Ubeydiya düşərgəsi – insan tarixini dəyişən kəşf

post-img

Yeni araşdırma Afrikadan kənarda erkən insanların yaşadığı ən qədim məskənlərdən biri olan Ubeydiya düşərgəsinin yaşını daha dəqiq müəyyənləşdirib. Alimlərin nəticəsinə görə, bu ərazinin yaşı ən azı 1,9 milyon ildir və hətta 2 milyon ildən də çox ola bilər. Bu göstərici əvvəlki hesablamalardan təxminən yarım milyon il qədimdir və insanlığın erkən tarixi ilə bağlı təsəvvürləri dəyişir.

Ubeydiya İsrailin şimal-şərqində, İordan çayı vadisində, Tiberiya (Kinneret) gölünün yaxınlığında yerləşir. Bu ərazi qədim dövrdə Afrikadan Avrasiyaya uzanan əsas quru miqrasiya yolu – Levant dəhlizi üzərində olub.

1959-cu ildən aparılan qazıntılar zamanı burada Homo erectus insanına aid sümük qalıqları, ikiüzlü aşel tipli daş alətlər və Afrikaya, eləcə də Asiyaya məxsus, bəziləri artıq nəsli kəsilmiş heyvanların sümükləri tapılıb. Bu tapıntılar erkən insanların Afrikadan çox qədim dövrdə köç etdiyini göstərir.

Uzun illər ərzində Ubeydiyanın yaşı 1,2–1,6 milyon il aralığında qiymətləndirilirdi. Lakin yeni tədqiqatda alimlər daha dəqiq üsullardan istifadə ediblər. Onlar göl çöküntülərini analiz edərək kosmogen izotop tarixləndirmə, qədim Yer maqnit sahəsinin izlərinin öyrənilməsi və uran-qurğuşun üsulu ilə analizlər aparıblar. Bütün bu metodlar eyni nəticəni göstərib.

Əldə olunan nəticələr göstərir ki, Ubeydiya Gürcüstandakı Dmanisi düşərgəsi ilə təxminən eyni dövrə aiddir. Bu isə o deməkdir ki, insan əcdadları Afrikadan çıxaraq müxtəlif bölgələrə təxminən eyni vaxtda yayılıblar. Həm daha sadə Olduvay, həm də daha inkişaf etmiş Aşel daş alət texnologiyaları eyni dövrdə müxtəlif insan qrupları ilə birlikdə yeni ərazilərə yayılıb.

Beləliklə, yeni xronologiya göstərir ki, insanın Afrikadan kənara yayılması düşündüyümüzdən daha erkən və daha geniş miqyaslı olub.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı