Serbiyada zəka mübarizəsi davam edir

post-img

Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış edirlər. Yüksək zəka sahibləri arasında bir-birindən maraqlı mübarizə yaşanır. 

Çempionatın səkkizinci turunda liderliyi davam etdirən ukraynalı bey­nəlxalq dərəcəli qrossmeyster Anton Korobov macar şahmatçısı Bencamin Qledur ilə qarşılaşıb. Görüş sülhlə başa çatıb. Bu oyundan sonra Anton Korobov xallarının sayını 7-yə çatdırıb. Bencamin Qledur hazırda 6,5 xalla tur­nir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionatda ilk üçlüyü isə FİDE bay­rağı altında çıxış edən rusiyalı Aleksey Sarana tamamlayır. Onun da aktivində 6,5 xal var.

Azərbaycanlı qrossmeyster Nicat Abasov səkkizinci turda Moldova şah­matçısı Kiril Şevçenko ilə görüşüb. Qara fiqurlarla oynayan həmyerlimiz bu turda da sülhə imza atıb. Bu heç-heçə­dən sonra Nicat Abasov xallarının sa­yını 6-ya çatdırıb. Bununla da o turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. 

Ötən tur erməni qrossmeysteri məğ­lub yola salan beynəlxalq idman ustası Əhməd Əhmədzadə isə səkkizinci turda slovakiyalı Yerqus Peçak ilə görüşüb. Bu dəfə isə həmyerlimiz qrossmeys­terlə dueldə sülh bağlayıb. Qürurverici haldır ki, Ə.Əhmədzadə ardıcıl iki qar­şılaşmada beynəlxalq dərəcəli qross­meysterlərlə görüşdə inamlı mübarizə sərgiləyib. Hazırda onun hesabında 5 xal mövcuddur. 

Digər təmsilçimiz Misrətdin İsgən­dərov isə rumıniyalı qrossmeyster Vla­dislav Nevedniçi ilə qarşılaşıb. Görüş həmyerlimizin xeyrinə başa çatıb. Onun aktivində 5,5 xalı var. 

Qadın təmsilçimiz Ülviyyə Fətəli­yeva FİDE bayrağı altında çıxış edən Nikolay Averinlə qarşılaşıb və qalib gəlib. Bu qələbədən sonra Ü.Fətəliyeva 4,5 xal toplayıb. Turun digər oyunun­da təmsilçimiz Namiq Quliyev polşalı qrossmeyster Mateuş Bartel üzərində qələbəyə sevinib. Bu görüşdən sonra Namiq Quliyev 6 xal toplayıb. Abdulla Qədimbəyli isə Serbiya təmsilçisi Ma­rina Qarjçini məğlub edib. O, 5,5 xal toplayıb. 

Səkkizinci turda rumıniyalı şahmat­çı Çinpu Samuel-Timoteylə qarşılaşan həmyerlimiz Aydın Süleymanlı qələ­bə qazanıb. Onun hesabında 5,5 xal var. Növbəti turda Süleymanlı erməni qrossmeyster Şant Sarksyanla qarşıla­şacaq. 

Vüqar Rəsulov isə serbiyalı Vuk Damjanoviçlə sülh bağlayıb. V.Rəsulo­vun aktivində 5 xalı var. Sabino Brunel­lo ilə heç-heçə edən Vüqar Manafov da xallarının sayını 5-ə çatdırıb. 

Qeyd edək ki, martın 14-də yekun­laşacaq çempionatda ən yaxşı nəticə göstərən 23 şahmatçı bu il yayda Bakı­da keçiriləcək Dünya Kubokuna vəsiqə əldə edəcək.

 

E.ABBASOV,
“Xalq qəzeti”



İdman