Almaniyada 16 min il əvvəl insanlar tərəfindən tərk edilmiş mağaranın girişi tapılıb

post-img

Almaniyadan olan tədqiqatçılar 16 min il əvvəl insanlar tərəfindən tərk edilmiş Buz dövrü mağarasının girişini aşkar ediblər. Bu barədə “Gazeta.ru” “Arkeonews”a istinadən xəbər verir.

Mağara arxeoloqlara 1970-ci illərdən məlum olsa da, mağaranın girişi yalnız bu yaxınlarda kanalizasiya borusunun tikintisi zamanı təsadüfən mağaranın tavanında deşik açılan zaman aşkar edilib.

Geofiziki tədqiqatlar göstərib ki, mağara əvvəllər düşünüldüyündən xeyli böyükdür: hündürlüyü bir neçə metr və dərinliyi 20 metrdir. Mağaranın girişi hələ də qalın torpaq təbəqəsi ilə örtülüdür. Hazırda mağaranın girişini bağlayan yer tədqiq edilir. 2024-cü ildə tədqiqatçılar içəri girmək istəyirlər.

Tübingen Universitetinin doktoru İvon Tafelmeyer bu tapıntını sensasiya kimi təsvir edir, çünki bu gün öyrənilməmiş bir yerə nadir hallarda rast gəlinir.

Tafelmeyer deyir: "Biz artıq Buz dövrünün sonlarına aid yaşayış məskənlərinin qalıqlarını bilirik və daş alətlər, bəlkə də zərgərlik və incəsənət kimi daha çox əşya tapacağımıza ümid edirik".

Tapıntı Engen yaxınlığındakı Buz dövrü Parkındakı bir sıra mağaralara aiddir. Gniers və Petersfels mağaraları da burada yerləşir. Sonuncuda Paleolit ​​Veneralarının heykəlcikləri tapılıb və bu gün mağara ictimaiyyət üçün açıqdır.

S.ELAY,

"Xalq qəzeti"

Maraqlı