“Açılmamış səhifələr”i açan ədəbiyyatşünas

post-img

Şamil Qurbanov – 90

İllərdən bəri görüb tanıdığım professor Şamil Qurbanov bu gün həyatda olmasa da, nurlu siması hələ də gözlərim önündən getməyib. Bilirəm, onun haqqında düşüncələrimi kiçik bir qəzet məqaləsinə sığışdırmaq mümkünsüzdür. Amma çətin olsa da, 90 illik yubileyində haqqında yazmaq qərarına gəldim.

Şamil Qurbanov Bakı Dövlət Univer­sitetində müəllimimiz olub. Jurnalistika fakültəsində oxuyanda Şamil Qurbano­vun mühazirələrini dinləmişik. Tələbələ­rin qəlbini fəth etməyi bacaran pedaqoq idi. Biz sevimli Şamil müəllimin sözündə bütövlük və dəqiqlik gördük. Çünki o, əxlaqi və mənəvi təmizliyi müəllim üçün ən ali dəyər sayırdı. Hər dəfə əl-ələ gö­rüşdüyüm, parta arxasında oturub mü­hazirələrini, söhbətlərini dinlədiyim Şamil müəllimin xatirəsi unudulmazdır. 

Şamil Qurbanov özünə və başqa­larına qarşı tələbkar və prinsipial idi. Pedaqoji fəaliyyəti nümunəviliyi, elmi araşdırmaları dərinliyi ilə diqqət çəkib. Onun elmi fəaliyyətinin əsas istiqamət­ləri klassik Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr, mühacirət ədəbiyyatı, repressi­ya qurbanları kimi tanınan ədiblərin yara­dıcılıq problemlərinin tədqiqinə aid olub. O, 20-dən çox kitabın, 300-dək sanballı məqalənin müəllifidir. Azərbaycan pub­lisistikasının görkəmli nümayəndələrin­dən Hüseyn Minasazovun, Ömər Faiq Nemanzadənin və Rəhim bəy Məlikovun “Seçilmiş əsərləri”ni tərtib edib və nəşr etdirib. Şamil Qurbanovun “Açılmamış səhifələr”, “Ədəbi dostluq”, “Klassik rus poeziyası Azərbaycanda”, “Ömrün fikir dünyası”, “Cəmaləddin Əfqani və türk dünyası”, “Nəriman Nərimanov dünyası” kimi əsərləri böyük maraqla qarşılanıb. Bu əsərlər İran, Türkiyə, İraq və başqa ölkələrdə də çap olunub, yayılıb.

Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində do­ğulub. Kənd orta məktəbini 1955-ci ildə bitirib. Elə həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra “Azərbaycan məktəbi” jurnalında ədəbi işçi kimi fəaliyyətə başla­yıb. 1962-ci ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturaya qəbul olub. “Zaqafqaziya rusdilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905–1917)” mövzusunda dissertasiya işini vaxtından əvvəl müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 

Bir müddət “Bakı” və “Baku” axşam qəzetlərində ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri işlədikdən sonra yeni­dən universitetə qayıdıb. “Azərbaycan dili və onun tədrisi metodikası” kafed­rasında dosent kimi çalışıb. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına keçib. Şamil Qurbanov 1975-ci ildə “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb. Rus ədəbiyyatından mühazirələr oxuyub. 1989-cu ildən həmin kafedranın müdiri işləyib.

Professor Şamil Qurbanov o dövr­lərdə oxuculara az məlum olan maraqlı şəxsiyyətlərlə bağlı araya-ərsəyə gətir­diyi tədqiqat əsərlərini geniş oxucu küt­ləsinə təqdim edib. Həmin şəxsiyyətlər Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xa­nım Axundova, Kərim Yaycılı və başqa­larıdır. O, həmçinin, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə kimi görkəmli şəxsiyyətlər haqqında da dərin məzmunlu tədqiqat əsərləri yazıb. Ən böyük xidmətlərindən biri də Ömər Faiq Nemanzadə və Şeyx Cəmaləddin Əfqani haqqında olan tədqiqatlarıdır. Bu parlaq şəxsiyyətlərin həyat yolundan bö­yük məhəbbətlə söhbət açıb.

Onun adı Azərbaycanın elmi, pe­daqoji və siyasi ictimaiyyəti arasında hörmətlə çəkilir. Çünki nüfuzlu söz sahi­bi, ehtiram sahibi idi. Milli Məclisin I və II çağırış deputatı, parlamentin Elm və təh­sil məsələləri daimi komissiyasının üzvü kimi, müstəqil Azərbaycan Respublika­sında qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində yaxından iştirak edib. Azərbaycan–Gürcüstan parlamentlərara­sı əlaqələrin möhkəmləndirilməsi və inki­şafı üçün də yorulmaz səylər göstərib. 

Ümumiyyətlə, Şamil Qurbanov üzə­rinə düşən vəzifələrə həmişə dərin mə­suliyyətlə yanaşıb, hər işin öhdəsindən ləyaqətlə gəlib. Dəfələrlə beynəlxalq sim­pozium və konfranslarda (Ankara, Bursa, Tehran, Bağdad, İsfahan, Moskva, Tbi­lisi, Daşkənd və Düşənbə) iştirak edib. Məhz bunlar onun ömür kitabına yazılan səhifələr və həyatda qoyduğu silinməz izlərdir.

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət