Xanabad yenidən abadlığına qovuşub

post-img

Xocalının bir kəndində də köç sevinci yaşandı

Görülən işlərin miqyasına, sürətinə və yüksək təşkilatçılığına görə dünyada analoqu olmayan Böyük Qayıdışın hər yeni mərhələsi şanlı tariximizin zəfər salnamələrinin davamı kimi müstəsna əhəmiyyət daşıyır. Qarabağa və Şərqi Zəngəzura üz tutan köç karvanlarını qarşılayan, əzəli sakinlərinə sevgi ilə qucaq açan tarixi yurd yerlərimiz öz xoşbəxt günlərinə geri dönür.

Fevralın 19-da Xocalı rayonunun daha bir yaşayış məntəqəsində – Xanabad kəndində də ilk köç sevinci yaşanıb, 154 nəfərin Vətənə qovuşmaq arzuları reallığa çevrilib. Şanlı qələbələrimizin memarı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 38 ailənin doğma yurda qayıdışı təmin edilib.

Xanabadlılara yeni evlərinin açarları Xocalı şəhərində keçirilən mərasimdə təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi gün münasibətilə təbrik edərək bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub, əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Belə ki, yaşayış məntəqəsində evlər əsaslı şəkildə təmir olunub, kənd 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Səbuhi Qəhrəmanov, həmçinin əlavə edib ki, kəndə köç prosesi mərhələli şəkildə davam etdiriləcək.

Keçmiş məcburi köçkünlər isə çıxışlarında illər boyu həsrətini çəkdikləri azad Qarabağa dönməyin onlarda böyük sevinc, qürur və mənəvi rahatlıq hissi yaratdığını deyiblər, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Keçmiş məcburi köçkün Mətləb Məmmədov “XQ”-yə bildirib:

– Hər bir insanın doğulduğu, boya-başa çatdığı Vətən torpağı müqəddəsdir. Bu gün ən böyük arzumuz reallığa çevrildi. Xoşbəxtəm ki, yenidən Qarabağa qayıtdıq, bundan sonra burada yaşayacağıq. Biz də bu torpaqlara sahib çıxıb, əkib-becərib, bu yerləri yenidən dirçəlişində iştirak etməliyik. Qoy, dostlar baxıb sevinsin, düşmənlərimizin gözləri kor olsun.

Mətləb Məmmədovun həyat yoldaşı Aidə xanım da ürək sözlərini oxucularımızla bölüşüb:

– Özümə söz vermişdim ki, kövrəlməyim, qəhərlənməyim. Ancaq yolboyu, əsas da Xocalıya yaxınlaşdıqca, həyəcandan göz yaşlarıma hakim ola bilmədim. Allaha şükürlər olsun, bundan sonra övladlarımla birgə öz ev-eşiyimizdə rahat, firavan yaşayacağıq, məcburi köçkünlük bitdi.

Xatırladaq ki, Xanabada həyata keçirilən ilk köç də nəzərə alınmaqla, artıq Xocalı rayonunun 1 şəhərinə və 8 kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı



Sosial həyat