Avropada “insan hüquqları” dilemması: ECHR böhranının pərdəarxası

post-img

Qitə öz dəyərlərinin girovuna çevrilib

Avropa bu gün insan hüquqları ilə sərhəd təhlükəsizliyi arasında tarazlığı tapmaq uğrunda çətin mübarizə aparır. İkinci Dünya müharibəsinin yaralarını sarmaq və insan ləyaqətini qorumaq məqsədilə nəzərdə tutulmuş Avropa İnsan Hüquqları Konvensiyası (ECHR) öz yaradıcılarının təsəvvür etmədiyi qədər mürəkkəb reallıqla üz-üzə qalıb. Hətta qitə insan hüquqları ilə dövlət maraqları arasında sıxışıb, desək, yanılmarıq.

Böyük Britaniyanın təşəbbüsü ilə gündəmə gətirilən ECHR-də deportasiya qaydalarının asanlaşdırılması istiqamətində dəyişikliklər ideyası qızğın müzakirələrə səbəb olub. Britaniya hökuməti və onu dəstəkləyən 16 Avropa dövləti konvensiyanın bəzi müddəalarının daha sərt şərh olunmasını, məhkəmələrin deportasiya qərarlarını dayandırmaq imkanlarının məhdudlaşdırılmasını istəyir. Onların fikrincə, mövcud qaydalar dövlətlərin qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə aparmasını mümkünsüz edir. İdeya bir tərəfdən Avropada artan sosial narazılığın təbii nəticəsi kimi görünsə də, digər tərəfdən qitənin humanist kimliyinə yönəlmiş təhlükəli eksperiment kimi qiymətləndirilir. Leyborist partiyasının nazirləri də daxil olmaqla, Britaniya siyasi elitasının böyük hissəsi artıq açıq şəkildə bəyan edir ki, konvensiya öz missiyasını dəyişməlidir. Maraqlıdır, bəs dəyişiklik tələbinin əsas səbəbi nədir? ECHR-in bəzi qərarları, xüsusilə də deportasiyası planlaşdırılan cinayətkarların “ailə hüquqları” bəhanəsi ilə qorunması ictimai rəyə ciddi təsir edib. Bu hadisələrdən ən çox səs-küy doğuranı qanunsuz çətənə istehsalı ilə məşğul olan albaniyalının deportasiyasının dayandırılması idi. Hakimlər bu qərarı onun qızının “kişi rol modelinə ehtiyacı” arqumenti ilə əsaslandırmışdılar. Britaniya mətbuatı bunu “absurd humanizm” adlandırmış və olay ECHR-in nüfuzuna ağır zərbə vurmuşdu.

Bugünlərdə Mühafizəkar partiyanın nümayəndəsi Kemi Badenok da “Britaniya ECHR-dən çıxmalıdır” bəyanatı ilə gündəmə gəlib. O, açıq şəkildə bildirib ki, bu qərar asan qəbul edilməyib, lakin sərhədlərin, veteranların və vətəndaşların təhlükəsizliyi naminə zəruridir. Hökumətin kölgə baş prokuroru baron Vulfsonun hesabatına əsasən, ECHR Britaniyanın miqrasiya və təhlükəsizlik siyasətinə ciddi məhdudiyyətlər qoyur, dövlətin qərarvermə prosesini beynəlxalq hüquqi strukturun diktəsinə tabe etdirir. Bu ritorika təkcə Britaniyada deyil, bütün Avropada yüksələn populizmin yeni təzahürüdür. Nigel Farajın rəhbərlik etdiyi İslahat Partiyası da eyni mövqedən çıxış edərək ECHR-dən və “süni humanizm” adlandırdığı digər beynəlxalq sazişlərdən çıxmağın tərəfdarı olduğunu bildirib. Bəlli olur ki, populist liderlər həmin sazişləri “xalq iradəsini Avropa məhkəmələrinin hökmünə tabe edən” sənədlər kimi təqdim edirlər. Yaxın keçmişə nəzər salsaq, prosesdə 2016-cı ildəki Brexit kampaniyasının ruhunu duymaq mümkündür. Xatırladaq ki, kampaniya Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxışı ilə nəticələnmişdi. Hərəkat həm “Leave” (Çıxmaq), həm də “Remain” (Qalmaq) tərəflərinin fəal təbliğat mübarizəsi ilə yadda qaldı və müasir Avropa siyasi tarixinin ən mühüm dönəmlərindən biri kimi tarixə düşdü. Budəfəki arqumentin təhlükəli tərəfi ondadır ki, insan hüquqları artıq universal dəyərdən daha çox “milli qərar” məsələsi kimi təqdim olunur. Beləliklə, Avropa özünün ən böyük tarixi nailiyyətini, insan ləyaqətinin ümumbəşəri dəyər kimi qəbulunu tədricən siyasi sərhədlərin içərisinə qapatmağa başlayır.

Qitənin digər qanadında, liberal düşərgədə isə fərqli səslər eşidilir. Liberal Demokratların lideri ser Ed Deyvi Böyük Britaniyanın konvensiyadan çıxmasına kəskin etiraz edərək bildirib ki, bu addım Avropanın hüquqi və mənəvi sütunlarını sarsıdacaq. Onun fikrincə, ECHR-dən çıxış mənəvi böhran deməkdir. Avropa Şurasının Baş katibi Alen Berse isə daha praqmatik mövqe tutub. O deyir ki, dünya sürətlə dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq mütləqdir. Bersenin “heç bir tabu yoxdur” fikri isə Avropanın yeni reallığını ifadə etməklə yanaşı, artıq humanizmin belə dəyişən anlayış olduğunu təsdiqləyir. Son illərin təcrübəsi göstərir ki, qeyri-qanuni miqrasiya axınları qarşısında bir çox dövlətlər “sərhədləri qorumaq” adı ilə hüquqi sistemin elastikliyini tələb edir. Deportasiya proseslərinin illərlə uzanması, məhkəmələrin sığınacaq müraciətçilərinə geniş müdafiə imkanı verməsi dövlətlərin inzibati idarəçiliyini çətinləşdirir. Nəticədə, insan hüquqları ilə dövlət idarəçiliyi arasındakı balans pozulur. Bununla belə, Avropada məsələyə münasibət mədəni və ideoloji ölçülərdə bölünür. Bəzi siyasi dairələr ECHR-i “Avropanın vicdanı” adlandırır, digərləri isə onu “Avropanın əl-qolunu bağlayan sistem” kimi görür. Sözügedən ziddiyyətlərin mərkəzində duran əsas fikir ayrılığı isə budur ki, qitə insanı qorumaq üçün öz təhlükəsizliyindən güzəştə getməlidir, yoxsa təhlükəsizliyini qorumaq üçün humanizmdən imtina etməlidir? ECHR ətrafındakı gedən debat, əslində, qitənin mənəvi özünüdərk prosesinin göstəricisidir.

Sonda qeyd edək ki, Avropa bu gün güzgüdə özünü tanımaqda çətinlik çəkir. Bir vaxtlar “insan hüquqlarının müdafiəçisi” kimi dünyaya nümunə göstərilən qitə indi dəyərlərinin sərhədlərini yenidən cızır. Bu kontekstdə, ECHR böhranı bütöv bir mədəniyyətin gələcəyi ilə bağlı sınaq kimi qiymətləndirilir.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri

Avropa İnsan Hüquqları Konvensiyasında yer alan 16-dan çox dövlətin deportasiya qaydalarının dəyişdirilməsini dəstəkləməsi, əslində, miqrasiya proseslərinin yaratdığı narahatlıqla əlaqədardır. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ administrasiyası, o cümlədən vitse-prezident C.D.Vens, digər administrasiya üzvləri, eləcə də dövlət katibi Marko Rubio Avropada ən çox tənqid olunan mövzunun miqrasiya olduğunu vurğulamışdılar. Avropa digər sahələrdə də ciddi şəkildə tənqid edilmişdi. Amma miqrasiya məsələsi bu tənqidlərdə ən önəmli mövzulardan idi. Tənqidçilər qitənin miqrasiya siyasətinin yanlış və təhlükəli olduğunu qeyd edirdilər. Bu baxımdan digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də addımlar atmaq niyyətindədir. Ümumiyyətlə, Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İttifaqının siyasətində insan hüquqları və azadlıqlarının pozulmasına gətirib çıxara biləcək çoxlu meyarlar mövcuddur. Məsələn, Şengen vizasının tətbiqi bu baxımdan ayrı-seçkiliyin göstəricisidir. Əgər dünya bütün bəşər üçün açıq məkandırsa, insanlar istədikləri yerə getməkdə azad olmalıdırlar. Lakin Şengen vizası müxtəlif, bəzən açıqlanmayan meyarlar əsasında verilir. Vizaların verilməsi zamanı məhdudiyyətlərin hansı məqsəd və meyarlarla tətbiq olunduğu suallarına cavab verilmir. Bu, insan hüquqları və demokratiya prinsiplərinə zidd addım hesab olunur. Avropada yüksək həyat səviyyəsi və uzun illər formalaşan siyasət bu məhdudiyyətləri mümkün edib. İnsanlar yüksək həyat şəraiti üçün Avropaya cəlb olunur, lakin onların girişini məhdudlaşdırmaq üçün müəyyən tədbirlər görülür. Miqrasiya siyasətində deportasiya qaydalarının bu şəkildə tənzimlənməsi də eyni məqsədə xidmət edir. Bu, ərəb baharı, Rusiya–Ukrayna müharibəsi və digər regionlarda baş verən münaqişələr səbəbindən Avropaya axın edən insanların qısa müddətdə geri göndərilməsinə gətirib çıxara bilər. Beləliklə, Avropa öz demoqrafik böhranını həll etmək üçün əvvəlcə miqrantlara qapı açır, sonra isə onları regiondan çıxarmaq və ya seçilmiş formada deportasiya etmək siyasətini həyata keçirir.

Nəzrin ELDARQIZI
XQ



Siyasət