Pakistanın Müasir Dillər Universitetində (MDU) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin yenidən qurulduqdan sonra açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, universitetin rektoru Şahid Mahmud Kayani, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, bu ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirliyimizin əməkdaşları iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Pakistan himnləri səsləndirilib,
sonra MDU-nun rektoru Şahid Mahmud Kayaninin çıxışı dinlənilib. Rektor Azərbaycan və Pakistanın iki dost və qardaş ölkə olduqlarını ifadə edib, Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin, MDU-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin iki ölkə arasında mövcud çoxşaxəli əlaqələrin möhkəmlənməsində müstəsna rol oynadığını, pakistanlı və o cümlədən dünyanın müxtəlif ölkələrindən olan tələbələrin Mərkəzə xüsusi diqqət göstərdiyini bildirib. Rektor bu gün mərkəzin yenidən fəaliyyətə başlamasının təhsil, elm və digər sahələrdə əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini ifadə edib.
Bununla belə, ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən ünvanlanan videomüraciətdə o, möhkəm təməllər üzərində qurulmuş və dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərində təhsil sahəsində əməkdaşlığımızın əhəmiyyətindən danışıb və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hər iki ölkə rəhbərləri tərəfindən qarşıya qoyulmuş missiyanın vacibliyini vurğulayaraq, bu istiqamətdə ortaq elmi tədqiqat işlərinin aparılmasının önəminə toxunub.
Səfir Xəzər Fərhadov öz çıxışında Azərbaycan-Pakistan münasibətlərinin dinamik inkişafından söhbət açaraq, ötən dövr ərzində bu istiqamətdə görülmüş işlərdən bəhs edib. Diplomat Lahor və İslamabaddan Bakıya birbaşa uçuşların sayının həftə ərzində səkkizə çatdığı, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, bu Komissiyanın tərkibində yaradılmış işçi qrupları barədə məlumatları diqqətə çatdırıb.
X. Fərhadov 2022-ci ilin iyun ayından etibarən fəaliyyət göstərən və əsaslı yenidənqurma işlərindən sonra fəaliyyətini davam etdirən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin elm, təhsil, mədəni və humanitar sahələr üzrə iki dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynadığını diqqətə çatdırıb, mərkəzin fəaliyyəti ilə bağlı göstərilən dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib.
Tədbirin sonunda mərkəzin tələbələri Azərbaycan-Pakistan dostluğuna dair şeirlər söyləyiblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd




