Vitamin şəfa cövhəridir, amma…

post-img

Belə köməkçi vasitələrin özbaşına qəbulu əks nəticələr verir

Müasir dövrün ən böyük üstünlüklərindən olan sürətli informasiya axını, məlumat bolluğu bəzən yanlış yönəltmələrə yol açır. Son zamanlar sosial media platformalarında sağlamlıqla bağlı iddialı tövsiyələrin artması, vitaminlər, qida əlavələri və müxtəlif detoks çayların qəbulu bir növ vərdiş halını alıb.

Rəqəmsal platformalarda tez-tez rast gəlinən “yorğunsunuzsa maqnezium qəbul edin”, “tez-tez xəstələnirsinizsə D vitamini için” və ya “saçınız tökülürsə, sink, yaxud dəmir çatışmazlığınız var” kimi məsləhətlər ilk baxışda faydalı görünsə də, bu elementlərin orqanizmdə çoxluğu sağlamlıqla bağlı geridönüşü olmayan problemlərə səbəb olur.

Günümüzdə bir çoxları peşəkar tibbi yardıma ehtiyac duymadan, özbaşına qida əlavələri qəbul etməyə meyillidir. Xüsusilə sosial şəbəkələrdəki populyar simaların və bloqçuların təriflədikləri “möcüzəvi vasitələr” insanlarda vitaminlərin tamamilə zərərsiz olduğuna dair yanlış təsəvvür yaradır. Lakin unutmaq olmaz ki, insan orqanizmi sınaq laboratoriyası deyil. Müvafiq qan analizləri və mütəxəssis rəyi olmadan, sırf internetdəki fərdi rəylərə və ya reklam videolarına əsaslanaraq qəbul edilən hər bir preparat bədənin biokimyəvi balansını ciddi şəkildə poza bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, vitaminlərin normadan artıq qəbulu xərçəng hüceyrələrinin stimullaşdırılmasından tutmuş, urolitiyaz və osteoporoza qədər bir çox xəstəliklərin inkişafına təkan verir. Bu baxımdan, istər böyüklərdə, istərsə də azyaşlılarda sağlamlığı qorumağın yolu ovuc-ovuc həblərdən deyil, laborator analizlərin nəticəsinə əsaslanan peşəkar həkim təyinatından keçir.

Həkim-terapevt Nübar Xəlilova bildirdi ki, son zamanlar analiz vermədən və həkim tövsiyəsi olmadan vitamin qəbul edənlərin sayında artım müşahidə olunur:

– Bəzi insanlar hesab edirlər ki, vitaminlərin çox qəbul olunmasının zərəri yoxdur. Lakin bu, yanlış yanaşmadır. Vitaminlər orqanizmdə mürəkkəb biokimyəvi və fermentativ prosesləri tənzimləyən aktiv maddələrdir. Onların qanda normadan artıq olması orqanizmin incə balansını pozaraq ciddi fəsadlara səbəb olur. Hər hansı vitamin çatışmazlığı müəyyən funksiyaların zəifləməsinə gətirib çıxardığı kimi, onun artıqlığı da toksiki təsir göstərərək hüceyrə və toxumaların zədələnməsi, daxili orqanların fəaliyyətinin pozulması ilə nəticələnir.

Müsahibimiz nəzarətsiz istifadə edilən vitaminlərin bəzən onların çatışmazlığından daha ciddi problemlərə səbəb olduğunu söylədi:

– Son dövrlər geniş yayılan D vitamini qəbulunda doza həddinin aşılması qanda kalsium miqdarını artıraraq hiperkalsemiya riski yaradır. Bu isə böyrəklərdə daşların yaranması, damarların kirəcləşməsi və ürək ritminin pozulması ilə nəticələnə bilər. Saç tökülməsinə qarşı tez-tez istifadə olunan A vitamininin artıqlığı qaraciyərdə toksiki təsir yaradır və sümüklərin kövrəkləşməsinə səbəb olur. Yüksək dozada qəbul edilən C vitamini mədə-bağırsaq traktında qıcıqlanma, ishal və böyrək daşlarının yaranma riskini artırır. Xüsusilə, B6 vitamininin uzun müddət normadan artıq istifadəsi sinir uclarının zədələnməsinə, yəni periferik neyropatiyaya yol açır.

Mütəxəssis vitaminlərin bir-biri ilə qarşılıqlı təsirinə də toxundu:

– Bəzi vitamin və mineralların eyni vaxtda qəbulu onların effektivliyini azaltmaqla yanaşı, həm də toksiki təsirlərin güclənməsinə səbəb ola bilər. Sosial mediada qeyri-peşəkar tövsiyələrə və ya “kiməsə yaxşı təsir edib” yanaşmasına əsaslanaraq əlavələr qəbul etmək sağlamlıq üçün risklidir. Hər bir insanın maddələr mübadiləsi, genetik xüsusiyyətləri və mövcud xroniki xəstəlikləri fərqlidir. Həkim hər hansı əlavəni təyin edərkən xəstənin yaşı, çəkisi ilə yanaşı, mövcud xəstəliklərini və qəbul etdiyi digər dərmanlarla uyğunluğunu nəzərə alır. Sağlamlıq təsadüfi məsləhətlərə deyil, laborator analizlərin nəticələrinə əsaslanan fərdi tibbi yanaşmaya etibar edilməlidir.

Həkim əlavə etdi ki, vitaminlərin orqanizmdə normadan artıq toplanması müxtəlif klinik əlamətlərlə özünü göstərə bilər və bu siqnallar diqqətdən kənarda qalmamalı, ciddi qəbul olunmalıdır:

– A vitamininin artıqlığı zamanı kəskin baş ağrıları, dərinin qabıq verməsi, saçların qırılması və qaraciyər nahiyəsində ağrılar müşahidə oluna bilər. D vitamininin toksiki dozası daimi susuzluq hissi, ürəkbulanma, qusma və qəbizliklə özünü göstərir ki, bu da qanda kalsium səviyyəsinin kritik həddə yüksəlməsinin göstəricisidir. E vitamininin normadan artıq qəbulu qanaxma riskini artırır və ümumi zəiflik yaradır. C vitamininin çox istifadəsi yuxusuzluq, böyrək sancıları və mədə nahiyəsində yanğı hissi ilə müşayiət olunur. B qrupu vitaminlərinin yüksək dozada qəbulu isə dəridə qaşıntılı səpkilər, əl və ayaqlarda keyimə hissi və taxikardiya ilə nəticələnə bilər. Belə hallarda vitamin qəbulu dayandırılmalı və dərhal həkimə müraciət edilməlidir.

Nübar Xəlilova sonda vurğuladı ki, vitamin ehtiyacını qarşılamağın ən təhlükəsiz və effektiv yolu balanslaşdırılmış qidalanmadır:

– Təbii qidalardan alınan vitaminlər orqanizm tərəfindən daha yaxşı mənimsənilir və toksiki yığılma riski yaratmır. Məsələn, C vitamini sitrus meyvələri, itburnu dəmləməsi və şirin bibərdə, A vitamini kök, balıq yağı və göyərtilərdə bol miqdardadır. Tam taxıllı məhsullar, paxlalılar və qoz-fındıq B qrupu vitaminləri ilə zəngindir. Dəmir çatışmazlığının qarşısını almaq üçün isə qırmızı ət və qarabaşaq mühüm əhəmiyyət daşıyır. Mövsümi meyvə və tərəvəzlərlə zəngin rəngarəng qida rasionu əslində ən güclü “multivitamin kompleksi”dir. Bioloji aktiv əlavələr (sintetik preparatlar) yalnız laboratoriya şəraitində təsdiq olunmuş çatışmazlıqlar zamanı və müvafiq həkim təyinatı ilə qəbul edilməlidir.

