Ermənistan–Rusiya əlaqələri: qeyri-leqal reallıqda nələr var?
Rusiyanın rəsmi mənbələri bildirirlər ki, 2024-cü ildə ölkənin Ermənistanla ticarət dövriyyəsinin həcmi rekord səviyyəyə – 12 milyard dollara çatıb. 2025-ci ilin göstəricilərində isə yarıbayarı azalma var – 6 milyard dollar. Ermənistan tərəfi də oxşar rəqəmlər açıqlayıb. Ölkənin milli statistika qurumunun məlumatında 2025-ci ilin ilk səkkiz ayı ərzində Rusiya ilə ticarət dövriyyəsinin 4,5 milyard dollar təşkil etdiyi, bunun 2024-cü ilin eyni dövrü ilə müqayisədə 51,3 faiz azalma olduğu bildirilir. Güman edirik, diqqətli oxucularımız rəqəmləri açıqladığımızın fərqinə vardılar.
MDB Dövlət Başçıları Şurasının ötən həftə Düşənbədə keçirilən növbəti sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında maraqlı dialoq olmuşdu. Putin Paşinyandan Ermənistan–Rusiya ticarət dövriyyəsinin həcminin nə qədər olduğunu soruşmuşdu. İkinci rəsmi statistikanı açıqlasa da, Kreml rəhbəri cavabla qane olmamış, rəqəmlərin daha çox olduğunu vurğulamışdı. Özü də əminliklə. Bunun qarşılığında Paşinyanın cavabı bu olmuşdu – “ola bilər”. Putin isə özünəxas əminliklə qeyd edilən sahə ilə bağlı hər şeyin aydın olduğuna dair təəssürat yaratmışdı. Görəsən, onun bu əminliyi nədən qaynaqlanır?
Məsələ ondadır ki, birincisi, Rusiya Ermənistan iqtisadiyyatında həm də xaricdən daxil olan pul köçürmələri üzrə liderdir. Məsələn, Ermənistanda 2024-cü ildə xarici ölkələrdən fiziki şəxslərə köçürmələrin ümumi həcmi 5 milyard 830 milyon dollar olub ki, bunun da 3,82 milyard dolları Rusiyanın payına düşüb. İkinci yerdə 690,6 milyon dollarla ABŞ qərarlaşıb. Əsas məsələ budur ki, Rusiyadan Ermənistana köçürülən pul vəsaitlərinin həcmi ikincinin ümumi daxili məhsulunun 13 faizindən çoxunu təşkil etməkdədir. Amma önəmli məqam heç də bu deyil.
İkincisi, yada salaq ki, ötən ilin sentyabrında Azərbaycanın qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətdən Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına kömək göstərməsinə göz yumulmasını dayandırmağı tələb etmişdilər. QHT-lərimizi ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə ünvanladıqları məktubda bir çox cəhətlərə diqqət yetirmişdilər. Bildirmişdilər ki, 2021-ci ildə Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2 faiz artaraq, 2,6 milyard dollar, 2022-ci ildə 2021-ci illə müqayisədə 93,4 faiz artaraq 5 milyard dollar, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7 faiz artaraq 7,3 milyard dollar səviyyəsinə çatıb. 2024-cü il üzrə isə bu göstərici 16 milyard dollara çatacaq.
Deməli, Ukraynaya qarşı, əslində, dünya ilə müharibə aparan Rusiya üçün müdafiə sənayesinin funksionallığını qoruyub saxlamaq prioriteti var. Ölkəyə ən müasir yarımkeçiricilərin və ikili təyinatlı digər malların ixracına sərt məhdudiyyətlərin tətbiqi bu sənaye üçün ciddi zərbədir. Özünü yarımkeçiricilərə, yüksək texnoloji maşın və mexanizmlərə olan tələbatı ödəməyə kökləmiş Rusiya Ermənistan üzərindən “boz idxal” həyata keçirmişdi. Buna necə nail olmuşdu, məsələyə nəzər salaq və bildirək ki, Ermənistanın Rusiyanın Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqələrə malik “Milandr” şirkəti Ukrayna müharibəsindən iki ay sonra “Milur Electronics LLC” adlı uydurma korporasiya yaratmışdı. Elektronika istehsalçılığı və mikroprosessorlar işləyib hazırlamaq sahəsində ixtisaslaşmış “Milandr” qlobal çip nəhəngi TCMS-ə sifarişləri “Sharp Edge Engineering” adlı saxta Tayvan şirkəti vasitəsilə yerləşdirib. “Milur Electronics LLC” isə bilavasitə həmin çiplərin Rusiyaya çatdırılmasını həyata keçirib. Guya, o vaxt Ermənistan rəhbərliyi bunu bilmirdi? Əlbəttə, bilməməyi mümkünsüzdür. Rəsmi İrəvan duruma göz yumurdu. Nəinki göz yumur, tam əminliklə demək olar ki, prosesi özü koordinasiya edirdi. Çünki fayda qazanırdı.
