“Xalq qəzeti”nin bu ilin 1 mart nömrəsində “Futbol dedi-qodu sevmir” sərlövhəli geniş təhlili məqalə vermişdik. Yazmışdıq ki, Gəncə futbolunun şanlı tarixi var, gözəl ənənələri olub, Azərbaycanda bu şəhərin azarkeşləri xüsusi fəallığı ilə seçilir və sair. Lakin son vaxtlar klub ətrafında gedən söz-söhbət, bəzi süni əngəlliklər, sponsorun olmaması, texniki çətinliklər və digər amillər ən kütləvi idman növünün şəhərdə inkişafına mənfi təsir göstərir.
Məqalədən sonra oxucularımızdan xeyli məktub almışıq, Gəncədə futbolun daha da inkişafı üçün redaksiyamıza təkliflər, minnətdarlıq məktubları daxil olub, digər tədbirlərin həyata keçirilməsinin vacibliyi göstərilib.
Bu günlərdə şəhər icra hakimiyyətinin, Futbolun İnkişaf Fondunun və “Kəpəz” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə “Kəpəz”ə dəstək” adlı tədbirin keçirilməsi də bir daha göstərir ki, Gəncənin rəhbərliyi də, bu işə maraqlı digər təşkilatlar da, ictimaiyyət də problemin həllinə biganə deyil.
…Gəncə Dövlət Filarmoniyasında keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, Futbolun İnkişaf Fondunun icraçı direktoru, “Kəpəz” PFK İdarə Heyətinin sədri, icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və “Kəpəz” PFK İdarə Heyətinin sədri İlqar Nadiri təqdimatlarla çıxış ediblər. Tural Piriyev fondun fəaliyyəti çərçivəsində “Kəpəz” ilə bağlı icra olunan “KAPAZ100K” layihəsi, ianə kampaniyaları, İlqar Nadiri isə klubda həyata keçirilən layihələr ilə bağlı ətraflı məlumat veriblər.
Niyazi Bayramov Gəncə futbolunun tarixindən bəhs edərək kluba dəstəyin artırılmasının vacibliyini bildirib və bu işdə hamının səfərbər olmasını təklif edib.
Şəhər rəhbərinin çağırışına millət vəkilləri – Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov da qoşulublar.
Futbol mütəxəssislərinin, şəhər gənclər və idman baş idarəsinin, ictimaiyyət nümayəndələrinin çıxışlarında komandaya sponsorun tapılmasının əsas vəzifələrdən olduğu vurğulanıb.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Gəncə


