Bakıdakı Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin ilk yarış günü bir-birindən maraqlı, gərgin anlarla yadda qalıb.
Kişi gimnastların sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınların isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə final yarışlarında mübarizəsində ən yaxşılar müəyyənləşib. Onların arasında əzmkarlığı, bütün mürəkkəb fəndləri böyük ustalıqla yerinə yetirməsi ilə fərqlənən Azərbaycan gimnastı Nikita Simonov halqalar üzrə hərəkətlərdə hakimlərdən 14,633 xal alaraq qızıl medala layiq görülüb. Gimnastımızın doğma divarlar arasında keçirilən belə bir nüfuzlu yarışda bayrağımızı yüksəltməsi yarışı izləyən yerli azarkeşlərə qürurlu anlar bəxş edib.
İdmançımızın şərəfinə səsləndirilən Azərbaycan himnini zalda əyləşən bütün azarkeşlər sonadək uca səslə ifa ediblər.
Qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşən Nikita Simonov yarışın Olimpiadaya gedən yolda ən vacib mərhələlərdən biri olduğunu deyib: “Hakimlərdən aldığım xal qənaətbəxşdir. Qızıl medal qazandığım üçün sevinirəm. Amma bununla kifayətlənməməli, öz üzərimdə daha çox işləməliyəm. Dünya kubokunun təsnifat mərhələsində birinci olmuşdum. Bu baxımdan bir qədər həyəcan var idi. Amma idmançı yüksək səviyyəli hazırlıq prosesi keçəndə həm də özünə inamlı olur. Qarşıda məni Avropa çempionatı gözləyir. Burada da yaxşı çıxış edərək, dünya çempionatında iştirak hüququ qazanmalıyam. Bir aydan sonra Misirdə lisenziya mərhələsi hesab olunan daha bir Dünya Kuboku yarışı olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün şansımı itirməməliyəm”.
Halqalar üzrə hərəkətlərdə iranlı idmançı Mehdi Ahmad Kohani, avstriyalı Vinzenz Hoeck sonrakı pillələrdə qərarlaşıblar.
Sərbəst hərəkətlərdə qazaxıstanlı Milad Kərimi uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsini tutub. Ukraynalı İlya Kovtun gümüş, ABŞ gimnası Riley Lus bürünc medal qazanıblar.
Filippinli gimnast Edriel Karlos Yulo paralel qollar üzrə yarışlarda birinci yeri tutub. Ukraynalı İlya Kovtun ikinci, fransalı idmançı Kameron-Li Bernard üçüncü yerləri qazanıblar.
Qadınlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışların yekununda çinli gimnast Qiyuan Qiun qələbə qazanıb. İtaliya təmsilçisi Giorgia Villa və niderlandlı Sanna Virman sonrakı pillələri tutublar.
Zərif cinslərin mübarizəsində dayaqlı tullanma üzrə isə ən yüksək nəticəyə K.Devillar nail olub. Özbəkistanlı Oksana Çusovitina gümüş, Çin təmsilçisi Linmin Yu bürünc medala layiq görülüblər.
Yarışda ən yüksək icra xalı toplamış gimnastlar qadınlar arasında İndoneziya təmsilçisi Rifda İrfanalutfi və kişilərdə italiyalı Nikola Bartolini “AGF Trophy” kuboku ilə təltif olunublar.
Bu gün – Dünya Kuboku yarışının son günündə kişi gimnastlar dayaqlı tullanma, dəstəli at və turnik, qadın idmançılar isə sərbəst hərəkətlər və gimnastika tirində güclərini sınayacaqlar.
Bugünkü yarışlarda millimizin üzvləri İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlər üzrə çıxışlarını təqdim edəcəklər.
L.SABİRQIZI


