Onun adını eşidəndə İkinci Dünya müharibəsinin qəhrəmanı, leytenant rütbəli şahin Hüseynbala Əliyevi xatırladım. Hüseynbala Leninqrad göylərində yaralı halda cövlan edib, düşmənin 2 “Yunkers”ini vuraraq öz təyyarəsini salamat yerə endirib və yalnız bundan sonra ölümə can verib. Haqqında söhbət açmaq istədiyim sərhədçi baş gizir Şahin Hüseynbala oğlu Allahyarov isə İkinci Qarabağ müharibəsində Şuşa yürüşü zamanı mərdlik göstərərək, ruhunu göylərə ərməğan edib.
Əsgərlikdən sonra Sərhəd Qoşunlarının tərkibində müddətdən artıq hərbi xidmət qulluqçuluğuna qəbul edilən Şahin əvvəlcə Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında kəşfiyyatçı kimi Vətənin xidmətində dayanıb. İkinci Qarabağ savaşı başlananda baş gizir olan igid hərbçi işğal altında olan ərazilərin azad edilməsi uğrunda mübarizəyə atılıb. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib.
Şahin Allahyarov döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında xüsusilə fərqlənib. Oktyabr ayının 20-də baş gizir kəşfiyyatçı yoldaşları ilə birlikdə düşmən arxasına sızıb, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin alınmasında, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərib. Noyabrın 1-də şəhidlik məqamına ucalıb və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Son döyüşünə getməzdən əvvəl çəkdirib evə göndərdiyi videokadrlarda dediyi sözlər həm qüssə, həm də qürur doğurur. Şahin həmin videoda deyir ki, 30 ildir gözləyirik. Qələbə mütləq qazanılmalıdır. Mənə nəsə olsa, heç vaxt ağlamayın. Bax, heç bir vaxt! İmkan verin, rahat yatım. Oldumu? Bir də son xahişim: mənə nəsə olsa, oğluma mənim adımı qoyarsınız. Bir də uşaqlara deyərsiz ki, atanız sizi çox istəyirdi. Canından keçəcək qədər çox... İnşallah, bəlkə heç nə olmayacaq, alnıaçıq, üzüağ qayıdacağam. Yox, qayıtmasam, elə uşaqların, gələcək nəsillərin rahat yaşaması naminə getdiyimi bilin. Anam, atam, başınızı dik saxlayın. Hər zaman mənimlə fəxr etmənizi istəmişəm”. – Gərək daşürəkli olasan ki, bu sözləri sakitcə dinləyə biləsən...
Şəhidin anası Nərgiz xanımın dedikləri: “O gecə sonbeşiyim Şahin qırmızı tünd kostyumda yuxuma girmişdi. Tez-tez gah mənə, gah da ayağına baxır, amma nə irəli gəlir, nə də geri gedirdi. Özü də heç nə demirdi. Ayılanda gördüm camaat yığışıb bizim məhəlləyə, qardaşım da gəlib. Soruşdum, nə olub? Dedi, bəs Şahin şəhid olub... Balam demişdi ki, şəhid olacam, sən də fəxr edəcəksən. Arzusuna çatdı Şahinim... Onun 2 balası yadigar qalıb. Şəhadətə qovuşanda qızı Oksana 2 yaşında idi. Oğlunun isə üzünü görməyib, çünki onun ölümündən sonra, dekabrda anadan olub. Özünün son videosunda vəsiyyətinə görə, oğlunun adını Şahin qoymuşuq”.
Onun ailəsinə son müraciəti də, qan rəngli kostyumda anasının yuxusuna girməsi də “əlvida” işarəsi imiş. 28 il namusla, qeyrətlə yaşadığını, ölümdən zərrəcə qorxmadığını deyib sağollaşması da xarakter cizgilərinin ifadəsi idi. Bu, həm də Şahinin güclü idmançı olması ilə izah oluna bilər. Çünki o, İkinci Qarabağ savaşında şəhid olan 55 idmançıdan biridir. “Kyokuşin karate” ilə məşğul olmuşdu. Bu idman növünün adının mənası “mütləq həqiqət”dir, tam təmaslı aqressiv döyüşə əsaslanır. Kyokuşinçilər eyni vaxtda bir neçə rəqibə qarşı durmağı bacaranlardır. Daha güclü, daha inamlı olanlar qalib gəlirlər. Şahin də belələrindən idi. Yarışlarda da dəfələrlə qalib gəlmişdi, müharibədə də bu idman növünü bilməsi ən çətin məqamlarda dadına çatırdı.
Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər İdman–Şahmat Məktəbinə və eyni zamanda küçələrin birinə Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adı verilib. Kəndlərində bulaq-abidə kompleksi tikilib, Şamaxıda yerləşən məktəblərdə adına sinif otaqları var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fərqlənmiş qəhrəman kəşfiyyatçı Şahin Allahyarov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Ə.DOSTƏLİ
XQ