İki Məhəmməd dühasının ədəbi-estetik görüşü

post-img

Füzuli poeziyası Rəsulzadə poetikasında

I yazı

Müsəlman Şərqində ilk Cümhuriyyətin qurucularından olmuş, ədəbi-içtimai fikir tariximizə layiqli töhfələr vermiş, 140 illiyini qeyd etdiyimiz görkəmli iç­timai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə həm də ədəbiyyatşünas idi. Onun 530 yaşı tamam olan adaşı – dahi şairimiz Məhəmməd Füzuli ilə bağlı görüşləri klassik irsə təəssübkeş münasibətin nümunəsidir. 

Ədəbiyyatşünaslıq elminə dəyərli töhfələr vermiş Məhəmməd Əminin ədə­bi-nəzəri yaradıcılığının mühüm bir qolunu da klassik irslə bağlı araşdırmaları təşkil edir. Gənc yaşlarından ədəbiyyat və incəsənət­lə ciddi məşğul olaraq, klassikaya, XX əsr Azərbaycan ədəbiyyatına, bədii prosesə də­rindən bələdliyi ilə seçilib. 

“Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı, anadilli poeziyanın mükəm­məl nümunələrini yaratmış, Azərbaycan bə­dii dilini daha da zənginləşdirərək yeni zir­vəyə yüksəltmiş” Məhəmməd Füzulinin uca sənətindən daha ardıcıl söz açan və dəyərli fikirlər söyləyən də M.Ə.Rəsulzadə olub. 

Onun bu yönümdəki fəaliyyəti ardıcıl, sistemli araşdırmalarla müşayiət olunur. Ma­raqlıdır ki, M.Ə.Rəsulzadə Füzuli haqqında fikir söyləyərkən onun yaradıcılığını geniş təhlil etməyə ehtiyac duymamış, daha çox xarakterik cizgiləri qabartmağa çalışmış, klassik şerimizin iftixarının dilimizin və ədə­biyyatımızın inkişafındakı xidmətləri barədə tamamilə fərqli və obyektiv fikirlər söyləmiş­dir.

M.Ə.Rəsulzadə “bütün türklüyün dahi şairi” hesab etdiyi Füzuli haqqında 1923-cü ildə İstanbulda nəşr edilmiş “Azərbaycan Cümhuriyyəti” əsərində belə yazırdı: “Füzuli Azərbaycanda hər yerdən ziyadə mərufdur. Azərbaycanlıların ən çox oxuduğu və ən çox sevdiyi şair Füzulidir…. Füzuli divanı hər yerdən ziyadə Təbrizdə basılmışdır. Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türk­ləri üçün də Füzuli divanı odur”. Bu, əslində, “qəlb şairi”nin milli ədəbiyyat tariximizdəki yerinin və mövqeyinin konkrek olaraq müəy­yən edilməsi deməkdir. 

Ana dilli ədəbiyyatın yaranması və for­malaşması məsələlərinə həssaslıqla yanaşan M.Ə.Rəsulzadə 1949-cu ildə çap etdirdiyi “Azərbaycan kültür gələnəkləri” əsərində göstərir ki, 3 dildə yazıb-yaradan dahi şairin türkcə şerləri anadilli Azərbaycan ədəbiyya­tının inkişafına əhəmiyyətli təsir göstərmiş­dir. O, bunu dövlət quruculuğunun (“Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının ya­radıcı ocağı və bir akademiyası idi… Səfəvi sarayının rəsmi dili də türkcə idi” (M.Əmin) təbii yekunu, şairin istiqlal məfkurəsi fikrinə xidməti kimi qiymətləndirirdi. 

M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə nəşr etdirdiyi “Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı: “Əgər diqqət edilsə, ona qə­dər və ondan sonra bir çox böyük klassiklər – Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi həqiqi Azərbaycan şairi olsalar da, fars dilində yazırdılar, onda aydın olar ki, sö­zün milli mənasında Füzuli hansı ədəbi inqi­labı etmişdir”. Bu inqilabın mahiyyətindən bəhs edən müəllif göstərirdi ki, “Bir millətin həyatında maddətən və mənən bu qədər bir əhəmiyyətə malik olan dili biz Azərbaycan türkləri vaxtilə unutmaq üzrə idik... Sonra Füzuli əleyhirrəhmənin təsiri-fəyyazı təx­tində yetişən bir çox azərbaycanlı türk şair­ləri bu təhlükəli nisyanın önünü aldılar, “ya­man-yaxşı” bir ədəbiyyat vücudə gətirdilər”.

