtisar olunacaqdır. Ümumiyyətlə, izafi xərclərin əskilməsinə böyük ümid vardır.

1924-cü ildəki 12-ci nömrədə “Naxçıvanlı” adlı müəllifdən “şad” xəbər var: “Molla əmi! Yazıb soruşmuşdun ki, Naxçıvanın işi nə təhərdir. Naxçıvandan heç nigaran qalma! Hər iş yerindədir. Şeyx Kərimi necə görmüşdün genə həman kefindədir. Bolşeviklərdən qaçıb Təbrizə getmişdi, yenə qayıdıbdır, haman saqqal, haman rəng, həna öz qərarındadır, şəhərdə səlamətlikdir”.

33-cü nömrədə “Yazan deyiləm” adlı müxbir Şərur poçt idarəsinin müdirindən yazmayacağını bildirir. Baxmayaraq ki, müdir poçt xidmətçiləri ilə yaxşı rəftar etmir. Saat üçdən idarəni bağlayıb vağzala obedə gedir. Müxbir deyir ki, bunları yazsam, müdir onu padsud verər. Çünki belə halların şahididir. Məsələn, o gün poçt xidmətçilərindən birini “Şərq qapısı”nda tənqid etmişdilər. O da müxbiri məhkəməyə verib. Göz gördüyündən qorxar. Odur ki, belə halları yazan deyiləm (Amma göründüyü kimi, müdirin enini qoyub uzununa ağlayıb).

Jurnalın 15 yanvar 1927-ci il tarixli 3-cü nömrəsində “Təyyarə” ləqəbli müxbir satira təyyarəsini Naxçıvan Ədliyyə Komissarlığına yendirir və Azərbaycan Ədliyyə Komissarlığı tərəfindən Naxçıvan Ədliyyə Komissarlığına ayrılmış 500 manatın taleyi ilə maraqlanır. Hansı ki, bu vəsait ədliyyə işçiləri hazırlamaq üçün azmüddətli kursların təşkilinə sərf olunmalıydı. Müxbir araşdırmasından məlum olur ki, Naxçıvan komissarı kursun açılmasını artıq bilib və məzkur məbləği özü götürüb xərcləyib. Üstəlik, komissarlıq üçün alınan mebel, yəni sandalya, miz, şkaf və bu kimi şeyləri evinə aparıb. Səbəbi də budur ki, komissar evdə də hökumət işi gördüyündən həmin işlər hökumət stolu üzərində ifa edilməlidir.

“Təyyarə” bunu da vurğulayır: “Eh... nə deyim. Naxçıvan başıbəlalı olduğundan buranın işçilərinin də başları bəladan xilas olmayır. Yazıq işçilər! Məzlum işçilər... Molla əmi, Sən imanın sən bunlara yardım et. Mənim bunlara yazığım gəlir”.

Jurnal yazır ki, Naxçıvanda səhiyyədən ümidini üzən insanlar çarə üçün pir və ziyarətgahların şəfasına ümid bəsləyirdilər. Bu mənada, şərurluların da müalicə üçün həkim dava-dərmanına ehtiyacı yoxdur. Çünki Şərur dairəsinin Parçı kəndində qədimdən bir imamzadə vardır ki, kərəmilə məşhurdur. Ziyarət mövsümündə Şərur dairəsinin 62 para kəndlərindən buraya minlərlə çarəsiz insan ziyarətə gəlir. İmamzadənin şəfayi-batinindən kəndlilərin hər dərdinə dərman olur.

Cəhalətin tənqidi “Yengicədən” başlığı ilə “Avara”nın həmin nömrədəki digər yazısında xüsusi yer tutur. Həmin yazıda Şərur dairəsinin mollalarının Yengicə kəndinə toplaşaraq mərsiyə demək üçün kəndləri bölüşdürdüklərindən bəhs olunur. Qərara alınıb ki, Molla Cəlil ağa cavan olduğu üçün ona Qarxun, Məhəmməd Sabur, Aralıq kəndləri verilsin. O kəndlərin alçısı da, toxanı da bu ağanındır. Yalnız bir Alışar kəndi Seyid Mir Cəlal üçün verilmişdir.

“Avara”, həmçinin xəbər verir ki, Şərurda rövzəxan az olduğundan Hacı Şeyx Həbib ağa müsəlmanların ehtiyacını ödəməkdən ötrü Muğanlı-Şəhriyar-Kürdkəndi və Kürdçülü kəndlərini podrata götürmüşdür. Ağa indidən hazırlıq işləri üçün yorğa yeriyən madyan almışdır ki, kəndlərə özünü tez yetirə bilsin (№25).

