Azərbaycan poeziyasının ünlü nümayəndələrindən biri də sufi şair, dilçi alim, əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli Məmməd Aslan... Onunla neçə il dövlət televiziyasında iş, Bakı-Sumqayıt arasında isə yol yoldaşı olmuşam.
...Söhbətimiz tuturdu deyə, məni özünün gənc dostlarından sayırdı. İmkanı daxilində verilişlərimə baxırdı. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənə “Nəcəfxanlı” yox, “Nəcibxanlı” deyirdi. Onda vardı belə şeylər. Bir də görürdün ki, yolboyu qafiyə deyə-deyə gedib mənzil başına çatdıq.
Yaddaşı da güclü idi. Əzbərdən çoxlu şeirlər bilirdi. Yeri gəldikcə həmən tutuzdururdu. Bir dəfə də həsrəti ilə yanıb qovrulduğu Kəlbəcərdən danışırdıq. Dedi ki, heyif, Kəlbəcərdən uzaqlarda öləcəyəm. Ardınca da bu şeir parçasını söylədi:
Torpağa bilmirəm, daşa bilmirəm –
Ömrümüz harasa yazılı qalar.
Mənim məzarımdan palıd göyərər, –
Qolları havadan asılı qalar...
Məmməd müəllim baş redaktoru olduğu və Azərbaycanda ən oxunaqlı qəzet səviyyəsinə qaldırdı “Ekran-efir”də yazılarımı verərək, məni şeirlə daha ciddi məşğul olmağa da çağırıb, sonra isə “Ürəyimi döyən həvəs” adlı ilk şeirlər kitabıma ön söz də yazıb.
Bir gün işdən Sumqayıta qayıdıb, onun yaşadığı binanın yaxınlığında çay süfrəsi arxasında söhbət edirdik. Fotoaparatı çıxarıb əli çənəsində oturmuş halda bir şəklini çəkdim. Fotolara qarşı çox tələbkar olan şairə sonra o şəkli təqdim edəndə baxıb bəyəndi. Nə biləydim ki...
Bir neçə ay sonra şair dünyasını dəyişdi. Məzarüstü abidəsini görəndə ağlamaya bilmədim: heykəl mən çəkdiyim həmin fotonun əsasında hazırlanmışdı – eyni poza, eyni kompozisiya. Heykəli də çəkdim və indi hər iki şəkli bir yerdə oxuculara təqdim edirəm.
Heykəldən də, fotodan da bir Məmməd Aslan kədəri boylanır. O, varlığı ilə bütöv bir Azərbaycan idi. Kəlbəcərdə doğulmuş, Bakıda və sonra Sumqayıtda yaşamışdı, 9 il əvvəl 75 yaşında Zaqatalada, qızı Təbrizəgildə dünyasını dəyişən şair Bakı ətrafında Kəlbəcər köçkünlərinin qəbiristanlığında torpağa tapşırıldı.
Onun Aşıq Qurbaniyə yazdığı bir şeirində belə misralar var:
Qurbani, qəbrindən, ey kaş, dikələ!
Məzarı üstündə dönə heykələ!
İndi Məmməd Aslan özü heykələ dönüb. Mənim çəkdiyim şəkildən, bir də ürəklərimizdən, xatirələrimizdən boylanan heykələ...
Ruhu şad olsun!
Əli NƏCƏFXANLI
XQ