Bəzən tale insan iradəsini sınağa çəkmək üçün onu bir müddət qorxulu uçurumda, ip ucunda, silah qarşısında həyat və ölüm seçimi arasında qoyur. İradəsi güclü olanlar belə imtahandan qalib çıxa bilirlər. Bu cür qaliblərin sonradan rəvan həyat sürənləri də, dərhal şan-şöhrətə sahib olub xoşbəxtlik tapanları da olur.
Taleyin ən ağır sınağı ilə üz-üzə qalanlardan biri də cərrah Leonid Roqozovdur. O, 27 yaşda olarkən məcburiyyət qarşısında öz üzərində cərrahiyyə əməliyyatı keçirərək dünya ictimaiyyətini mat qoymuşdu. Bu qeyri-adi əməliyyatdan sonra gənc cərrah dünyanın ən iradəli insanları sırasına düşmüşdü.
Leonid 1934-cü il, martın 14-də Çita vilayətinin Borzinski rayonunda anadan olub. Onun atası adi sovet sürücüsü, anası isə sağıcı idi. Əsgəri xidməti başa çatdırdıqdan sonra hazırlaşaraq 1953-cü ildə Sankt Peterburqda Tibb İnstitutunun müalicə-pediatriya fakültəsinə qəbul olur. Həyatını tamamilə tibbə həsr etmək qərarına gələn Leonid, 1959-cu ildə xirurqiyanın ordinatura dərəcəsinə yiyələnir.
Gənc xirurq 1961-ci ildə sovet Antarktidasına ekspedisiyaya göndərilən on iki nəfərdən ibarət heyət üzvündən biri təyin olunur. Heyət həmin ilin 18 fevralında yenicə fəaliyyətə başlayan Novolazarovski stansiyasına gəmi ilə gəlib çatır. Onlar gəmini geri yola saldıqdan sonra sular tamam donur və qışlamağa gəldikləri stansiyada öz işlərinə başlayırlar.
Uzun müddət bu ekspedisiyanın tərkibində olmağa can atmış Leonid öz arzusuna çatdığı üçün yoldaşlarına təkcə həkim kimi yox, həm də sıravi ekspedisiya üzvü kimi yardımçı olur. Sakit həyat şəraitini ağır iş rejiminə dəyişən gənc həkim iki aydan sonra özündə kəskin kor bağırsaq ağrıları hiss edir. O, əvvəlcə ağrıların ötüb keçəcəyini düşündüyünə görə dostlarına bu haqda heç nə demədən özünü konservativ aclıq üsulu ilə müalicə etmək istəyir. Ağrıların getdikcə kəskinləşməsini hiss edən Leonid yataq rejiminə keçərək qarnına buz qoymaqla sakitləşməyə çalışır. Harayları heç bir tibb məntəqəsinə çatmayan ekspedisiya üzvləri çarəsizlikdən yatağının ətrafına yığılaraq onun başını qatmağa çalışırlar. Dəstədə yeganə həkim olan 27 yaşlı gənc cərrah Roqozov özü özünü əməliyyat etməyə qərar verir. Sonralar doktor həmin günü mətbuat üçün belə xatırlayır:
“Sabah 1 May bayramı olduğuna görə uşaqların qanını qaraltmaq istəmir, yalandan gülümsəyib bayramı ötürənə qədər dözmək istəyirdim, lakin qızdırmam göz açmağa imkan vermirdi. Əlimi bağırsağımın üstünə toxunduranda hiss etdim ki, cərrahiyə əməliyatı qaçılmazdı. 1961-ci ilin 30 apreli idi, dostlardan mənim üçün cərrahiyə otağı hazırlamalarını xahiş etdim”.
Leonid üç nəfər ekspedisiya üzvünü özünə assistent təyin edir. Biri stolüstü lampanı onun üstünə tutur, digəri əməliyyatı uzanıqlı şəkildə həyata keçirmək üçün prosesi güzgüdə ona göstərir, üçüncü yoldaşı isə hər ehtimala qarşı ehtiyatda gözləyir.
