Nyu-Cersidəki (ABŞ) Cekson Laboratoriyasının alimləri müəyyən ediblər ki, ömrü uzatmaq üçün qəbul etdiyiniz kalorilərin miqdarını məhdudlaşdırmaq, lakin uzun müddət aclıqdan qaçmaq lazımdır. Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Hansı pəhriz növünün ömrü uzatmaqda daha təsirli olduğunu öyrənmək üçün alimlər beş qrup siçan üzərində təcrübə aparıblar. Qeyd edilir ki, tədqiqatçılar nəticələrin dəqiqliyini artırmaq üçün eyni növ laboratoriya heyvanlarından istifadə etməyiblər. Birinci qrup qeyri-məhdud miqdarda qida qəbul edib, ikinci qrupun kalori qəbulu 40%, üçüncü qrupun isə 20% azaldılıb. Dördüncü və beşinci qruplar müvafiq olaraq həftədə bir və iki dəfə qidalanıblar.
Müəyyən edilib ki, normal kalorilərin 60%-ni qəbul edən siçanlar digərlərindən orta hesabla daha uzun yaşayırlar - təxminən 34 ay. İnsan ekvivalentində bu, təxminən 85 ilə bərabərdir. Kalorilərdə iyirmi faiz azalma ilə pəhrizə məruz qoyulan gəmiricilər orta hesabla 30 ay (təxminən 80 insan ili) yaşayıblar.
Həftədə bir və ya iki dəfə qidalanan heyvanların ömrü daha qısa olub. Onlar cəmi 28 ay (70 insan ili) yaşayıblar. Heç bir pəhriz məhdudiyyəti olmadan qidalanan gəmiricilər isə ən qısa müddət yaşayıblar - orta hesabla 25 ay, bu da insanlar üçün 70 ilə bərabərdir.
Alimlərin fikrincə, ömrün uzun olması ac qalmaqla deyil, kalori qəbulunun orta dərəcədə azalması ilə bağlıdır. Tədqiqatçılar əlavə ediblər ki, uzun müddət ac qalmaq siçanların immun və reproduktiv sistemlərini zəiflədib, həmçinin enerji səviyyələrini azaldıb. Bu cür dəyişikliklər uzunömürlü olmağa kömək etmir.
Tədqiqat müəllifləri qeyd ediblər ki, siçan orqanizmi insan orqanizminə tam bənzəmir, ona görə də nəticələr ehtiyatla şərh edilməlidir. Bununla belə, nəticələr maddələr mübadiləsini bioloji yaş göstəricisi kimi araşdıran insan ömrünün uzadılması ilə bağlı gələcək tədqiqatlara mühüm təsir göstərəcək.
S.ELAY
XQ