Daha bir əhımiyyətli detaldan söz açaraq bildirək ki, Rusiya–Ukrayna müharibəsi başlanandan dərhal sonra dünya avtomobil nəhəngləri Rusiya bazarından getdilər. Bilavasitə ABŞ və Avropa İttifaqı 50 min avrodan baha avtomobillərin Rusiyaya satışını yasaqladı. Son 11 ildə yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı üzrə illik ən yüksək göstəricisi 40 milyon dollar olan Ermənistana 2023-cü ilin cəmi 6 ayı ərzində birdən-birə 351 milyon dollar dəyərində analoji məhsul ixrac edildi. Dünyada analoqu olmayan haldır.
* * *
Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti ötən ilin sentyabrında Ermənistanda işgüzar səfərdə olmuşdu. Həmin vaxt Kreml rəsmisi baş nazir Paşinyanla görüşünü şərh edərkən bildirmişdi: “Biz Ermənistan iqtisadiyyatının necə böyüdüyünü və inkişaf etdiyini, Avrasiya İqtisadi İttifaqında ən yaxşı ümumi daxili məhsul göstəriciləri nümayiş etdirdiyini görürük. Hamımız başa düşürük ki, bu cür iqtisadi uğurlar ilk növbədə Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya əlaqələri sayəsində əldə edilir”.
Yeri gəlmişkən, həmin Overçuk Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın qeyd etdiyimiz vaxt İrəvanda keçirilmiş iclasında da yuxarıda açıqladığımız rəqəmləri önə çəkmişdi. O demişdi ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14-16 milyard dollara çata bilər: “2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. 2024-cü ilin ilk altı ayında bu rəqəm artıq 8,4 milyard dolları keçib. Müqayisə üçün qeyd etmək istərdim ki, 2020-ci ildə ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar olub. Yeni rəqəmlər qarşılıqlı ticarətin sürətli artımını göstərir”.
Əlbəttə, son illər Ermənistan–Rusiya ticarət dövriyyəsindəki, ümumən iqtisadi münasibətlərindəki ayrı-ayrı müəmmalı məqamlara dair daha fərqli misallar gətirmək mümkündür. Aydındır ki, birincinin idxal-ixrac əməliyyatları ikinciyə sanksiyalardan yayınmaq imkanı yaradıb. O da məlumdur ki, qeyri-real, şəffaflıqdan uzaq gəlirlər zaman-zaman Ermənistanın silahlanması, bütövlükdə, “erməni kartı”nın aktiv saxlanılması üçün vasitə rolunu oynayıb. Belə bir durum isə Cənubi Qafqazda sülhə və sabitliyə ciddi təhdid yaradıb. Uzun müddət rəsmi İrəvanın Azərbaycanla sülhdən yayınmasında mövcud amil az əhəmiyyətli olmayıb. Əslində, bizim QHT-lərin barəsində söz açdığımız müraciəti bundan qaynaqlanmışdı.
Ancaq indi vəziyyət başqadır. Ermənistan Azərbaycanla sülh yolundadır. O yol ki, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Birgə Bəyannamə ilə özündə Zəngəzur dəhlizinin timsalında “Tramp marşrutu” kimi regional bağlantı layihəsini ehtiva edir. Yeri gəlmişkən, Paşinyan Düşənbədəki sammitdə həmin marşrutdan söz açdı. O marşrutdan ki, Rusiya rəsmiləri ona ölkənin baş nazirinin müavini A.Overçukun təbirincə desək, ehtiyatlı optimizmlə yanaşdıqlarını vurğulayıblar. Bu vurğulanmanın fonunda İrəvana Moskvanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqına üzv olduğu xatırladılıb. Belə bir xatırlatma Rusiya–Ermənistan ticarət dövriyyəsi xüsusunda da edilir. Yəni rəsmi İrəvana ölkənin əsas mənfəətinin Rusiyadan olduğu bildirilir. Əslində, Prezident Putin də Düşənbədə Paşinyana məhz bunu demişdi. Deməli, erməni baş nazirin Kreml rəhbərinə cavabında “ola bilər” yerinə “ola bilməz” şəklində cavab verməsi mümkünsüzdür. Bu yerdə ən maraqlı məqam leqallığından və ya qeyri-leqallığından asılı olmayaraq, Ermənistan–Rusiya ticarət dövriyyəsini əks etdirən rəqəmlərdə azalmanın qeydə alınmasıdır. Yoxsa, Moskva, belə demək mümkünsə, fərasətli ermənilərə daha ehtiyac duymur?
Ə.CAHANGİROĞLU
XQ