Dünən Masallı Regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının yaradılmasının 33 illiyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzusunda toplantı keçirilib.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev ümummilli lider Heydər Əliyevin banisi olduğu, tarixi zərurəti cavablandırmış Yeni Azərbaycan Partiyasının keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yoldan danışıb. O bildirib ki, xalqın çağırışı ilə böyük siyasətə qayıdıb tarixi xilaskarlıq missiyasını üzərinə götürmüş Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin qorunub möhkəmləndirilməsinin aparıcı siyasi qüvvəsi olub.
Qısa müddətdə formalaşıb “dünənin, bu günün və gələcəyin” partiyasına çevrilən YAP bu gün ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolunun davamçısı və indiki sədri İlham Əliyevin rəhbərliyi ilə son 23 ildə bir çox tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, sıralarını genişləndirib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı olmuş YAP xalqın böyük əksəriyyətinin etimadını qazanıb.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq cəmiyyətdə avanqard siyasi qüvvəyə çevrilib. Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, partiya ötən illərdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, tarixi uğurlara imza atıb.
Masallı şəhər 1 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Mahmudavar ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov və başqaları YAP üzvü olduqlarından şərəf duyduqlarını, masallılıların Ulu öndərin siyasi fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyini söyləyiblər.
Məclisin sonunda Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, təşəkkürnamələr, qiymətli hədiyyələr, eləcə də partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqəsi təqdim edilib.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin baş redaktoru