Həkim-dietoloq Tutu Zeynalova da bildirdi ki, vitamin və qida əlavələri kor-koranə deyil, yalnız orqanizmin real ehtiyaclarına uyğun qəbul edilməlidir:

– İnsan orqanizminin normal fizioloji funksiyalarını dəstəkləmək, immun sistemini gücləndirmək və metabolik proseslərin davamlılığını təmin etmək məqsədilə müəyyən vitamin və mineralların qəbulu zəruridir. Bununla belə, hər bir qida əlavəsinin istifadəsi fərdi tələbatlara əsaslanmalı və yalnız konkret ehtiyac yarandıqda tətbiq olunmalıdır. Eyni yanaşma bütün qida əlavələrinə şamil olunur. Məsələn, D vitamini, gündəlik profilaktik dozalarda qəbul oluna bilər. Lakin bu vitaminin yüksək dozada kütləvi istifadəsi, xüsusilə qeyri-mütəxəssislər tərəfindən tövsiyə olunması məqsədəuyğun deyil. Yüksək dozalı müalicə yalnız laborator analizlərin nəticələrinə əsasən, tibbi zərurət yarandıqda həkim tərəfindən təyin edilməlidir. Vitamin D ilə yanaşı, maqnezium və omeqa-3 kimi qida əlavələrinin də profilaktik məqsədlərlə gündəlik dozalarda qəbul edilməsi mümkündür. Lakin bu preparatların istifadəsi və təbliği mütəxəssis rəyinə əsaslanmalı, bloger tövsiyələri ilə deyil, yalnız həkim məsləhəti ilə həyata keçirilməlidir.

Müsahibimiz son illərin “trendinə” çevrilmiş detoks çayları ilə bağlı mövzuya da toxunaraq, insanların bu vasitələrlə aldadıldıqlarını bildirdi:

– İnsan orqanizmi əslində mükəmməl mexanizmdir və hər hansı kənar müdaxilə olmadan belə təbii olaraq özü-özünü təmizləmək qabiliyyətinə malikdir. Yaradan bizə bunun üçün xüsusi orqanlar – bağırsaq, dəri, böyrək və qaraciyər bəxş edib ki, onlar bədənin “detoks” funksiyasını kifayət qədər yerinə yetirir. Məhz bu təbii potensiala görə, orqanizmə xaricdən süni detoks vasitələrinin və ya tərkibi məlum olmayan bəzi çayların daxil edilməsinə ehtiyac yoxdur. Geniş reklam olunan bu növ məhsullar əslində orqanizmi iddia edildiyi kimi toksinlərdən təmizləmir, onlar sadəcə bədəndəki maye balansını pozaraq suyu sürətlə kənarlaşdırır və bağırsaqların boşalma prosesini süni şəkildə sürətləndirirlər. Nəticədə, insanlar tərəziyə çıxdıqda çəkilərinin azaldığını görüb bədənlərinin təmizləndiyini və artıq çəkidən qurtulduqlarını düşünürlər, əslində isə itirdikləri yağ və ya toksin deyil, yalnız sudur.

Ekspert rəylərindən də göründüyü kimi, sağlamlıq məqsədilə, lakin nəzarətsiz qəbul edilən hər bir həb orqanizmin bioloji tarazlığını pozaraq həyatımızı təhlükəyə ata bilər. Unutmaq olmaz ki, uzunömürlülüyün və güclü immunitetin sirri süni preparatlarda deyil, balanslaşdırılmış qidalanma və düzgün həyat tərzindədir. Təbiətin bizə bəxş etdiyi mövsümi meyvə-tərəvəzlər, tam taxıllı məhsullar və müntəzəm fiziki aktivlik bədənimizin ehtiyac duyduğu enerjini ən təhlükəsiz yolla təmin edən real mənbələrdir. Odur ki, sağlamlığı qorumaq üçün rəqəmsal platformalardakı təsadüfi məsləhətlərə deyil, elmi faktlara əsaslanan fərdi yanaşmaya, keyfiyyətli yuxu rejiminə və təbii qidalara üstünlük verilməlidir.

Elenora HƏSƏNOVA
XQ





Sosial həyat