Azərbaycan ilə Çin Xalq Respublikası arasında əlaqələr son illərdə müxtəlif istiqamətlərdə dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsil və mədəniyyət sahələridir.
Hər iki ölkə arasında tələbə mübadiləsi proqramlarının genişlənməsi, ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət tədbirlərində qarşılıqlı iştirak xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Qarabağ Universitetindən XQ-yə verilən məlumata görə, İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə Çin Xalq Respublikasında Zheijang Konservatoriyasında keçirilən VI Hangzhou Beynəlxalq Müasir Musiqi Festivalında iştirak edib.
Festival zamanı bəstəkarın əsərləri Hanqzhou Dövlət Filarmonik Orkestri (dirijor Kyle Pickett, ABŞ) və Moskva Müasir Musiqi Ansamblı tərəfindən səsləndirilib.
Türkər Qasımzadə, “Artinno Awards” kamera operası müsabiqəsinin final mərhələsində münsiflər heyətinin üzvü olub. Onun Zheijang Konservatoriyasının tələbələri üçün məruzəsi böyük maraqla qarşılanıb.
Festivalın açılış mərasimindəki nitqində T.Qasımzadə Qarabağ Universiteti haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində keçirilən məhsuldar görüşlər Azərbaycan və Çin musiqi mühitləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.
Nurəngiz ADİLQIZI
XQ

