Şəxsi itki bəzən həyatda dəyişiklik üçün güclü stimul ola bilər. Uzunömürlülük sahəsində startapın yaradıcısı Duqal Beyn-Kim atasını Altsheymer xəstəliyindən itirdikdən sonra sağlamlığa yanaşmasını tamamilə dəyişib. Onun məqsədi atasının keçdiyi yoldan uzaq durmaqdır.
Ağıl üçün kreatin
Bir vaxtlar kreatin yalnız idmançılar arasında məşhur idi, lakin sonradan beyin sağlamlığına diqqət yetirən insanların da marağını cəlb etdi. Üç aminoturşudan ibarət olan bu maddə təkcə əzələlər üçün deyil, həm də zehin üçün əlavə enerji mənbəyidir. Alimlər bildirirlər ki, kreatin beyni stressin və yuxusuzluğun mənfi təsirlərindən qoruya bilər.
Məsələn, aparılan son araşdırmada demensiya diaqnozu qoyulmuş və kreatin qəbul edən xəstələrdə idrak funksiyalarında cüzi yaxşılaşma qeydə alınıb.
Əlavələrə ümumilikdə skeptik yanaşan Duqal, kreatini məhz beynə potensial faydasına görə gündəlik rasionuna daxil edib.
Arıqladıcı dərmanların mikrodozaları
Ozempik kimi dərmanlar əsasən çəki azaldıcı təsiri ilə tanınır. Lakin alimlər onların maraqlı “yan təsirini” də müəyyən ediblər. Məlum olub ki, bu dərmanların tərkibindəki aktiv maddələr demensiya riskini azalda və yaşla əlaqədar beyin həcminin kiçilməsini ləngidə bilər.
Duqal bu dərmanlardan birinin minimal dozalarını qəbul edir.
Mütəxəssislər hələ də mübahisə edirlər: bu müsbət təsir birbaşa dərmanların özündənmi, yoxsa çəkinin normallaşmasından sonra orqanizmin ümumi sağlamlaşmasındanmı qaynaqlanır.
Sakit kardio
Fiziki fəaliyyətin beyin üçün faydası çoxdan məlumdur. Amma indi diqqət artıq ağır məşqlərdən çox, orta səviyyəli, lakin uzunmüddətli yüklənmələrə yönəlib. Söhbət elə hərəkətlərdən gedir ki, insan hərəkətdə olur, amma, eyni zamanda, rahat danışa bilir. Bu, yüngül qaçış və ya velosiped gəzintisi ola bilər – belə fəaliyyətlər uzun müddət beyin qan dövranını artırır.
Duqal həftədə iki dəfə güc məşqlərini sakit kardio ilə birləşdirir.
Beyin üçün pəhriz
Hər kəs Aralıq dənizi pəhrizinin faydalarından xəbərdardır. Duqal isə Harvard alimləri tərəfindən sinir sisteminin zəifləməsini ləngitmək məqsədilə hazırlanmış onun yaxın “qohumu” – MIND pəhrizinə üstünlük verir.
Onun effektivliyi barədə araşdırmalar bəzən ziddiyyətli olsa da, prinsipləri məntiqlidir. Rasionun əsasını yarpaqlı göyərtilər (həftədə ən azı 6 porsiya), qoz-fındıq (5 porsiya), paxlalılar (4 porsiya), giləmeyvələr və yağlı balıqlar təşkil edir. Yeməklərdə əsasən zeytun yağı istifadə olunur.
Lif və omega-3 yağ turşuları ilə zəngin bu qidalanma tərzi orqanizmdə iltihabla mübarizə aparmağa və damar sağlamlığını qorumağa kömək edir ki, bu da birbaşa idrak funksiyaları ilə bağlıdır.
Yuxu – sağlamlığın təməli
Keyfiyyətli yuxu artıq sadəcə xoş istirahət deyil, uzunömürlülük barədə ciddi düşünənlər üçün əsas qaydaya çevrilib. Yuxu zamanı beyin gün ərzində toplanmış toksik zülallardan aktiv şəkildə təmizlənir. Həkimlər təsdiqləyirlər ki, xroniki yuxusuzluqdan əziyyət çəkən və ya yuxu problemi yaşayan insanlarda demensiya riski iki dəfə yüksək olur.
Duqal hər gecə təxminən 7 saat 45 dəqiqə yatır və bu, həkimlərin tövsiyələrinə tam uyğundur. “Yuxu mənim üçün beynimi qoruma strategiyasının əsasına çevrilib”, – deyə o bildirir.
Bu vərdişlərin heç olmasa bir neçəsini həyat tərzinə daxil etmək, illər boyu həm fiziki, həm də zehni sağlamlığa dəyərli töhfə verə bilər. Özünüzün düzgün yolda olub-olmadığınızı anlamaq üçün isə uzunömürlülük testindən keçmək tövsiyə olunur.
S.ELAY
XQ