Novokain məhlulu ilə ağrı nahiyəsini keyidən cərrah əlcəksiz işə başlayaraq öz qarnından on iki santimetr kəsik açır. Sol böyrü üstə uzanıb güzgüyə baxaraq sağ tərəfində əməliyyat aparan cərrah, yarım saat ərzində iltibaha uğramış appendisiti kəsib çıxarmağa və yara yerinə antibiotik yeritməyə nail olur. Normadan artıq qanaxmadan əmələ gələn zəiflik və başgicəllənməsinə görə həkim hər beş dəqiqədən bir yarım dəqiqə fasilə verməli olur.
Normal şəraitdə yarım saata başa gələn appendisit əməliyyatı burada 1 saat 45 dəqiqə davam edir. Nəhayət, Leonid skalpellə yardığı yeri tikə bilir və beləliklə əməliyyatı başa çatdırır. Əməliyyatdan bir həftə sonra cərrah tikişlərini sökərək normal həyata qayıdır.
“Əməliyyata başlayarkən soyuqqanlılıq etməyi, yalnız əməliyyat haqda düşünməyi özümə şərt qoydum. İynəni hazırlayıb əvvəlcədən Saşa Artyomova vermişdim, huşumu itirəsi olsam onu mənə necə vurmağını da öyrətmişdim. Həyacandan yazıq “assistentlərin” rəngi əyinlərindəki xalatdan da ağ idi. Güzgü tutsalar da, uzanıqlı vəziyyətdə appendiksi tapmaqda çətinlik çəkirdim.
Nəhayət, mən onu əlhavasına tapıb götürdüm. Onda hiss etdim ki, ürəyim getdikcə zəifləyir, əllərim rezin kimi əyilərək sözümə baxmır. Buna görə hər beş dəqiqədən bir iyirmi-otuz saniyə fasilə verməyi qərara aldım. Və nəhayət, ən sonda yaraya tikiş vurarkən xilas olduğumu düşündüm”.
Leonid Roqozovun bu cəsurluğu sovet mətbuatında ildırım kimi çaxır. Sovet İttifaqı Qəhrəmanı, kosmonavt German Titov onu qəhrəman adlandırır. Məşhur dissident şair, bard Vladimir Vısotski bu gənc cərrahın şəninə mahnı bəstələyib oxuyur. Bundan sonra Avropa mətbuatı uzun müddət cərrah Roqozovdan və onun bu qeyri-adi əməliyytından yazır.
Leonid Anjelina adlı rus qadınla ailə qurur və bu evlilikdən Vasili adlı oğlu dünyaya gəlir. O, bir müddət öz ailəsi ilə normal həyat yaşayır. Sonralar özünü alkoqoldan qoruya bilməyən cərrah ailədə tez-tez skandal qaldırır, həyat yoldaşına qarşı kobudluq edir. Xarakterinin dözülməz hal aldığına görə arvadı ondan ayrılası olur. Bu ayrılıqdan sarsılan həkim içkini uzun müddət dayandırsa da, Anjelina bir daha onun yanına qayıtmır.
Dünyaca məşhur olan cərraha günlərin bir günü Çexoslavakiyadan bir məktub gəlir. Praqada yaşayan Marsel adlı gənc həkim Leonidin cəsurluğuna heyran olduğunu və onunla şəxsən tanış olmaq istədiyini yazır. Çex xanımla məktublaşan Roqozov Çexoslavakiyada həkim kimi fəaliyyət göstərmək üçün yerli hakimiyyətə müraciət edir. Müsbət cavab alan həkim birbaşa Praqaya, Marsellə görüşə gedir. Elə ilk görüşdən biri-birinə vurulan cütlük birgə yaşamağı qərara alır və 6 aydan sonra Sankt-Peterburqa dönürlər.
Bir neçə il sevgi içərisində yaşayan həkimlərin bir oğlu və bir qızı dünyaya gəlir. Lakin Leonyanın alkaqol xəstəliyi getdikcə yenidən dözülməz hal alır. Cərrahın kobud davranışlarına dözə bilməyən Marsel 6 il birgə yaşayışdan sonra uşaqları da götürüb Praqaya qaçası olur.
Ziddiyyətli həyat yaşayan cəsur cərrah Leonid Roqozov 2000-ci ildə, 66 yaşında dünyasını dəyişib.
Murad KÖHNƏQALA