Baş hədəf – Olimpiya lisenziyası

post-img

Dördilliyin ən nüfuzlu idman hadisəsi olan Yay Olimpiya Oyunlarında təmsilçilik Azərbaycan komandası üçün xüsusi önəm daşıyır. Bu il Paris Yay Olimpiya Oyunlarına hazırlığın əsas mərhələsi kimi xarakterizə olunduğundan idmançılarımız bütün səylərini Olimpiadaya lisenziya qazanmağa yönəldiblər. Bir sıra idman növlərində komandamızın üzvləri əhəmiyyətli dərəcədə xallarını artıraraq Paris Olimpiadasında iştirakları üçün geniş imkanlar yaradıblar. 

Artıq komandamızın ilk lisenziya müjdəsi də gəldi. Azərbaycan koman­dasına ilk vəsiqəni güllə atıcımız Rio və Tokio olimpiadalarının iştirakçısı, İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunyov dəqiq hədəfi ilə qazandırıb. İstedadlı atıcımız Estoni­yanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnev­matik tapançadan atəşaçma yarışında ikinci yeri tutmaqla Olimpiadada iştirak hüququnu da qazanıb. 

Azərbaycanda atıcılığın böyük Olim­piya ənənələri var və bu idman növündə ötən illər ərzində əldə edilmiş nailiyyət­lər növbəti olimpiadada da yeni qələ­bələr üçün zəmin yaradır. 

Atıcılıq Federasiyasının baş ka­tibi Emin Cəfərovla söhbətimizdə də mütəxəssis atıcılarımızın növbəti Olim­piya Oyunlarına lisenziya əldə etmək üçün kifayət qədər təcrübələrinin ol­duğunu bildirdi. O qeyd etdi ki, əslində Ruslan Lunyov qitə çempionatında qızıl medal qazanmağa çox yaxın idi: “Paris Olimpiadasına ötən ildə lisenziya yarış­ları başlayıb. Keçən il Avropa və dünya çempionatlarında komandamız qüvvə­sini sınasa da, təəssüf ki, olimpiadaya vəsiqə qazana bilmədilər. Ruslan qızıl medal qazanmağa çox yaxın idi. Avropa çempionatında gənclərimizin çıxışlarını xüsusi vurğulamaq istəyirəm. Onlardan İlya Kvokov medal qazana bilməsə də, Avropa çempionatının finalına yüksəldi ki, bu da bizim üçün bir ilk idi. O, nəti­cədə 5-ci oldu. Pnevmatik tapança üzrə gənclərdən ibarət komandamız bürünc medal uğrunda mübarizə aparsa da, Bolqarıstan komandasına uduzub, 4-cü yeri tutdu. Bu da müsbətə doğru bir irə­liləyişdir. Digər atıcılarımız şəxsi nəti­cələrini yaxşılaşdırdılar”.

Emin Cəfərov növbəti lisenziya ya­rışları barədə də məlumat verdi. Qeyd etdi ki, növbəti lisenziya yarışı Polşada keçiriləcək Avropa Oyunlarıdır ki, ora­da hər növdə bir lisenziya oynanılacaq: “Bakıda keçiriləcək dünya çempionatın­da isə hər Olimpiya növündə 4 lisenziya əldə ediləcək. Doğma divarlar arasında təşkil ediləcək mötəbər turnirdə atıcı­larımız olimpiadaya vəsiqə qazanmaq baxımından yaxşı fürsət əldə edəcək­lər. Bu il Xorvatiyada keçiriləcək stend atıcılığı üzrə Avropa çempionatında hər növdə 1 lisenziya olacaq. Gələn il aprel­də təşkil ediləcək Dünya Kuboku yarışı hər növdə 2 lisenziya verəcəksə, may­da keçiriləcək Avropa çempionatında hər növdə 1 lisenziya ala bilərik”. 

Baş katib yığma komandanın ha­zırlığı ilə bağlı da məlumat verdi. Qeyd etdi ki, yığmaya keçən ildən Türkiyə, Rusiya, Serbiya, Bosniyadan 6 əcnəbi mütəxəssis cəlb edilib. 

“Yığma komandanın beynəlxalq ya­rışlarda yüksək nəticələr əldə etməsi üçün federasiya tərəfindən bütün lazımi tədbirlər görülür. Əsas hədəf Olimpia­daya daha çox lisenziya qazanmaqdır. Əminik ki, atıcılarımız növbəti yarışlar­da potensiallarından maksimum istifadə edəcəklər”. 

 

Leyla AZAD



İdman