I MƏQALƏ
Qəbələ Zirvəsinin elmi “ruhu”
Türk Dövlətləri Təşkilatının Qəbələ şəhərində keçirilən Zirvə görüşünü bir çox aspektlərdə tarixi adlandıranlar tam haqlıdırlar. Həmin toplantı Türk dünyasının bugünü ilə yanaşı, gələcəyinin elə fundamental faktorlarını yeni səviyyədə aktuallaşdırdı ki, əminliklə deyə bilərik: türk dövlətləri tarixində yeni dönəmə start verilmişdir.
Bu dönəmin özünəməxsus xarakteri, təşkilatlanma hədəfləri və bütövlükdə qlobal geosiyasətə təsir dərəcəsi vardır. Bu barədə TDT liderləri bəhs edirlər və uyğun təşəbbüslər irəli sürürlər. Onların ümumi çərçivəsini Prezident İlham Əliyevin andiçmə mərasimində konkret ifadə etdiyi bir tezis müəyyən edir. Həmin tezis Azərbaycanın daim TDT-ni gücləndirəcəyi ilə bağlıdır. Burada “Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur” tarixi kəlamı xüsusi yer tutur.
Bizim üçün xüsusi əhəmiyyət daşıyan əsas fakt vurğulanan kontekstdə fundamental tezislərin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevin olmasıdır. Dövlət başçısı Qəbələ Zirvəsindəki nitqində aydın ifadə etmişdir ki, “Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. Bunun əsasında “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz” dayanır ki, “bizi bir ailə kimi birləşdirir”.
Azərbaycan lideri nitqində vurğuladığımız tezis üzərində TDT-nin inkişafı və təhlükəsizliyinin çox müxtəlif aspektlərini ifadə etdi. İlham Əliyevin məntiqindən tam aydın görünürdü ki, bu məqsədlərə çatmaq üçün ciddi, hərtərəfli və əsaslı elmi tədqiqatlara böyük ehtiyac vardır. İlham Əliyevin I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi və Türkiyə Prezidenti R.T.Ərdoğanın ortaq türk əlifbasının tətbiqindən bəhs etməsi konkret məqsədlərdən xəbər verirdi.
Bütün bunların fonunda türk dövlətlərində, xüsusilə Azərbaycanda ortaq əlifba, ortaq dil, elm və təhsilin vəhdətdə inkişafı, türk dövlətləri arasında elmi əlaqələrin yeni keyfiyyət səviyyəsinə qaldırılması kimi məsələlərin aktiv müzakirəsi zərurətdir!
Aydındır ki, TDT-də elmi inkişaf məsələsi nəzəri olaraq şübhə doğurmur. Lakin ona praktiki nail olmağın üsulları da olduqca böyük aktuallıq kəsb etməyə başlayır. Çünki burada elmi kadrlarla yanaşı, terminoloji, metodoloji, elmi fəaliyyətin təşkil edilməsi, optimal qarşılıqlı əməkdaşlıq modellərinin hazırlanması və bütövlükdə Türk dünyası miqyasında elmin idarə edilməsi kimi problemlər gündəmə gəlir.
Təbii ki, vurğuladığımız bir sıra məsələlərin fonunda hər bir türk dövlətində elmi tədqiqatın aparılma metodologiyası, üsulları, yeni biliklərin alınması yolları ilə yanaşı, elmi fəaliyyətin institusional təşkili ciddi aktuallıq kəsb edən faktor olaraq qəbul edilməlidir. Bu kontekstdə AMEA-nın fəaliyyətinin ön sıraya çıxarılması isə tamamilə təbiidir! Fikrimizi arqumentləşdirmək üçün 2022-ci ilin payızından ölkənin baş elmi təşkilatında sistemli həyata keçirilən yeniləşmə kursunun əsas ideya xəttinə nəzər salaq.
2022-ci ildən başlayaraq...
Ölkənin elm və təhsil təşkilatları içərisində ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının yeni rəhbərliyi 2022-ci ilin oktyabr ayından qurumun yeniləşməsinin sistemli kursuna start verdir. Əlbəttə, müstəqil Azərbaycan Respublikasının hər bir dövlət təşkilatı 1993-cü ildən başlayaraq müstəqillik və dövlətçilik üçün canbaşla çalışmışdır.
