Gürcüstanda anti-Rusiya ovqatı yaratmaq cəhdləri: tarix və bu gün

post-img

Şalva Papuaşvilinin dedikləri və demədikləri

Müxalifət Ukraynaya dəstək göstərilməsini təklif etməklə, Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi. Bu fikrin müəllifi Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvilidir. Əslində, cənab Papuaşvilinin bildirdikləri yenilik deyil. Ancaq məsələnin gündəmə gəlməsinin özü maraqlıdır. Hər halda spiker mövzuya heç də elə-belədən yer verməz. 

Bəli, Rusiya–Ukrayna müharibəsi fo­nunda Gürcüstanda da anti-Rusiya ovqa­tının formalaşdırılması cəhdləri qeydə alınıb. Bir məsələ də var ki, bu cəhdlər İkinci Qarabağ müharibəsi dönəmində də olub. Həmin vaxt Qərb dairələri gürcü hökumətinin üzvlərinə təxminən belə bir fikri aşılayırdılar: gördünüz, Azərbaycan müharibə aparıb, öz torpaqlarını işğaldan qurtardı, siz də eyni şeyi edin. 

Ancaq o zaman Qərb Gürcüstana real dəstək verməmişdi. Hiss olunmuşdu ki, Qərbin məqsədi, sadəcə, siyasi təxribat və reaksiyaları yoxlamaqdır. Əlbəttə, gürcü iqtidarı boş vədlərə uymadı və uya da bil­məzdi. Həm də ona görə uymadı ki, yaşa­nılmış acı təcrübə vardı və bu barədə söz açacağıq. Hələlik isə... 

Təsəvvür edin ki, bir yandan Azərbay­canın əzmini Gürcüstana nümunə kimi sırımağa cəhd göstərən Qərb dairələri, digər yandan ölkəmizin və xalqımızın 44 günlük müharibədəki rəşadətini işğalçılıq qismində qələmə verir, Bakını dayandır­maq, haqq yolundan döndərmək naminə müxtəlif sanksiyaların tətbiqinə nail olma­ğa çalışırdılar. Bunun bir adı var idi – riya­karlığa söykənmiş ikili standartlar siyasəti. Təəssüf ki, bu siyasət indinin özündə də davam edir. İkili standartlardan söz düş­müşkən, həmin Qərb dairələri Gürcüstan­da xarici agentlər haqqında qanun müstə­visində hakimiyyətə qarşı çıxan qüvvələrin davranışlarını gürcü xalqının əzmi kimi göstərdikləri halda, Ermənistandakı nara­zılıq dalğasını qanuni iqtidarın devrilməsi olaraq dəyərləndirirdilər. 

Bəli, diqqətə çatdırdıqlarımızı nəzərə alsaq, Ş.Papuaşvilinin söylədikləri aktual­lığını qoruyur. Çünki Gürcüstanı anti-Ru­siya geosiyasi savaşının elementinə çevir­mək cəhdləri var və olub. Qərb istəyib ki, Ermənistan kimi, Gürcüstan da Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasında mü­hüm rol oynasın. Mövcud məsələdə Uk­rayna müharibəsi yaxşı fürsət sayılırdı. Elə ona görə də Gürcüstanın Qərbyönümlü müxalifəti çalışırdı ki, rəsmi Tbilisi Kiyevi dəstəkləsin. Kiyevi dəstəkləmək isə Uk­raynanın gününə düşmək perspektivi vəd edirdi. Nəzərə alaq ki, Gürcüstan Ukrayna deyil. Yəni, istər əhali potensialı, istərsə də digər parametrlər üzrə birinci ikincidən xeyli geri qalır. Bu isə onun Kremlə qarşı dirəniş əzmi baxımından mühüm məqam­dır. Məlumdur ki, Gürcüstan hazırda Uk­raynanın etdiklərini heç bir anlamda tək­rarlaya bilməz. 

İndiki durumda Cənubi Qafqazda an­ti-Rusiya dirənişinin yeganə aləti qismində çıxış edən Ermənistandır. Ölkə iqtidarı hər vəchlə Kremlin səbr kasasını daşdırmaq, onu qeyri-standart addımlara vadar etmək yolunu tutur. Belə təmayüllər bilavasitə Qərbin diktəsi ilə gerçəkləşdirilməkdədir. Deməli, bir neçə gün əvvəl Rusiya Pre­zidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanı ikinci Ukraynaya çevirmək cəhdlərinin mövcudluğundan heç də əbəs yerə söz açmamışdı. Əslində, onun fikirlə­rində rəsmi İrəvana dərin xəbərdarlıq mo­tivi var idi. Əlbəttə, Ermənistan rəhbərliyi bu xəbərdarlığı nəzərə almayacaq qədər havalıdır. Baş nazir Nikol Paşinyan və ko­mandasında yer alanların dilə gətirdikləri fikirlər bunu söyləməyə əsas verir. 