Jurnalın 38-ci nömrəsində dəstəsinin atamanı naxçıvanlı Mirəqilin fərasətindən bəhs olunur. Cəddinə qurban olduğumun oğlu çox böyük hünərvərdir. Seyidlər igid olarlar, daha bu dərəcədə yox. Ağanın oğlunun hər şeydən başı çıxdığı kimi siyasətdən də çıxır. “Naxçıvanlı” xahiş edir ki, şəhər inzibati idarəsi hələ bu gədəyə dəyməsin, yazıqdır, təzə fəaliyyətə başlayır.

Jurnalda Ordubadın ictimai-siyasi və mədəni mühiti jurnalada digər bölgələrə nisbətən daha çox işıqlandırılıb. 20-ci nömrədə Ordubad xəstəxanasının işçiləri and içirlər ki, bundan sonra axşamlar xəstələrlə qumar oynamasınlar, çünki xəstələr də bu oyunu öyrənər.

Ordubadda gənc köylü məktəbinin müəllimləri də usta sayıla bilər. Amma dərs deməklə yox, nərd oynamaqla. Belə ki, nərdin zərbindən gecələr leyli tələbələr yata bilməzmiş. Bu dairədə ən usta zər atanları bu məktəb yetirib .

“Xox” 9-cu nömrədə bir hadisəni qələmə alıb. Keçmiş mülkədar indi şura xidmətçisidir. Nahar vaxtı çayxanaya gələn Ordubad ipək zavodunun fəhlələrinin çay və qəlyanpulunu ödəyir. Sən demə, qabaqdan seçkilər gəlir, keçmiş mülkədar səs qazanmaq üçün belə səxavətlənib. Amma seçicilər də az bilmir, kişinin çörəyini yeyib başqasına səs verirlər.

Jurnalın “Yetim” ləqəbli müxbiri məhsuldarlığı ilə diqqət çəkir. Müəllifin dediyinə görə, neçə illərdir ki, qəzetlərdə yazırlar ki, filan kooperativ qulluqçusu, yaxud filan xidmətçi idarənin bu qədər pulunu yeyib dağıdıb. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirləri bir səmərə vermir. Nə qədər tutasan, nə qədər doldurasan türməyə. Təzə gələn də uzağı bir ilə səbir eləyib ikinci il girişir idarənin pullarına. “Yetim” məsləhət görür ki, belələrini türməyə bassalar, Ordubadda adam qalmaz, çünki xırda yerdir, əhalisi azdır. Yaxşısı budur ki, bir adamı ki vəzifəyə təyin eləyirlər, əvvəlcə gətirsinlər Ordubadda Hacı Məhəmmədin üstünə, dua yazdırıb ağzını bağlatdırsınlar ki, idarənin pul-parasını yeyib tələf eləməsin. Çünki Hacının bu işdə zəngin səriştəsi var. Belə ki, qurd ağzı duası oxumaqla qonşusu Səfərin itmiş qoyunlarını qurdun ağzından o qoruyub. Səfər də sabahısı günü qoyunlarını sağ-salamatca öz samanlığında tapıb.

Müxbir bu sınanmış metodun bütün idarələrdə tətbiqini məsləhət görür. Əmin edir ki, o zaman idarə müdiri qazamat təhlükəsindən qurtular və ailəsi başsız qalmaz (22 yanvar 1927, №4).

“Gözümü açıb bu dünyanı qaranlıq görmüşəm”. Cəlil Məmmədquluzadənin “Xatiratım”ı belə başlasa da, o bu dünyada işığın qələbəsi üçün çox şey etdi. Buna görə ruhumuzun yaddaşında hər zaman diridir. Bizi deyib gələn ədib, üçüncü əsrdəki yaşın mübarək!

Sizi deyib gəlmişdik, Mirzə! Gəldik və Sizə olan məhəbbəti, ehtiramı bir daha yaxından gördük. Gördük ki, satirik jurnalistikamızın bayraqdarı, qüdrətli sənətkarı, ictimai xadim kimi yaddaşlarda həmişəlik qalmısan, ustad! Ruhun şad olsun...

Hüseyn ƏSGƏROV,
yazıçı-publisist

Mədəniyyət