Bununla yanaşı, Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər diktə edirdi ki, yeni keyfiyyət səviyyəsində dövlətçiliyə, azərbaycançılığa, müstəqilliyə, insan kapitalına, vətəndaş cəmiyyətinin yüksək rifahına və qüdrətli dövlətə nail olmağa hər bir təşkilat xidmət göstərməlidir. Və bu, yalnız iqtidar üçün deyil, bütövlükdə dövlətçilik, cəmiyyət, xalq, hər bir sosial kəsim üçün əhəmiyyətlidir. Çünki yalnız bütün sferalarda yeni tələblərə görə sinxron fəaliyyət davamlı (yəni uzun müddətdə qalıcı) nəticələr əldə etməyə şans yarada bilərdi.
Bu baxımdan 2020-ci ildən sonrakı postmüharibə mərhələsi Vətən üçün kritik zaman oldu. Burada Ulu öndər Heydər Əliyevin daim vurğuladığı tarixi fikri xatırlamaq mütləq gərəkdir. Heydər Əliyev öyrədirdi ki, Azərbaycan xalqı yüksək intellektə sahibdir, onun qədim dövlətçilik tarixi vardır və bu prosesdə Azərbaycan ziyalıları həmişə aparıcı rol oynamışlar! Bu fikirlərin işığında aydın olur ki, reallıqda Vətən müharibəsindən sonra “Vətən uğrunda intellektual savaş”a başlamalı idik! Məncə, AMEA-nın yeniləşməsinin taktikası və strategiyası bu ümumi təməl tezisə əsaslanır. Ona görə də dəqiq elmi kriteriyaları olan yeni fəaliyyət strategiyası hazırlandı və konkret istiqamətlər üzrə sistemli fəaliyyətə start verildi.
Burada bir xüsusiyyəti qeyd etməyə məcburuq. Bir sıra dairələr (hətta ölkədəki elm və təhsil kəsimi sıralarında da vardır) AMEA-nın bu strateji təşəbbüsünü kifayət qədər ciddi qəbul etmək istəmədilər. Hətta ona laqeyd qalanlar da tapıldı. İndi də yeniləşmənin uğurlarından danışmaq istəməyənlər vardır. Bu kimi mövqe ilə mübahisə etmək fikrimiz qətiyyən yoxdur.
Lakin, birincisi, AMEA-nın vurğulanan istiqamətdə kifayət qədər aktivliyi birmənalıdır, ikincisi, kompleks halda reallaşdırdığı proqramlar və struktur islahatları mövcuddur, beynəlxalq elmi strukturlar və qabaqcıl elm adamları ilə əməkdaşlıq yüksəkdir, müxtəlif təhsil ocaqları ilə ortaq layihələri reallıqdır, ayrıca TDT məkanında elmi əlaqələri ciddi stimullaşdıran təşkilatdır. Bütün bu istiqamətlər ciddi surətdə Prezident İlham Əliyevin ölkənin strateji inkişaf kursuna tam uyğun həyata keçirilir.
Bütün bunlar onu təsdiq edir ki, indi nəinki AMEA-nın əldə etdiyi ilkin nəticələri qəbul etmək lazımdır, hətta onlardan baza qənaətlər kimi sonrakı mərhələdə yararlanmağa ehtiyac yaranmışdır. Çünki bu, bütövlükdə həm milli miqyasda, həm də TDT səviyyəsində elmi yaradıcılıqla elmi fəaliyyətin perspektivli sintezini təmin etməyə faydalı olacaqdır. Biz burada “faydalılıqla” “həlledicilik” arasındakı məna fərqlərini aydın görürük.
Deməli, məsələ ümumiyyətlə, Vətənçilik, elmilik, milli inkişaf və ümumtürk tərəqqisi kontekstində bizim üçün aktuallıq kəsb edir. AMEA-dakı yeniləşmə kursuna da məhz bu prizmada baxırıq. Fakt olaraq ölkənin baş elmi təşkilatının yeniləşmə kursunun iki mühüm prioritet istiqamətini vurğulamaq istərdik.
Yeniləşmənin təməli: 2 ümumi istiqamət
Elmi təşkilat bütövlükdə yeniləşmə fəaliyyətini iki vacib, lakin bir-biri ilə sıx əlaqədə olan istiqamət üzərində qurmuşdur.
Birinci istiqamət AMEA rəhbərliyinin Prezident İlham Əliyevin Azərbaycanın strateji inkişaf konsepsiyasına uyğun olaraq təşkilatın yeniləşməsinin ümumi prinsiplərini müəyyən etməsi ilə bağlıdır. Bu elə “ana fəaliyyət yolu”dur ki, AMEA-nın həm fəaliyyət istiqamətini, həm də sərhədlərini müəyyən edir. Bütün hallarda AMEA ölkənin strateji inkişaf konsepsiyasına xidmət etməyi qarşısına əsas məqsəd kimi qoymuşdur.
