Ah, bu gülsatan oğlanlar...

post-img

Gülləri hər birimiz sevirik, xoşbəxtlikdən şəhərimizdə istənilən an, istənilən yerdən gül tapıb ala bilirik. Gül mağazalarından savayı, paytaxtın küçələrində yeniyetmə və gənclər də gül satırlar. 

Bu yaxınlarda rəfiqəmlə gəzintiyə çıxanda bir hadisənin şahidi oldum. Hündürboy bir gənc cütlüklərə yana­şır, onlara zorla gül satmağa çalışırdı. Gözüm bir anlıq qıza sataşdı. Qız gah gülsatan oğlana, gah da öz yanındakı oğlana çaşqın baxışlarla nəzər salırdı. Sanki, oğlanın ona gül almasını gözlə­yirdi. 

Oğlanın üzündə narahatlıq, bir qə­dər də təlaş vardı. O, əlini cibinə atıb gül almaq istədi. Amma sonra nə isə düşünüb fikrindən daşındı. Hiss etdim ki, gənc oğlanın üstündə kifayət qədər pulu yoxdur. Bunu başa düşən qız isə “əşi, nəyə gərəkdir, onsuz da iki günə solacaq, pul verməyə dəyməz” – deyib onu sakitləşdirməyə çalışdı. 

Cütlük pərt şəkildə oradan uzaq­laşdı. Bu an özümdən qeyri-ixtiyari cütlüyə məcburən gül satmağa çalışan gənc oğlana bərk acığım tutdu. “İnsan­ları niyə pis vəziyyətdə qoyur?”- deyə düşündüm. 

Mən cavan oğlanların küçədə gül satmaları ilə razı deyiləm. Bu iş onlara yaraşmır. Düşünürəm ki, bu işi yaşlıla­rın öhdəsinə buraxmaq lazımdır. 

Mərhum Xalq şairi Qabil “Səhv düşəndə yerimiz” şeirində necə də haqlıdır:

 

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

Qoy, həyatda heç kimin yeri səhv düşməsin. 

 

Leyla İLKİNQIZI,
tələbə-jurnalist

Sosial həyat