Bəli, Ş.Papuaşvilinin bildirdikləri Qər­bin Ermənistan kimi, Ukrayna müharibəsi fonunda Gürcüstanı da anti-Rusiya cəbhə­sində görmək istəklərinin mövcudluğun­dan xəbər verməkdədir. O deyir ki, bir neçə dəfə ölkəsindəki müxalif partiyalar Ukray­naya silah-sursat göndərilməsi, Rusiyaya qarşı döyüşmək üçün könüllü dəstələrin yaradılması, eləcə də Kremlə sanksiyaların tətbiqi ilə bağlı əsassız təkliflər səsləndi­riblər: “Hətta NATO ölkələri belə Ukray­naya silah-sursat tədarükü zamanı “qırmı­zı xətti” keçməməyə çalışır. Çünki belə olduqda Rusiya onları da münaqişə tərəfi kimi tanıyacaq”.

Yəni, cənab Papuaşvili deyir ki, Qərb Gürsüstanı, necə deyərlər, Roma papasın­dan daha artıq katolik qiyafəsində görmək istəyir. Onun yerli aləti isə ölkə müxalifə­tidir. Onu da deyək ki, Qərbin Gürcüstanı anti-Rusiya cəbhəsində görmək istəkləri indinin söhbəti deyil. Bir vaxtlar Gürcüs­tan bu baxımdan Ermənistandan daha irə­lidə idi. 2004-cü ilin “Qızıl gül inqilabı” dönəmini xatırlayaq. Həmin vaxt Gürcüs­tan nəinki regionda, bütövlükdə, postsovet məkanında rəngli inqilablar dalğasının, anti-Rusiya dirənişinin mərkəzi sayılırdı. Prezident Mixeil Saakaşvili bu xətti indi baş nazir Nikol Paşinyanın gerçəkləşdir­diyindən daha böyük əzmlə reallaşdırırdı. Saakaşvili o qədər populyarlaşmışdı ki, sonda ölkəsinin Rusiyaya qarşı açıq şəkil­də çıxmaq gücünü də hiss etdi. Beləliklə, 2008-ci ilin Rusiya–Gürcüstan müharibəsi baş vermişdi. Haqqında söz açacağımızı bildirdiyimiz acı keçmiş də elə bu savaşdır. 

Rusiya–Gürcüstan müharibəsinin təfərrüatlarına varmaq niyyətindən uza­ğıq. Buna ehtiyac da yoxdur. Həm də ona görə ki, reallıq o zaman da, indi də Gür­cüstan ərazisinin işğalda olduğu, həmin ərazidə separatçı rejimin mövcudluğunu təsdiqləyir və belə bir durum yolverilməz və dözülməzdir. Ancaq vəziyyətin dözül­məzliyini aradan qaldırmaq üçün rasional düşüncə mütləqdir. Təəssüf ki, 2008-ci ildə gürcü iqtidarı bunu nəzərə almadı və Qərbin təhriki ilə hərəkət etdi. Nəticə isə məlumdur. Rus qoşunları əks hücu­ma keçərək, Gürcüstanın bir çox şəhər və kəndlərini ələ keçirdilər, paytaxt Tbilisinin həndəvərinə çatdılar. 

Belə bir durumda Qərb nə etdi? Gür­cüstana hansısa dəstək göstərə bildimi? Xeyr! Yalnız o zamankı Fransa Prezidenti Nikola Sarkozi Rusiya Prezidenti Vladi­mir Putinin qapısı arxasında qalaraq, güclə onun qəbuluna düşdü və yalvar-yaxardan sonra Rusiyanı sakitləşdirməyə müvəf­fəq oldu. Bəli, hazırda Ş.Papuaşvili gürcü müxalifətinin anti-Rusiya övqatını körük­ləməsi niyyətindən söz açarkən, həmin əks siyasi qütbün, əslində, eyni zamanda, haqqında söz açdığımız qorxunc ssenari­nin təkrarlanmaması naminə zəmin hazır­ladığını da vurğulayır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət