Paşinyan Bakının dəvətindən özünə “press-şou” düzəldir
Bu dəvət, sadəcə, BMT-nin ekoloji toplantısına deyil, sülhə çağırış kimi qəbul olunmalıdır. Və Bakı belə bir jesti hələ də rəsmi diplomatik əlaqələrə malik olmadığı İrəvana onilliklər boyu sürən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda edib. Azərbaycan bu addımı atmaqla həm də qoşulduğu beynəlxalq müqavilələrin, konvensiyaların prinsip və şərtlərinə, oyun qaydalarına riayət edən ölkə olduğunu bir daha sübuta yetirdi.
Azərbaycanın ilk dəfə evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) prezidenti, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Ermənistanın xarici işlər nazirinə göndərdiyi dəvət məktubu erməni mediasında müzakirə mövzusu olaraq qalmaqdadır.
Ortada Bakının müasir dünyanın çağırışlarına inklüziv yanaşması, keçmiş münaqişəyə, umu-küsüyə baxmayaraq, ayrı–seçkiliyə yol verməməsi kimi yüksək bəşəri keyfiyyətlərinin nümayişi var. Bu nüfuzlu beynəlxalq tədbirdə dünyanın siyasət nəhəngləri ilə yanaşı iştirak etmək iki ölkə arasında münasibətlərin nizamlanmasının, hətta sülh sazişinin imzalanmasının hüdudlarından xeyli kənara çıxır. Tarixi məqamın düzgün dəyərləndirilməsi siyasi uzaqgörənliklə yanaşı, həm də yüksək şəxsi, mənəvi keyfiyyətlər tələb edir. Bu mənada, Bakının evsahibliyi edəcəyi möhtəşəm toplantıya İrəvanı dəvət etməsi dünyaya sülh jestinin nümayişidirsə, bu tədbirdə iştirak edib-etməmək Paşinyan üçün, bir növ, test imtahanıdır. Onun bu imtahandan üzüağ çıxması öz imicinə müsbət xal qazandırmaqla yanaşı, ölkəsinin mənafeyinə yalnız fayda gətirə bilər.
“Hər şey o zamankı mövcud siyasi vəziyyətdən asılı olacaq”. Bu, erməni siyasi ekspertlərdən birinin açıqlamasıdır. Hay mediasının Paşinyanın avqustda mətbuat konfransı keçirəcəyi və COP29-da iştirak etmək üçün Bakıya gedib-getməməsi məsələsinə aydınlıq gətirəcəyi barədə yaydıqları məlumatlar şou xarakterli xəbərlərə bənzəyir. Suala çoxsaylı müsbət və mənfi cavabların verildiyi açıqlamalarda bəzi blogerlər Nikol Paşinyanın özünü “ağır oturub batman gələn kişi”, hələlik rəqibini “intizarda saxlamağı” bacaran diplomat kimi aparmasından bəhs edirlər. Bu mövqenin tərəfdarları anlamaq istəmirlər ki, baş nazirlərinin COP29 tədbirinə gəlib-gəlməyəcəyi Bakı üçün ciddi əhəmiyyət kəsb eləmir. Əslində, bu dəvət özünü dünyanın 100-dən çox dövlətinin lideri arasında görmək imkanı qazanacaq Ermənistanın baş naziri üçün böyük önəm kəsb etməlidir.
Başa düşürük, kənardan idarə olunan Paşinyan üçün Bakının, bir növ, test-sual mahiyyəti kəsb edən dəvətinə dərhal cavab vermək elə də asan deyil. Görünən odur ki, onun dəvətlə bağlı hansı qərarı qəbul edəcəyindən həm sülh danışıqlarının sonrakı dinamikası, həm də ölkələrarası münasibətlərin nizamlanması prosesinin perspektivi, birbaşa olmasa da, dolayısı ilə asılıdır.
İ.HƏSƏNQALA
XQ