Hörmətli həmkarım, Əməkdar jurnalist, “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımovun xoş məramla, Gəncənin “Kəpəz” komandasının gələcəyinə böyük ümidlərlə qələmə aldığı, qəzetin 1 mart 2023-cü il tarixli sayında dərc edilmiş “Futbol dedi-qodu sevmir” başlıqlı yazısını oxuyarkən zəngin tarixə malik bu gözəl şəhərimizin vaxtilə Azərbaycan idmanına verdiyi neçə-neçə məşhur futbolçunu xatırladım. İndi onların adlarını sadalamaq istəsəm, bunu heç cür bacarmaram. Gəncə futbolunun yetirmələri olan mahir ustaların siyahısı genişdir, çoxlarını yaddan çıxara bilərəm.
Bu qeydlərin “meydana çıxmasına” səbəb olan yazının müəllifinin “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla söhbətindən gəldiyim qənaətlə 1966-cı ilin SSRİ çempionatında bütün Azərbaycana bürünc medal sevinci bəxş etmiş “Neftçi”nin heyətini yada salarkən Bakı kollektivinin şərəfini qorumuş oyunçulardan üçünün Gəncə futbolunun yetirməsi olduğunu xatırladım. Sonra yaddaşımı yoxlamaq, bunu dəqiqləşdirmək üçün 57 il əvvəl, 1966-cı il noyabrın 30-da Bakıda Moskva “Spartak”ı ilə oyundan (3:0) dərhal sonra lentə alınmış bürünc medallı “Neftçi”nin heyətinə bir daha nəzər yetirdim və zənnimin məni aldatmadığını gördüm.
Həmin tarixi fotoda sevinc içində olan bürünc medallı futbolçulardan, yuxarıda dediyim kimi, üçü – təəssüf ki, artıq həyatda olmayan qapıçı Sergey Kramarenko (şəkildə ayaq üstə duranlar sırasında soldan dördüncü), müdafiəçi Yaşar Babayev (həmin sırada sağdan üçüncü) və hücumçu Mübariz Zeynalov (oturanlar sırasında sağdan ikinci) “Neftçi”yə Gəncə futbolundan dəvət olunmuşdular, necə böyük ustalar olduqlarını da bürünc medallarla təsdiq etdilər.
Deməyim odur ki, Gəncə futbolunun yenə dirçələcəyinə, “Kəpəz”in yenə bir vaxtlar turnir cədvəlində adət etdiyi yüksək pillələrdə irəliləyəcəyinə ümidimizi itirməyək. Çünki nə qədər ki, yaşayırıq, nəyəsə ümid edirik.
Adam heç inana bilmir ki, Azərbaycan futboluna Kramarenko, Babayev, Zeynalovla yanaşı, Müzəffər Qasımov, Ruslan Abdullayev, Maşallah Əhmədov, Yunis Hüseynov, Vəli Qasımov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyevlər, Vidadi Rzayev, Mahmud Qurbanov, Xalıq Mərdanov kimi və daha neçə-neçə usta oyunçular vermiş Gəncədə futbol həyatı yenə canlanmasın. Sadəcə, bir qədər zamana ehtiyac var. “Kəpəz” uzun fasilədən sonra böyük futbola yenicə qayıdıb...
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