Görkəmli ictimai xadim “Nəzmi-na­zik türk ləfzilə ikən düşvar olur,” – deyən və “türk ləfziylə” yazmağın çətin olduğunu bildirən böyük şairin ana dilində yazmasını, mümkün olmayanı – “dikəndən bərgi-gül iz­har” etdiyini milli təəssübkeşlik kimi qiymət­ləndirərək yazırdı ki, ana dilində yazıb-yarat­mış “Atəşli hürufi Nəsimi ilə Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycan deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır...” 

Füzulinin türkcə “Divan” yaratması, “Leyli və Məcnun”u, məhərrəmlik təziyədar­lığının ana dilində icrası üçün zəmin yarat­maqdan ötrü “Hədiqətüssüəda”nı yazması, Ə.Caminin “Hədisiərbəin” əsərini türkcəyə çevirməsi türk ədəbi dilinin və ədəbiyyatının tarixində misilsiz hadisə idi. Bu, ədibin türk dili qarşısında övlad və şair kimi ən böyük xidməti idi. O, bütün çətinliklərə qatlana­raq, ərəb və fars şeir dilləri ilə yarışa girə bilən Azərbaycan ədəbi dilinin nəzmi-nazik klassik şeir zirvəsini yaratmış, “türk ruhlu – fars dilli” ədəbiyyatın “hökmranlığına” son qoymuşdur. Beləliklə, müsəlman şərqində ədəbiyyatda vahid “türk dili məkanı” for­malaşdırmış və bu məkanın “şəriksiz sahibi” olmuşdur. 

Həqiqətən, dilə münasibətdə Füzuli şüur­lu şəkildə türk milliyyətçisi kimi hərəkət et­mişdir. Bu mənada M.Ə.Rəsulzadənin azəri şerinin dahi ustadı Füzulinin ədəbi fəaliyyə­tində onun milliyyətçiliyini xüsusilə qabart­ması təbii idi. O, Ə.Qaraxanın “Füzuli: mü­hiti, həyatı və şəxsiyyəti” kitabına həsr etdiyi resenziyada şairin milliyyətinin mübahisə obyektinə çevrilməsini lüzumsuz sayaraq qeyd edirdi: “Füzuli – türklüyü isbat edil­mək üçün yalnız əsərləri kafi ikən – mənşə və geneoloji etibarilə muhakkak ki, türkdür. Fəqət bir türkün Füzuli Türkdür – deyə isbata qalxması bir almanın fərəza (fərz edək) Göte və ya Şiller almandır, bir ingilisin Şekspir in­gilisdir və bir italyanın Bokkaçio ilə Petrarka və ya Virgilli italyandır deyə monoqrafi yaz­masına bənzəməzmi?!. Fəqət klassik bir türk şairinin milliyyətini münaqişə konusu yap­maq hər halda müsbət bir məşğuliyyət sayıla­maz. …Füzulinin, bizcə, bəlirdiləcək və isbat olunacaq tərəfi onun türklüyü deyil, türkçü­lüyüdür: müəllif, şairin milliyyətindən ziya­də milliyyətçiliyi üzərində dursa idi, daha yerində hərəkət etmiş olurdu”. Bu məqsədlə M.Ə.Rəsulzadə resenziyada Füzulinin ədəbi fəaliyyətində onun milliyyətçiliyini xüsusilə əks etdirən məqamları xatırladır və belə bir fikir söyləyir ki, “irqən türk olmasa idi belə, türkə xitab üçün can atan şair, bu sifətilə, böyük bir türk şairi olmaqdan yenə məhrum qalmazdı”. 

Böyük demokratın qəlbi “fars millət­çiliyindən uzaq olub, türk sevgisi ilə dolu” (M.Əmin) olan dahi N.Gəncəvi ilə könüllər sultanı M.Füzulinin “Leyli və Məcnun” poe­malarının bənzərliliyi və fərqliliyi barədə fi­kirləri də maraqlıdır. O, özünün çox qiymətli “Azərbaycan şairi N.Gəncəvi” adlı monoqra­fiyasında həmin poemaları qarşılaşdırmış və mükəmməl təhlil aparmışdır. Bu barədə bir başqa yazıda bəhs edəcəyik.

İmran VERDİYEV,
Əməkdar müəllim

Mədəniyyət