Bəşəriyyət uzun müddət yadplanetli sivilizasiyalardan gələn siqnalları “eşitmədən” ötüb keçib – və bunun fərqinə belə varmayıb. Son 65 ilin müşahidə statistikasını yenidən hesablayan astrofizik göstərib ki, texnosiqnalların real şəkildə tutulması üçün onların sayı milyonlarla olmalı idi. Deməli, problem kosmosun “səssizliyi” deyil, bizim axtarış imkanlarımızın məhdudluğu və zaman baxımından çox qısa olması ola bilər.
1960-cı illərdən başlayaraq astronomlar kainatdan gələn radiodalğaları, lazer impulslarını və infraqırmızı istilik izlərini izləyirlər. Məqsəd texnoloji fəaliyyətə işarə edə biləcək qeyri-təbii siqnalları tapmaqdır. Yarım əsrdən çox müddətdə 200-dən artıq müşahidə proqramı həyata keçirilsə də, indiyədək təsdiqlənmiş heç bir “yadplanetli mesajı” qeydə alınmayıb. Bu sükut adətən müşahidələrin məhdud əhatə dairəsi, siqnalların zəifliyi, qısaömürlülüyü və ya kosmik “səs-küy” fonunda itib-batması ilə izah edilir.
İsveçrənin Lozanna şəhərində yerləşən École Polytechnique Fédérale de Lausanne universitetinin nəzəriyyəçisi Klaudio Qrimaldi məsələni statistik baxımdan təhlil edib. O, Bayes alqoritminə əsaslanan riyazi model quraraq son 65 ildə “qaçırılmış” ola biləcək siqnalların ehtimalını hesablayıb. Modeldə əvvəlki siqnalların mümkün sayı, onların orta davametmə müddəti və müasir teleskopların əhatə radiusu nəzərə alınıb.
Tədqiqat həm bütün istiqamətlərə yayılan siqnalları – məsələn, nəhəng kosmik meqastrukturların infraqırmızı şüalanmasını, həm də lazer “mayakları” kimi yönləndirilmiş impulsları əhatə edib. Siqnalların işıq sürətilə yayılması və bir neçə gündən min illərə qədər davam edə bilməsi də modelləşdirilib.
Nəticələr The Astronomical Journal jurnalında dərc olunub. Hesablamalara görə, əgər biz bir neçə yüz işıq ili radiusunda texnosiqnalları axtarırıqsa, onların aşkarlanma ehtimalı olduqca aşağıdır. Uğurlu aşkarlama üçün son onilliklərdə milyonlarla qısa siqnal göndərilmiş olmalı idi. Axtarış məsafəsi minlərlə işıq ilinə qədər genişləndirildikdə belə, qalaktika miqyasında eyni vaxtda cəmi bir neçə potensial siqnal gözləmək mümkündür.
Bu isə belə bir qənaət yaradır: əgər yadplanetli texnologiyalar mövcuddursa, onlar ya çox uzaqdadır, ya çox nadirdir, ya da siqnalları çox uzunömürlü və seyrəkdir. Maraqlıdır ki, macar riyaziyyatçısı Antal Vereş də daha əvvəl eyni vaxtda bir neçə inkişaf etmiş sivilizasiyanın yaranma ehtimalının olduqca aşağı olduğunu göstərmişdi.
Qrimaldi alternativ ssenariləri də nəzərdən keçirib – məsələn, Yerə yaxın kosmik ərazidə sivilizasiyaların sıx toplanması və ya texnoloji fəaliyyətin qəfil artımı kimi halları. Lakin bu hallarda belə, yüksək aşkarlama ehtimalı üçün çox spesifik və nadir şərtlər tələb olunur. Yəni “siqnallar var, sadəcə tutmamışıq” arqumenti onların yaxın gələcəkdə mütləq aşkarlanacağına zəmanət vermir.
Müasir nəhəng radioteleskoplar – Çindəki FAST, beynəlxalq Square Kilometre Array layihəsi və ABŞ-dakı Very Large Array – minlərlə işıq ili məsafəni əhatə edə bilir. Ancaq hətta bu imkanlarla belə, bütün Süd Yolunda eyni vaxtda cəmi bir neçə “mesaj” gözlənilir.
Beləliklə, texnosiqnalların axtarışı təsadüfi “kəsişmə” deyil, uzunmüddətli elmi marafondur. Bu marafon səbr, genişmiqyaslı müşahidələr və davamlı texnoloji inkişaf tələb edir. Kainatın sükutu bəlkə də səssizlik deyil – sadəcə, biz hələ onu eşitməyi bacarmırıq.
Hazırladı:
S.ELAY
XQ

