Bu günlərdə “Qanun” nəşriyyatında rüblük incəsənət toplusu olan “Qobustan” dərgisinin poeziya əlavəsi – Türk şairi Furkan Çalışqanın “Mezzo Morte” adlı şeir kitabı işıq üzü görüb.
Səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə bağlı materiallara geniş yer ayıran “Qobustan” çağdaş dünya sənətçilərinin yaradıcılığını da diqqətdə saxlayır. Müasir türk modernist şairlərindən olan Furkan Çalışqanın kitabının nəşri də bu amala xidmət edir. Furkan bəy orijinal üslub və intonasiyaya malik qələm adamıdır. Onun şeirlərini Azərbaycan dilinə uyğunlaşdıran Aysel Xanlarqızı türk şairin yaradıcılığının fərqli məziyyətləri olduğunu vurğulayıb: “Mən Türkiyədə olanda Furkan bəylə görüşüb, şeirləri ətrafında müzakirələr etdik. O özü də etiraf etdi ki, əsərləri daha çox intellektual, hazırlıqlı oxucu üçündür. Amma, bununla belə, hesab edirəm ki, çağdaş oxucu üçün bu şeirlər bir çox düşüncə və duyğuların tərcümanı, ifadəsi ola bilər”.
Kitabın ön söz müəllifi, “Qobustan” dərgisinin baş redaktoru Pərvin isə bu əsərləri “Yeni əsrin şeirlər”i adlandırıb: “Qəribə bir assosiativ ifadə tərzi var bu şeirlərdə. Mən özüm dönə-dönə oxudum və zövqlə yazdım haqqında. Ümumiyyətlə, dərgimizin əlavələrini çap etməyi çoxdan planlaşdırırdıq. Bu, bir ilk oldu. Bildiyiniz kimi, bu yaxınlarda “Türkiyədə özəl sayı”mız çapdan çıxdı və elə bu şeirləri də həmin nömrənin poeziya əlavəsi kimi oxucularımıza təqdim edirik. Gələcəkdə fərqli mövzularda belə əlavə kitablar çap etməyi düşünürük”.
Qeyd edək ki, Furkan Çalışqan Türkiyənin nüfuzlu nəşriyyatlarından biri olan “Ketebe” Yayın Evinin baş redaktorudur və yaxın vaxtlarda onun Bakıda oxucularla görüşü nəzərdə tutulub.
XQ