600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib
Naxçıvan Dövlət Universitetində 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşdə Naxçıvan Dövlət Univesitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.
Univesitetin rektoru Elbrus İsayev ali təhsil ocağı haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələri, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları, ikili diplom layihələri, peşəkar xarici mütəxəssislərin tədris prosesinə cəlbi, eləcə də müasir tədris texnologiyalarının tətbiqi, ingilisdilli ixtisasların sayının artırılması haqqında danışıb.
Diqqətə çatdırılıb ki, 2023-2024-cü tədris ilində universitet tərəfindən xüsusi təqaüd proqramı tətbiq edilərək 600-649 arası bal toplayanlara 1 il ərzində 200 manat, 650-dən yüksək bal toplayan tələbələrə isə 1 il ərzində 250 manat təqaüd verilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov universitetlər arasında rəqabət mühitinin formalaşmasında abituriyentlərin rolundan bəhs edib. Diqqətə çatdırılıb ki, ötən illər ərzində Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanlarındakı göstəricilərə görə muxtar respublika məktəbləri ölkə üzrə 2-ci yerdə qərarlaşıb. İxtisas seçimində diqqət olunmalı məqamlardan danışan təhsil naziri tələbəlik dövründə də elmi yolda əzmlə çalışmağın önəmini qeyd edib və abituriyentlərə müvəffəqiyyətlər arzu edib.
Sonra yüksək bal toplayan abituriyentlərə hədiyyələr təqdim edilib. Abituriyentlər universitetdəki maddi-texniki baza ilə yaxından tanış olublar.
Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi
Bu mövzuda Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xalıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, qurumların nümayəndələri və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Naxçıvanda 10-a yaxın bankın iştirakı ilə keçirilən bu tədbirin məqsədi maliyyə resurslarına əlçatanlığın təmin olunması məqsədilə kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların güzəştli kreditlərin verilməsi qaydaları ilə ətraflı tanış edilməsi, muxtar respublikanın investisiya mühitinin tanıdılmasıdır.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunub. 2024-cü il üçün 4 əsas istiqamət - aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir. İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib. Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 16 milyon manata yaxın olubsa, iyulun 1-nə 10,1 milyon manat və yaxud 63,5 faiz az – 5,8 milyon manat olub. Nəticədə fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb.
Tədbirdə fondun iş adamlarına təqdim etdiyi mexanizmlər üzrə geniş təqdimatlar sahibkarların diqqətinə çatdırılıb. Həmçinin Naxçıvanın turizm, aqrar, ixrac, nəqliyyat-logistika potensialı və digər mövzular ətrafında müzakirələr aparılıb.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri