Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan uşaq ədəbiyyatının banisi, şair, yazıçı Abdulla Şaiqin ilk uşaq dram nümunəsi sayılan “Gözəl Bahar” pyesinin motivləri əsasında hazırlanan “Bahar“ tamaşasını yenidən uşaqların ixtiyarına verib.
Tamaşadan əvvəl teatr heyətini və azyaşlı tamaşçıları salamlayan teatrın direktoru Rəşad Əhmədzadə istər Azərbaycan Dövlət Kukla Teatrı, istərsə də teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” və “Küllücə” teatr-studiyalarında hər zaman bu cür tamaşalar hazırlandığını deyib.
“UAFA - United Aid for Azerbaijan (Azərbaycanda Birgə Yardım Təşkilatı)nın təsisçisi Zəhra Xələfova xeyriyyə təşkilatı olaraq əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqların və aztəminatlı ailələrin övladlarının teatrla təmasda olmasının onların sosiallaşmasında və cəmiyyətə inteqrasiya olmasında mühüm amil olduğunu qeyd edib:
“Burada şəhid və qazilərimizin övladları da çıxış edir. Onların arasında xüsusi qayğıya ehtiyacı olan balalar da var. Bu da onlara ikiqat dəstək olmaq deməkdir”.
O, həmçinin bahar bayramı münasibətilə kukla teatrına “Bahar” adlı kiçik rəsm əsərini də hədiyyə edib.
“Əngəlləri səhnədən aşaq...” şüarı ilə yaradıcı heyət bu dəfə teatrın nəzdindəki azyaşlı aktyorlardan ibarət “Oyuq” və “Küllücə” teatr-studiyalarını bir səhnədə toplayıb.
Uşaqlara təbiəti, fəsilləri, insanlara sevməyi aşılayan, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli musiqili uşaq tamaşasında qış fəslinin yaz fəsli ilə mübarizəsindən söhbət açılır. Qış öz sərt üzünü göstərərək müxtəlif bəhanələrlə baharın gəlişinə mane olmağa çalışır. Lakin sonda qış bahara yenilir. Torpaq yenidən canlanır, günəşin şəfəqləri hər yana yayılaraq işıq saçır.
“Bahar” adlı bu mənzum nağıl-tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, bəstəkarları Vüqar Camalzadə və Röya Hüseynova, quruluşçu rəssamı İqbal Əliyev, xoreoqrafı Günay Əhməddir.
İnklüziv tamaşada həvəskar aktyorlarla yanaşı, əlilliyi olan uşaqlar və autizm sindromlu azyaşlılar da rol alır. Xeyriyyə aksiyasının sonunda uşaqlara hədiyyələr də paylanılıb.
Qeyd edək ki, tamaşa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə layihəsi əsasında hazırlanıb.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”