İkinci istiqamət isə müəyyən edilən yeniləşmə prinsiplərinin praktiki-tətbiqi aspektdə həyata keçirilməsi ilə əlaqəlidir. Burada elmi yaradıcılıqla elmi fəaliyyətin təşkili vəhdət halında alınan nəticələrin praktiki tətbiqi ilə sıx qarşılıqlı münasibətlərdə olmalıdır. Yəni onlar bir-birini insan, cəmiyyət və dövlət naminə tamamlamalı, ziddiyyət təşkil etməməlidirlər.
Bunun fonunda AMEA rəhbərliyi fəaliyyətin 7 prioritet istiqamətini müəyyən etmişdir. Deməli, həmin prioritetlər nəzəri ilə praktiki fəaliyyətin müxtəlif aspektlərinin sintezini özlərində daşıyırlar. Bu baxımdan onun iki istiqamətini vurğulamaq istərdik:
“1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ifadə olunmuş azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ölkə elminin, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nı ölkəmizin əsas Azərbaycanşünaslıq mərkəzinə çevirmək bizim əsas vəzifəmizdir.
2. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Andiçmə mərasimində Türk dünyası ilə əlaqələri ölkəmizin ən mühüm prioritetlərindən biri kimi müəyyən etməsi Akademiyada da türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsini, bu sahədə konkret proqramların hazırlanıb həyata keçirilməsini tələb edir”.
Bu iki tezisin TDT kontekstində təhlili üçün bir sıra konseptual xarakterli məqam üzərində dayanmaq lazım gəlir.
Türk dünyası və elm
“Türk dünyası” dedikdə biz, fəlsəfi anlamda toplum+dövlət vəhdətində türk qövmünə daxil olan xalqların birgə mövcudluq formasını nəzərdə tuturuq. Yəni burada mədəniyyət, dil, din, adət-ənənələr, sosial-psixoloji özəlliklər, mənəvi-əxlaqi dəyərlərlə yanaşı, hər bir türk xalqının müasir dönəmdə malik olduğu dövlət identikliyinin xüsusiyyətləri də nəzərə alınır. Bu anlamda “Türk dünyası” anlayışı konkret məzmun çalarlarına malik olan mürəkkəb strukturlu siyasi, sosial, mədəni, geosiyasi və idarəetmə məkanıdır. Onun coğrafi sərhədləri dünyanın bir çox regionlarını əhatə edir ki, vahid bir ölkə və dövlətin siyasi çoğrafiyası ilə müəyyən oluna bilməz. Həmin anlamda “Türk dünyası” anlayışını elmi tədqiqi davam etməlidir.
Digər tərəfdən, Türk dünyasından danışarkən dövlətçiliyi mütləq nəzərə almaq gərəkdir. Çünki hazırda türk xalqları yalnız cəmiyyət kimi deyil, dövlətə malik toplumlar kimi real zamanda mövcuddurlar.
Burada bir sıra istisnaları kimsə inkar etmir. Yəni türk xalqları arasında öz dövləti olmayanlar az deyillər. Onlar Avrasiya məkanına yayılmışlar. Bir neçəsinin muxtar özünüidarəsi vardır. Lakin tərkiblərində olduqları dövlətlər əsasən güclü və dövlətçilik ənənəsinə sahib olduqlarından burada “muxtar özünüidarə”nin hüquqi məzmunları arasında fərqlər vardır.
Deməli, bu aspektdə məsələnin siyasi, tarixi və müasir hüquqi özəlliklərini araşdırıb, ortaq qənaətlər əldə etmək zəruridir. Bunun əsasında bütöv halda “Türk dünyası” anlayışını ənənəvi romantik və ya sırf mədəni-psixoloji kontekstdən konkret elmi ifadə səviyyəsinə keçirə bilərik. Əminik ki, Türk dünyasının real siyasi, geosiyasi, mədəni və dövləti perspektivi vurğulanan istiqamətlərdə elmi tədqiqatlardan birbaşa asılıdır. Əgər Türk dünyasının hər bir türk dövləti tərəfindən qəbul edilən elmi obrazı olmasa, digər sferalar üzrə davamlı inteqrasiyanın alınması perspektivi minimuma enəcək.
Beləliklə, Türk dünyasının real zamanda indiki vəziyyətində və gələcək transformasiyalarında əsas kompas rolunu elm oynamalıdır. Onu deyək ki, başqa qövmlərin inkişaf etmiş dövlətlərində artıq məhz bu yolu seçmişlər. Lakin türklərin təcrübəsi xeyli fərqli ola bilər. Bu kontekstdə bizim üçün “Türk dünyasının elmi obrazı” müddəasının fəlsəfi izahı əhəmiyyət kəsb edir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru