Son dövrlərdə ölkəmizdə moped və motosikletlərlə bağlı yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Bəzi sürücülər yollarda təhlükəsizlik qaydalarına əməl etmədən, təhlükəli manevrlər edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilir ki, cari ilin 9 ayı ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 32 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər həyatını itirmiş, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir. Belə məsuliyyətsiz davranışlar həm də digər hərəkət iştirakçılarında motosiklet və moped sürücüləri haqqında mənfi rəy formalaşdırır.
Məhz bu kontekstdə oktyabrın 14-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında moped və motosiklet sürücülərinin sürücülük vəsiqəsi alması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Komitə üzvləri bu nəqliyyat vasitələrinin son illər ölkədə geniş yayılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması fonunda bu sahədə hüquqi tənzimləməyə ehtiyac olduğunu bildiriblər.
Deputatlar qeyd ediblər ki, bu nəqliyyat vasitələrinin idarə olunması üçün minimum bilik və bacarıqların yoxlanılması vacibdir. Qanunvericiliyə edilə biləcək mümkün dəyişikliklər sayəsində, bu kateqoriyaya aid olan sürücülərin müvafiq imtahanlardan keçməsi və vəsiqə alması tələb oluna bilər.
Hazırda qüvvədə olan qaydalara əsasən, mühərrik həcmi 50 kubsantimetrədək olan mopedi idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Lakin real vəziyyət göstərir ki, bu cür az güclü nəqliyyat vasitələri belə, düzgün idarə olunmadıqda ciddi təhlükələrə səbəb ola bilir. Statistik göstəricilər də sübut edir ki, yol qəzalarının bir hissəsi məhz moped və motosiklet sürücülərinin iştirakı ilə baş verir.
Təklif olunan dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin artırılması, qəza hallarının və ölüm faktlarının azaldılması, eyni zamanda sürücülər arasında məsuliyyət hissinin formalaşdırılmasıdır. Müzakirə zamanı deputatlar bu boşluğun aradan qaldırılması və moped/motosiklet idarə edən şəxslərə minimal bilik və bacarıqlarını yoxlayan sürücülük imtahanlarının tətbiq olunması təklifini dəstəkləyiblər. Qeyd edilib ki, bu təşəbbüs yalnız cərimə və məhdudiyyətlər məqsədi daşımır, məqsəd ilk növbədə vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, bildirilib ki, bu sahədə maarifləndirmə işləri də genişləndirilməli, gənclər arasında yol hərəkəti mədəniyyəti təbliğ olunmalıdır.
Əgər qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər təsdiqlənərsə, gələcəkdə mopedi və ya motosikleti idarə etmək istəyən şəxslər əvvəlcə yol hərəkəti qaydalarını öyrənəcək, nəzəri və praktik imtahanlardan keçərək sürücülük hüququ əldə edəcəklər. Bu isə həm onların, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edəcək.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun da fikirlərini öyrəndik. Ekspert layihə ilə tanış olmadığı üçün o barədə nəsə söyləməyə çətinlik çəkdiyini bildirdi: Yollarımızda bununla bağlı problemlər var. Moped idarə edən bəzi şəxslərin yol hərəkəti qaydalarına biganə yanaşdığının, öz həyat və sağlamlığını təhlükə altına ataraq real qəza şəraiti yaratdıqlarının çox vaxt şahidi oluruq. Bu istiqamətdə işlər görülməlidir və onlara hansısa bir üsulla daha səmərəli nəzarət olmalıdır. Qeyd edim ki, dünyada belə oxşar təcrübələr var. Misal üçün bəzi ölkələrdə velosiped sürücülərinə də nəzarət edirlər. Onları çox sadələşdirilmiş qaydada sorğu-sual edirlər, yol hərəkəti qaydaları ilə bağlı biliklərini lazımi səviyyədə saydıqdan sonra yollara buraxırlar.
Qeyd etdiyiniz məsələ isə çox incə bir məsələdir. Maraqlı olan odur ki, nəzarət səmərəli olmalıdır. Amma mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi vermək düzgün olmaz. Çünki başqa bir prosedur olsa, daha yaxşı olar. Bunların avtomobil kimi qeydiyyata alınması da mümkün deyil. Çünki onların VİN kodu olmur. Onlar bəzən soyuducu, ütü kimi texnikalar sayılır və eyniləşmə nömrəsi də olmur. Hər halda yeniliklərin nədən ibarət olacağını gözləmək lazımdır. Düşünürəm ki, o yeniliklərdə nəzərdə tutulanlar sadə olmalı və heç bir əlavə problem yaratmamalıdır. Amma səmərəli və işin ümumi faydasına istiqamətlənmiş olmalıdır.
Bəli, cəmiyyətin təhlükəsizlik çağırışlarına cavab olaraq moped və motosikletlərdən istifadə edən şəxslərin həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atmaması üçün bu sahədə ciddi və sistemli yanaşma zəruridir. Əgər bu dəyişikliklər qanuniləşdirilərsə, moped və motosiklet idarə edən hər bir şəxs sürücülük vəsiqəsi almalı olacaq. Bu isə ölkədə yol hərəkəti təhlükəsizliyinin artırılmasına, qəza və ölüm hallarının azalmasına real töhfə verə bilər.
Nurəngiz ADİLQIZI
XQ